Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilib

  08 May 2021    Oxunub :1651
   Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilib
Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə prokurorluğun xəzinə hesabına köçürüləcək vəsaitlər artırılıb.
Azvision.az xəbər verir ki, bu barədə “Prokurorluq haqqında” qanuna dəyişiklikdə qeyd olunub.

Dəyişikliyə əsasən, aşağıdakı vəsaitlər Prokurorluğun xəzinə hesabına köçürüləcək:

- Prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5%-i;

- prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5%-i;

- İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23%-i.

Eyni zamanda fərmana əsasən, Nazirlər Kabinetinə prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasının layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Qeyd edək ki, bundan əvvəl prokurorluqda istinad olunan cinayət işləri üzrə ibtidai istintaq zamanı dövlətə vurulmuş ziyanın ödətdirilməsi təmin olunduqda məhkəmənin hökmündən sonra ödənilən məbləğin qanunvericiliklə müəyyən edilmiş miqdarı prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsinə və işçilərin maddi həvəsləndirilməsinə yönəldilirdi.

Azvision.az

Teqlər: Prokurorluq