Hadrut aydınlığa çıxdı - REPORTAJ (FOTOLAR)

Hadrut aydınlığa çıxdı -  REPORTAJ (FOTOLAR)
  08 May 2021    Oxunub:20185
Bu gün "Azərsu" ASC-nin təşkilatçılığı ilə bir qrup media nümayəndəsinin Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri təşkil olunub.
Azvision.az-ın məlumatına görə, səfərin məqsədi qəsəbədə su təsərrüfatı sahəsində görülən işlərlə tanış olmaqdır.

Jurnalistlərə məlumat verilib ki, keçən il düşmən tapdağından azad edilən Hadrut qəsəbəsində qalan hərbçilərimizin su təchizatında yaranan problemləri qısa zamanda aradan qaldırmaq üçün "Azərsu” ASC-nin mütəxəssisləri əraziyə ezam olunublar. Onlar vəziyyəti qiymətləndirib, lazımı tədbirlər görüblər.



Hadruta səfər zamanı ilk olaraq su paylayıcı şəbəkə xətlərindən birində baş verən qəzanın aradan qaldırılması media nümayəndələrinə əyani göstərilib. Vətən müharibəsində ermənilərin atdığı mərminin yararsız hala saldığı su xətti yenidən bərpa edilib.

Aydınlığa çıxan Hadrut

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, ötən dövr ərzində Hadrutda su xətlərində 30-dan artıq qəza aradan qaldırılıb.

"Qəsəbənin suyu əsasən bulaqlar vasitəsilə təmin edilir. Müharibədən sonra qəzalar səbəbindən bulaqlardan su gəlmirdi. Hadrutda olan şəxsi heyətin təhcizatı üçün ilkin mərhələdə generatorlar vasitəsilə artezian quyuları işə salınıb. Daha sonra Müdafiə Nazirliyinin xüsusi nümayəndələri ilə birlikdə mənbəyə baxış keçirilib və orada təmizləmə işləri aparılıb. Anbarlar əlaqələndirilib, su nümunələri götürülərək yoxlanılıb. Bundan sonra Hadrut qəsəbəsinin fasiləsiz su təhcizatı təmin edilib. Hazırda qəsəbədə hərbi hospital və mülki binalar "Azərsu" ASC tərəfindən 24 saat fasiləsiz su ilə təmin olunur".

Jurnalistlər görülən işlərlə tanış oldular



Daha sonra media nümayəndələri Hadrut qəsəbəsini içməli su ilə təmin edən əsas anbara və anbarlara suyun ötürüldüyü subartezian quyularına baxış keçiriblər. Jurnalistlərə anbardan su nümunəsinin götürülməsi və laboratoriyada analiz edilməsi barədə məlumat verilib.



"Azərsu" ASC-nin işğaldan azad olunmuş ərazilərdəki işçi qrupunun rəhbəri Müşviq Adıgözəlov bildirib ki, Hadrut qəsəbəsində 5 su anbarı mövcuddur: "Əsas su anbarından digər 4 anbara su nəql olunur. Qəsəbə işğaldan azad edildikdən sonra təftiş olunub və mövcud su təchizatı sistemi tam istismar edilir".

Su təminatında problem yoxdur



M.Adıgözəlovun sözlərinə görə, suyun keyfiyyətinin yoxlanılması ilə əlaqədar "Azərsu" ASC-nin laboratoriyası mütəmadi olaraq analizlər aparır:

"Suyun keyfiyyəti nəzarətdə saxlanılır və analizlərin nəticələrinə əsasən su içməyə tam yararlıdır. Hadrut qəsəbəsində əsas anbara iki mənbədən su daxil olur. Bunlardan biri dağda bulaqlardan formalaşmış çay vasitəsilə sugötürücü qurğuda 5,5 kilometr uzunluğunda, 219 millimetr polad magistral kəmərlə suyu nəql edən mənbədir. Digəri isə iki subartezian quyusudur. Bu quyular Hadrut qəsəbəsi daxilindədir. Bunlardan əsas anbarlara su nəql edilir. Anbarlar qəsəbəni tam şəkildə su ilə təmin edir. Su təminatı ilə bağlı hansısa çətinlik yoxdur", - deyə işçi qrupunun rəhbəri vurğulayıb.

Şuşaya yeni magistral su kəməri çəkilir



Bundan əlavə, jurnalistlərə bildirilib ki, hazırda Hadrut qəsəbəsində 2000-dən çox obyektin şəbəkədən su ilə təminatı mümkündür.

Xatırladaq ki, Hadrut qəsəbəsi ilə yanaşı Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıda da su probleminin aradan qaldırılması istiqamətində işlər aparılır. Eyni zamanda, "Azərsu" ASC tərəfindən Şuşa şəhərinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı təsdiqlənən Tədbirlər Planına uyğun olaraq ərazidə ilkin mərhələdə magistral su kəmərinin bir hissəsinin tikintisinə başlanılıb.



"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, "Zəfər yolu"nun keçdiyi ərazilər və Şuşa şəhərinin girişində elektrik yarımstansiyasının tikintisi ilə əlaqədar işlərin yubanmaması üçün həmin yerdə təxirəsalınmaz tədbirlər görülür.

"Tədbirlər Planına Şuşanı su ilə təmin edən Kiçik Kirs və Zarıslı mənbələrində yenidənqurma işlərinin aparılması, Şuşa şəhərini qidalandıran, işğaldan əvvəl tikilmiş 10 kilometrlik Kiçik Kirs-Şuşa su xəttinin tamamilə yenidən çəkilməsi, suqəbuledici kameranın, Şuşa şəhərində 6 kilometrlik paylayıcı şəbəkənin yenidən qurulması və həcmi 500 kubmetr olan 3 su anbarının tikintisi daxildir. Növbəti mərhələdə Şuşa şəhərinin təsdiqlənəcək Baş Planına uyğun olaraq işlər görüləcək. Bunlara şəhərin digər ərazilərini əhatə edəcək paylayıcı şəbəkələrin yenidən qurulması, Şuşa şəhərində həm içməli, həm də tullantı su təmizləyici qurğuların tikintisi daxildir. Hazırda Şuşa ərazisinə Kiçik Kirs və Zarıslıdan ayrı-ayrılıqda su xətləri daxil olur. Yeni layihədə isə su qəbuledici kameralar yenidən qurulacaq, bu mənbələr əlaqələndirəcək. Beləliklə hər iki kəmərdən su həmin kameraya qəbul ediləcək, buradan isə bir kəmərlə Şuşa şəhərinə veriləcək”, - deyə A.Cəbrayıllı qeyd edib.



Hadruta səfərimiz zamanı şahid olduq ki, işğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində çox böyük işlər görülüb. Hazırda Hadrutla yanaşı digər şəhər və rayonlarda da su problemi həll olunur, kommunal xəttlər yenilənir, bərpa və yenidənqurma işləri aparılır.









Aytən Zəhra
Foto: Anar Bayramlı



Teqlər: Hadrtur   Azərsu  





Xəbər lenti