Müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafı

Müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafı
  06 Mart 2014    Oxunub:5886
...Günlərin birində tənəffüs vaxtı müəlliməmin müəllimlər otağında yemək yediyini gördüm. Bundan bir neçə gün sonra özümə gələ bilmədim. Dəqiq xatırlamasam da, bu olay 2 ya da 3-cü sinifdə oxuyarkən baş vermişdi.

Bu vaxta qədər həmişə müəllimlərin yemək yediyini, xəstələndiyini və ya buna bənzər digər oxşar hallar yaşamadıqlarını düşünürdüm. Onlar bütün peşələrdən daha yüksək idi. Fövqəlinsan idilər. Hətta bir dəfə ibtidai sinif müəllimən Məhluqə xanımın məktəbdən evə qayıdarkən ayağı sınmışdı. Bunu ilk dəfə eşidəndə çox təəcübləndim: müəllimin də ayağı sınar?

Müəllimliyin necə böyük, şərəfli və nüfuzlu peşə olduğu dinimizdə də əksini tapır. Peyğəmbərə aid olunan kəlamlardan birində deyilir: “Elmi beşikdən məzara qədər öyrənin”.

“Hər kim mənə bir hərf öyrətsə, ona qul olaram”. Bu sözlər də Hz.Əliyə məxsusdur.

Lakin, son dönəmlər məktəblərdə yaşanan bəzi neqativ hallar, müəllimlərin əmək haqqının aşağı olması və s. digər səbəblərdən onların nüfuzu aşağı düşüb.

Təhsilin İnkişafı Üzrə Dövlət Strategiyası

Ancaq prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin oktyabrın 24-də "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq edilib. Bu sənədin qəbul edilməsi ilə artıq ictimaiyyətdə belə bir fikir formalaşıb ki, bununla təhsilimizin səviyyəsi daha yüksələcək, sənəddə göstərilənlər həyata keçirildikcə həm məktəb-valideyn, həm də şagird-müəllim, tələbə-müəllim, eləcə də təhsillə bağlı bütün sahələr inkişaf edəcək.

Strategiyada göstərilir ki, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac var. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir.

Daha sonra strategiyada bildirilir ki, müəllim amili təhsilalanın inkişafında həlledici rol oynayır. Bilik və bacarıqlarını davamlı artıran müəllimlər təhsilalanların nailiyyətlərinə əlavə töhfə verirlər.

Peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim amilinə təsir edən amillər sırasındadır. Bu baxımdan təhsil islahatı uğurla aparılan ölkələrdə müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılmasına və müəllim hazırlığının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.

Eyni zamanda, təhsil strategiyada göstərilir ki, səriştəyə əsaslanmayan, əmək bazarında yetərincə rəqabətli olmayan əməkhaqqı sistemi və maddi stimullaşdırma mexanizmlərinin adekvat olmaması təhsildə müəllim amilinin inkişafına mənfi təsir göstərib. Təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblərə uyğun yüksəldilməlidir. Müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyəti artırılmalıdır.

Təhsil naziri deyir ki...

Təhsil naziri Mikayıl Cabbarov dəfələrlə müəllimlərin nüfuzunun yenidən geri qaytarılması ilə bağlı danışıb. Nazir deyib ki, Azərbaycan cəmiyyətində həmişə müəllim nüfuzu yüksək olub və müəllimlərin hüquqlarının qorunmasına da xüsusi diqqət yetiriləcək: “Onlara hörmətli yanaşma təmin ediləcək. Müəllimlərin maddi təminatı, iş şəraitləri diqqət mərkəzində saxlanacaq. Bizim vəzifəmiz müəllim peşəsinin əvvəlki nüfuzunu bərpa etməkdir”.

Amma nazir onu da deyib ki, təhsildə olan qüsurların əsas səbəblərindən biri pedaqoji heyətin xeyli hissəsinin hələ də kifayət qədər ixtisaslı olmamasından irəli gəlir: “Son 20 ildə məktəblərə coxlu sayda yeni, təcrubəsiz və bəzi hallarda kifayət qədər pedaqoji təhsili olmayan təhsilverənlər gəlib. Hətta onların arasında saxta diplomlarla işləyənlərə də rast gəlinir.Bir tərəfdən bunun kökü müəllim peşəsinin çətin və ağır olması ilə yanaşı az maaşlı olduğundan, cəmiyyətdə öz cəlbediciliyinin itirməsi və nəticədə savadlı gənclərin özləri üçün daha perspektivli olan başqa peşələrinin seçilməsi olubsa, digər tərəfdən ali təhsil müəssisələrinə mövcud qəbul qaydaları müəllim peşəsi üçün ən aşağı bal ilə qəbul olunmaq imkanı yaratdığından, çox aşağı bilik səviyyəli insanların bu ixtisasa axınına yol açıb”.

“Müəllimlərə dövlət qulluqçusuna bərabər status verilməlidir”

Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Bəxtiyar Əliyev qeyd edib ki, müəllimlərin nüfuzunu artırmaq üçün onlara dövlət qulluqçusuna bərabər status verilməlidir. Deputat hesab edir ki, ölkədə müəllim kadrların hazırlanması ən ağrılı məsələdir: “Azərbaycanda müəllim hazırlığı ilə bağlı hazır model yoxdur. Biz bu işi köklü şəkildə yenidən qurmalıyıq. Bu gün orta məktəb şagirdləri repetitorlarla hazırlaşırlar, ali məktəbi bitirən məzunlar şirkətlərə işə qəbul üçün hazırlıq kurslarına gedirlər. Cəmiyyət buna normal yanaşsa da, bu, normal hal deyil. İrəliləyişə nail olmaq istəyiriksə, müəllimin nüfuzunun geri qaytarılmasına nail olmalıyıq".

Təhsil hər bir millətin gələcəyidir

Eyni zamanda Elm və təhsil komitəsinin digər üzvü, millət vəkili Musa Qasımlı son dönəmlərdə müəllimlərin nüfuzunun aşağı düşməsinin bir sıra obyektiv və subyektiv səbəblərinin olduğunu bildirib. Onun sözlərinə görə, SSRİ dağıldıqdan sonra yeni təhsil sisteminə keçid dövründə ali məktəblərə kobud desək, təhsildən xəbəri olmayan və az olan şəxslər gəlib doluşublar: “Dərslərin keyfiyyətinin aşağı düşməsi ilə müəllim nüfuzu da aşağı düşdü. Bəziləri təhsilə gəlir mənbəyi kimi baxmağa başladılar. Sosial məsələlərin həll olunmaması və ya aşağı səviyyədə olması də bu prosesləri təsir etdi”.

Deputatın sözlərinə görə, artıq həmin dövrlər geridə qalıb: “Vəziyyətin aradan qaldırılması üçün bir sıra addımların atılmasında fayda görürəm. Hər şeydən əvvəl, ali təhsil sistemimizə sağlam rəqabət gəlməlidir. Əməyin qiymətləndirilməsində sosializm qalığı olan bərabərliyə son qoyulmalıdır. Professor, dosent, baş müəllim, müəllim, hər biri öz dərəcəsinə və stajına uyğun olaraq startda bərabər ola bilərlər, finalda, yekunda isə yox. Buna görə də müxtəlif elmi adı və vəzifəsi olanlar üçün əmək haqqının aşağı və yuxarı həddi müəyyənləşdirilə bilər. Bununla aşağı həddə olan əmək haqqı dövlət tərəfindən hamıya verilir, yuxarı həddi isə şəxslər özləri qazanırlar. Elmə və təhsilə sağlam rəqabət gəlir. Azərbaycanda və xarici ölkələrdə nəşr olunan monoqrafiyalarına, elmi məqalələrinə, konfrans, simpozium və seminarlarda etdiyi məruzələrə görə müəllim, alim həm maaşın yuxarı həddini qazanır, həm də elmimiz beynəlxalq aləmə çıxır. Auditoriyalarda dərs verən müəllimlər haqqında tələbələr arasında anonim sorğu keçirilə bilər”.

Musa Qasımlı indiyədək təhsil sistemimizdə mövcud olan müəllimin tələbənin biliyini qiymətləndirməsini birtərəfli hesab etdiyini qeyd edib: “Bilik alan bilik verəni, hətta davranışına qədər qiymətləndirərsə, faydalı olar. Doğrudur, bunları birdən-birə tətbiq etmək çətin olsa da, mümkündür. Bu meyarlar təhsil sisteminə tətbiq edildikdə müəllimlər arasında təbii sağlamlaşma və təmizləmə gedəcək.”-deyə, deputat qeyd edib.
Milli Məclisin üzvü prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəllimlərin nüfuzunun artması məsələsinə də münasibət bildirib: “ Təhsil strategiyasında nəzərdə tutulanların reallaşdırılması təhsil sistemimizdə olan çatışmazlıqları aradan qaldırmağa kömək edəcək. Lakin bu iş sistemli və ürəklə aparılmalıdır. Çünki təhsil hər bir millətin gələcəyidir.”-deyə, deputat əlavə edib.

“Müəllimlər sovet təhsilindən qalma vərdişlərdən qurtulmalıdır”

Təhsil üzrə ekspert, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü müəllimlərin nüfuzunun necə artırıla biləcəyindən danışıb. O, bildirib ki, Təhsil Nazirliyi artıq müxtəlif proqramlar həyata keçirir və artıq təhsilin inkişaf strategiyası var. Ekspertin sözlərinə görə, bu sənədlər müəllimlərin nüfuzunün artırılmasına əsas verir:

“Ancaq bu inzibati qaydalarla artan bir məsələ deyil. Birincisi, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, əmək haqqı onların zəhmətlərinin səviyyəsində olmalıdır.

İkincisi, uyğun pedaqoji mühit, məktəblərdə müasir düşüncəyə malik idarəçilər olmalıdır. Yəni işini bilən, valideyn-məktəb arasındakı əlaqəni möhkəmlətmək istiqamətində işləyən idarəçilər olmalıdır.

Üçüncü isə, müəllimlərimiz öz üzərlərində çalışmalıdır. Çünki müəllimlərimiz bəzən şagirdlərdən geri qalırlar. 21-ci əsr informasiya, kommunikasiya texnologiyaları əsridir. Bu gün köhnə vərdişlə, formayla sinifə daxil olmaq, valideyn və şagirdlə işləmək qeyri-mümkündür. Bu müəlimin nüfuzuna zərər gətirir. Müəllim hər bir dərsi rəngarəng etməyə çalışmalıdır, sovet dövründən qalma təhsil formasından uşaqlaşmalıdır”.

Təhsil strategiyası ilə bağlı öz fikirlərini bölüşən Məlahət Mürşidlü bildirib ki, Dövlət Strategiyasında adambaşına düşən şagirdlərin maliyyələşməsi məsələsinin olduğu göstərilir. Bu müəllimlərin əmək haqqının artması ilə bağlıdır. Məktəblərin maddi-texniki təminatının möhkəmlənməsi, müəllimlər üçün təlimlərin keçirilməsi və s. məsələlər strategiyada nəzərdə tutulub”.

Bütün nailiyyətlərin əsasında müəllimin zəhməti durur

Təhsilimizə, müəllimlərimizdə ən yüksək qiyməti də prezident İlham Əliyevin Azərbaycan müəllimlərinin XIV qurultayında iştirakçılara göndərdiyi məktubdan da görə bilərik.

Prezidentin müəllimlərə olan diqqəti, hər il müəllimlərin əmək haqqının artırılması bunun bariz sübutudur.

İlham Əliyevin qurultay iştirakçılarına göndərdiyi məktubda deyilir: “Dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın kökündə dayanan müəllim daim cəmiyyətimizdə hörmət və ehtiramla əhatə olunub. Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur”.

Prezidentin bu sözləri bir daha ölkəmizdə müəllimlərin nüfuzunun necə yüksək olduğunu göstərir.

Sevinc İltifatqızı

"Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi iləbirgəkeçirilən müsabiqəyə təqdim etmək üçün”




Teqlər:





Xəbər lenti