Gürcüstanın qardaşlıq arzusu

  06 May 2021    Oxunub :11709
 Gürcüstanın qardaşlıq arzusu
Şəlalə Göytürk

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə əlaqələrimizin əhəmiyyətindən, tarixi qonşuluq münasibətlərimizdən, qarşılıqlı əməkdaşlıq və birgə energetika layihələrinin işlənməsindən, Azərbaycanla iqtisadi əməkdaşlığın öz ölkəsi üçün önəmindən söz açdı.
Gürcüstan liderinin səfərini üç istiqamət üzrə mənalandırmaq olar:
1. Regionda Azərbaycanın nüfuzunun artması və Gürcüstanın bu nüfuzla hesablaşmağın vacibliyini hiss etməsi;
2. Zəngəzur dəhlizinin açılacağı təqdirdə bölgədə geosiyasi vəziyyətin dəyişməsi, bu dəyişikliyin Gürcüstana bilavasitə təsiri;
3. Gürcüstan prezidenti Salome Zurabişvilinin məsuliyyətsiz “Ağrı dağı” səhvinin ardından Rusiyadan Ermənistana göndərilən silah-sursatın Gürcüstan ərazisindən geri qaytarılması və ümumən bu yöndəki müzakirələr.

Bütün bu görüşlərdə, müzakirələrdə nəzərə çarpan əsas detal Azərbaycanın Avrasiya regionunda hərbi-siyasi qüvvəyə çevrilməsi və Azərbaycan Prezidenti İlham Əliyevin böyük siyasi təcrübəyə malik güclü lider kimi qəbul olunması gerçəyidir. Bunu bir çox xarici dövlət rəsmilərinin, diplomatların münasibətindən, son olaraq, Qaribaşvilinin çıxışından aydın sezmək mümkündür.

Gürcüstanın baş naziri dünənki görüş zamanı milli lider Heydər Əliyevdən sitat gətirməklə, ölkəsinin Azərbaycanla tarixi bağlarının olduğunu, bu bağların onlar üçün təkcə siyasi deyil, eyni zamanda mədəni və mənəvi anlam daşıdığını xüsusi vurğuladı.
“Mən Sizin atanızın vaxtilə Tbilisidə dediyi sözləri təkrar etmək istəyirəm – tale belə müəyyənləşdirib və bəxtimiz gətirib ki, biz qonşuyuq, gürcü və Azərbaycan xalqları qonşudurlar. Bu, bizim taleyimizdir. Biz bir-birimizə çox bağlıyıq və qarşılıqlı əlaqədəyik. Qeyd etdiyiniz kimi, biz birlikdə bəzi ən mühüm əhəmiyyət kəsb edən tarixi layihələri icra etmişik. Ona görə də, biz münasibətlərimizi və qardaşlığımızı gücləndirəcək daha çox layihələrin birgə icrasını davam etdirməkdə tamamilə qətiyyətli və həvəsliyik”,- deyə Qaribaşvili fikirlərini hətta rəsmi intonasiyadan bir qədər kənara çıxan isti notlarla ifadə edib.

Bu çıxışda diqqətimi daha çox “qardaşlığımızı gücləndirmək” ifadəsi çəkdi. Fikrimcə, bu “qardaşlıq” mesajı əslində, ölkəsini Qafqazın lider dövləti ilə yaxınlaşdırmaqla, beynəlxalq aləmdə arxa-dayaq qazanmaq, dövlət təhlükəsizliyini yüksək səviyyədə qorumağın və gənc olmasına rəğmən güclü iqtisadiyyat yaratma nümunəsini ortaya qoymuş bir dövlətlə inkişaf etdirmək potensialını nəzərdə tutur. Bu da başadüşüləndir. Çünki dövlətlərarası əməkdaşlıq platformalarında ilk növbədə mərkəzi planda hər bir ölkənin milli marağı dayanır.

Amma siyasətdə yazılmamış qanunlar da var. Əməkdaşlığın hər iki tərəfə səmərəli nəticələr verməsi üçün münasibətlərdə səmimiyyət və dürüstlük kimi mənəvi prinsiplər də gözlənilməlidir. Prezident İlham Əliyev bu məqamı diplomatik dildə - Azərbaycanın Gürcüstanda ən böyük investorlardan biri olduğunu xatırlatmaqla ifadə etdi: “Mən indicə bəzi məlumatlara baxdım və gördüm ki, Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir. Bu da, həmçinin çox müsbət və əlverişli investisiya mühitinin yaradılmasında sizin hökumətinizin həyata keçirdiyi islahatların yaxşı göstəricisidir. Bilirəm ki, daha da çox Azərbaycan şirkəti sizin ölkənizdə çalışmaq istəyir və əminəm ki, bu, baş verəcək. Bu gün biz əlbəttə ki, nail olduqlarımızı nəzərdən keçirəcəyik və gələcək addımlarımızı planlaşdıracağıq”.

Yəqin ki, Gürcüstan hökuməti artıq kimin yanında olmalı olduğunu dərk edir. Azərbaycan diplomatiyası isə tarixən məkrsiz olduğuna görə, haqlı olaraq, qarşı tərəfdən də anoloji münasibət gözləyir.

Teqlər: Gürcüstan   Qaribaşvili