Azərbaycan veteranlarından tələb: Njdenin abidələri sokülməlidir!

  06 May 2021    Oxunub :4851
 Azərbaycan veteranlarından tələb:  Njdenin abidələri sokülməlidir!
Dolqoprudnensk (Moskva vilayəti) Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranlarının ictimai təşkilatı nasist Qaregin Njdenin abidəsinin sökülməsini tələb edib. Moskva veteranlarını təmsil edən təşkilat bununla bağlı müraciət hazırlayıb.
Rusiya rəhbərliyinə ünvanlanan müraciətdə nasist Njdenin Qarabağdakı (Xocavənd-red) abidəsinin götürülməsi ilə bağlı tələblər yer alıb.

"İkinci Dünya müharibəsi dövründə Njde qızıl ordu sıralarından əsir düşmüş erməni əsgərlərindən ibarət “Erməni legionu” formalaşdırıb. Vermaxt sıralarında döyüşməyə başlayan bu legion Polşa və Ukraynada minlərlə dinc sakinə qarşı cinayətlər törədib, Qərbi Krımda iyirmi mindən çox dinc sakini qətlə yetirib",-deyə müraciətdə qeyd olunub.

Faşizmin qəhrəmanlaşdırılmasının yolverilməz olduğu xatırlanan sənəd Rusiya Xarici İşlər və Müdafiə Nazirliklərinə də göndərilib. Bundan əlavə, keçmiş SSRİ-nin bütün xalqlarını birləşdirən bir hadisə kimi faşizm üzərində qələbənin vacibliyini vurğulayan təşkilat, Rusiyanın sülhməramlı kontingentinin 9 May Qələbə gününü qeyd edəcəyi ərazidə belə bir abidənin olmasını Avrasiyada birləşdirici dəyərləri sarsıtdacağını diqqətə çatdırıb.

Respublika Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azvision.az -a açıqlamasında deyib ki, rusiyalı veteranların faşist Njdenin abidəsinin sökülməsi ilə bağlı müraiəti təqdirəlayiqdir.



“Respublika Veteranlar Təşkilatı bu məsələ ilə bağlı Rusiyadan tutmuş, dünya veteranlarına qədər hər yerə müraciətlər ünvanlayıb. Təşkilatımızın sədri Fatma Səttarova Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. Biz bu məsələyə qəti etirazımızı bildirmişik. Njde müharibə zamanı yüzlərlə, hətta minlərlə Sovet əsgərinin qətlində rol oynayıb. Bu adam Hitlerin köməkçilərindən olub. Zamanında Zəngəzurda azərbaycanlıların öldürülməsində böyük rol oynayan cani sonradan Hitler faşizminin təsiri altına düşərək xeyli sayda müttəfiq ölkələrin zabit və əsgərlərinin həyatına son qoyub. Sonda ona vətən xaini kimi 25 illik iş kəsilib. Njde Vladimir türməsində xain, satqın, faşist kimi rəzil formada ölsə də, ermənilər bu gün Njdeni dünyaya, postsovet ölkələrinə qəhrəman kimi sıramaq istəyirlər”.

Ermənilərin bəzi yerlərdə Njdenin adını əbədiləşdirərək abidələr qoymasına etiraz edən Cəlil Xəlilov zamanında Rusiyada da erməni nasist liderin təbliğatının qarşısının alınmasını xatırladıb:

“Azərbaycan Respublikası Veteranlar Təşkilatının müraciəti ilə Rusiyada bu istiqamətdə gedən anormal təbliğatı dayandırdıq. Bu ölkədə tarixi faktlara bir daha nəzər salaraq anladılar ki, əslində təbliğatı aparılan şəxs qatı faşistlərdən biri olub. Amma buna baxmayaraq, ermənilər Armavirdə, İrəvanda, hətta Azərbaycan torpağı olan Xocavənddə abidə ucaltmağa nail olmuşdular.

Xatırlayırsınızsa, Azərbaycan Prezidenti məsələyə sərt şəkildə münasibətini açıqlamışdı. Onun etirazından sonra Rusiyanın aidiyyəti qurumları Armavirdəki abidəni ərazidən götürdülər. Rusiyalı veteranların atdığı addım, ölkə rəhbərliyinə etdikləri indiki müraciəti çox doğru, alqışlanacaq bir davranışdır”.

Cəlil Xəlilov hesab edir ki, Azərbaycan faşizm üzərində qələbəyə böyük hörmətlə yanaşır. Çünki Böyük Vətən Müharibəsində əldə edilmiş qələbənin qazanılmasında 700 min azərbaycanlı iştirak edib ki, onların da yarısı döyüşlərdən geri qayıtmayıb:

“Əgər bu qədər insanı qətlə yetirən bir ideologiyaya, faşistlərə abidə qoyulursa, bu, bəşəriyyət üçün böyük hadisə olan qələbəni əldə etmiş insanlara təhqirdir. Ona görə də, Rusiyadakı veteranlar təşkilatının hazırkı müraciəti dəstəklənməlidir. Veteranların ölkə rəhbərliyinə ünvanladığı çağırışı dəstəkləyirik və erməni tərəfi də bundan ciddi nəticə çıxarmalıdır. Artıq dövr, zaman dəyişib, xalq ayağa qalxıb faşist birinin-Njdenin abidəsini nəinki Qarabağdakı torpaqlardan, İrəvandan da götürməlidirlər. Bu gün söhbət yalnız Xocavənddəki abidədən getməməlidir. Oxşar abidə Ermənistanın paytaxtında da qoyulub. Düşünürəm ki, İrəvandakı abidənin ləğvi gündəmə gəlməlidir. Rusiya veteranları bu gün Njde ilə bağlı məsələ qaldırırlarsa, bu ölkənin dövlət orqanları da məsələyə qarışmalı, ciddi tədbirlər görməlidirlər. Ermənistana təzyiqlər artmalıdır. İrəvana siyasi, hətta iqtisadi təzyiqlər də olmalıdır ki, ermənilər bu cür abidə və heykəlləri saxlamaqla faşizmə haqq qazandırmasınlar. Onlar bu gün də Azərbaycana qarşı faşist ideologiyasından əl çəkmədiklərini sübut etdilər. Qonşu ölkənin torpaqlarını uzun müddət işğalda saxlayan, soyqımı törədərək dinc sakinləri qətlə yetirməkdə davam edən bir ölkənin davranışları faşist ideologiyası ilə uyğunluq təşkil edir. Ona görə də biz Rusiya veteranlarının qaldırdığı məsləni dəstəkləyir və təqdir edirik”.

Tural Tağıyev
Azvision.az

Teqlər: QareginNijde