Tofiq Abbasov: “Rusiya bizə düşmən kimi baxmır”

  Tofiq Abbasov:  “Rusiya bizə düşmən kimi baxmır”
  20 Aprel 2021    Oxunub:2601
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlıları 1941-1945-ci il Böyük Vətən müharibəsində Qələbəyə həsr olunan təntənəli keçid üçün məşqlərə başlayıb.

Bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilib. Bildirilib ki, Xocalı hava limanında baş tutan məşqlərə təxminən 400-ə yaxın hərbçi cəlb olunub.
Rus hərbçilərinin Xankəndində hərbi tədbirlərə hazırlaşması birmənalı qarşılanmır. Siyasi ekspertlər inidiki həssas məqamda Qarabağ ərazisində hansısa hərbi tədbirlərin keçirilməsini məqsədəuyğun hesab etmirlər.

Məsələni Azvision.az –a şərh edən politoloq Tofiq Abbasov deyib ki, əslində hərbi bayram xarakteri daşıyan bu cür tədbirlərin keçirilməsi Moskva ilə Bakı arasında soyuqluq yaratmır. Onsuz da Azərbaycan 9 mayı sülhməramlı kontingentin qeyd edəcəyini əvvəlcədən bilirdi. Çünki Rusiya dünyanın müxtəlif bölgələrindəki hərbi birləşmələrində belə tədbirlərə hazırlaşır:

“Faktiki olaraq Rusiya rəsmiləri, Kremldə oturanlar üçün rus xalqının vətənpərvərlik ruhunu qüvvədə saxlamaq, qidalandırmaq çox önəmlidir. Bu mənada onlar üçün ciddi əhəmiyyət kəsb edən iki-üç bayram var ki, bunlardan biri də 9 may sayılır. Son illərdə görmüşük ki, şimal qonşumuz Qərb dünyası ilə dəfələrlə bu zəmində siyasi cəhətdən əlbəyaxa döyüşə çıxıb. ABŞ və Britaniyanın bütün siyasi institutları əslində İkinci Dünya Müharibəsinin qaliblərinin onların sayıldığını təbliğ edirlər. Həmçinin də təbliğ edilir ki, SSRİ artıq çöküb, belə bir dövlət yoxdur. Yalnız onun varisi olan Rusiya qalıb”.

Politoloq xatırlatma edib ki, bu gün rusların paradına hazırlaşdığı tarixi qələbədə bizim də payımız var. Azərbaycanın 600 minə yaxın övladının bu dəhşətli müharibədə iştirak etdiyini deyən Tofiq Abbasov döyüşlərə qatılanların yarısının həlak olduğunu diqqətə çatdırıb:

“Tarixi qələbədə bizim də az payımız olmayıb.Bu mənada hazırda məlum qələbə tarixi ilə bağlı müəyyən qarışıq vəziyyət yaranıb. Əslində niyə rusların bu bayramı belə geniş şəkildə qeyd etmələrini anlayıram. Mayın 9-da Suriyada və rusların hərbi kontingentləri olan digər ərazilərdə hərbçilərin xüsusi marşa çıxacaqlarını müşahidə edəcəyik. Bu cür bayram tədbirləri ruslar üçün ona görə vacib sayılır ki, Rusiya bütün dünyaya öz xüsusi mesajını verir.

Qısası bəyan edirlər ki, harada olmağımızdan asılı olmayaraq ordumuz 9 mayda qalib sayılır, bu mənim müqəddəs bayramımdır. Ona görə də rusların özlərinə bayram keçirmələrini bu konteksdən anlayıram. Paradın bizə heç bir təhlükəsini görmürəm. Rusiya hərbi kontingenti bizim beynəlxalq qanunlarla tanınan torpaqlara Azərbaycan dövlətinin icazəsi ilə gəlib və ortada tarixi sənəd var. Bu missiyanın həyata keçirilməsinə icazəmiz olmasaydı, yəqin ki, rus hərbi kontingenti bu gün Xankəndində dayanmazdı. Çünki biz bilirdik ki, onların missiyası humanitar fəaliyyətlə məhdudlaşacaq.

Düzdür, bəzi hallarda fəaliyyətlərdə həddi aşma kimi arzuolunmaz məqamlar da olur, sülhməramlılar anlaşılmaz hərəkətlərə yol verirlər. Amma konkret olaraq bu gün rusların hərbi bayramlarının qeyd edilməsinə gəldikdə, belə bir məsələni şişirtməyin tərəfdarı deyiləm. Demək olmaz ki, bu düzgün seçilmiş bir qərar idi, parad keçirməyə bilərdilər. Amma onu da birmənalı olaraq söyləmək olmaz ki, rusların burada bayramlarını qeyd etmələri doğru deyil. Sadəcə olaraq, biz məsələyə səbrli yanaşmalı, anlaşıqlı davranmalıyıq və araşdırmalıyıq ki, Rusiyaya bu bayramı belə geniş şəkildə, marşlarla qeyd etmək nəyə görə lazımdır. Qeyd etdiyim kimi, hərbi tarixlərinə ehtiramlarını bildirirlər ki, bu da yalnız məlum bayramda parad keçirilməklə məhdudlaşırsa, onların davranışı müəyyən mənada anlaşılandır. Zənnimcə, bu məsələyə rəsmi qaydada reaksiyamız olmamalıdır. Əminəm ki, parad bizim ciddi şəkildə diqqətlə izləyəcəyimiz proses olacaq. Amma indiki həssas dönəmdə sülhməramlıların parada hazırlaşmasına və ya keçirməsinə qıcıqla yanaşmaq düzgün deyil”.

Politoloqun sözlərinə görə, Azərbaycan paradın keçirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırılıb:

“Biz bilirik ki, onlar nə vaxt və nəyə görə hansı böyük tədbiri keçirəcəklər. Hazırda fövqəldövlətlər arasında çox böyük rəqabət gedir və Rusiya üçün də qələbə günü prinsipial əhəmiyyətə malikdir. Rusiya Prezidenti Vladimir Putinlə müdafiə naziri Sergey Şoyqunun qərarı və tapşırığıdır ki, bütün hərbi kontingentlər bayramı qeyd etməli, kiçik də olsa parad keçirməlidirlər. Yəqin ki, biz də bu məsələyə bir qədər dözümlü yanaşacağıq. Biz Rusiya ilə düşmən deyilik və ola da bilmərik. Elə Rusiya da bizə düşmən kimi baxmır. Müharibə zamanı Moskva İrəvanla mütəffiq olsa da, bir qədər sağlam mövqe tutdu. Kreml bizə əməliyyatlarda maneçilik törətmədi ki, özümüz problemin öhdəsindən gələrək işğala son qoyaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Sülhməramlı   Qarabağ   Rusiya   Qələbə   Parad  





Xəbər lenti