“AŞPA Ermənistanı mina xəritəsini verməyə məcbur edə bilmədi” - Kamal Cəfərov

“AŞPA Ermənistanı mina xəritəsini verməyə məcbur edə bilmədi” -    Kamal Cəfərov
  20 Aprel 2021    Oxunub:3665
Bu hesabatın başlığı yanvar ayından irəliləyiş olduğunu göstərir. Amma əmin deyiləm ki, bu irəliləyiş gördüyümüz işlərdədir, yoxsa görmədiyimiz işlərdə. Miqrasiya Komitəsinin sədri Pyer Alən Fridez Qarabağda Ermənistan tərəfindən yerləşdirilən minalara görə insan ölümləri sayının artmasından dərin narahatlığını bildirdi. Üçtərəfli bəyanatın imzalanmasından sonra azad edilmiş ərazilərdə erməni minaları 20 azərbaycanlı mülki şəxsin ölümünə səbəb olub. Bu, hərbi cinayətdir. Parlament Assambleyası Ermənistanı mina xəritələrini verməyə məcbur edə bilmədi.
Azvision.az xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro və Daimi Komitəsinin İnkişaf Hesabatına dair müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini Kamal Cəfərov söyləyib.

O deyib: “Erməni deputatların lüzumsuz çıxışını dinlədikdən sonra görürəm ki, onlar Azərbaycan Prezidenti İlham Əliyevin yaratdığı yeni reallıq şərtlərini qəbul etməkdə çətinlik çəkirlər. Onlar sanki beyin yuyulmasına məruz qalıblar, yeni reallıqlara psixoloji cəhətdən hazır deyillər. Xəyal etdikləri tarixə inanırlar. Odur ki, bu travmaya görə elə özləri məsuliyyət daşıyırlar. Marukyanın nifrət dolu nitqini eşitdikdən sonra çoxlarınız sülhün qeyri-real olduğunu düşünə bilərsiniz. Ancaq bu, Ermənistan hökumətinin göstərdiyi təhlükəli, məğlubiyyət reaksiyasıdır”.

Erməni deputatların fikirlərinin qəbul olunmazlığını bildirən Kamal Cəfərov vurğulayıb ki, Azərbaycan ona qarşı edilən cinayətləri heç vaxt unutmayacaq, lakin bununla belə, gələcəyə də baxmalıyıq. “Sülhün əldə olunacağına inanırıq. Mütləq, əbədi sülh konsepsiyasından bəhs etmirik, daha praktik və əldə edilə bilən sülhdən danışırıq. Əlbəttə, ailələrdə və qonşularda olduğu kimi, qarşıdurmalar və ya mübahisələr olacaq. Qonşunu sevmək lazım deyil, ancaq yalnız qarşılıqlı tolerantlıq mühitində birlikdə yaşamaq mümkündür”, - deyə K.Cəfərov qeyd edib.

Azərbaycanlı deputat AŞPA tribunasından Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Xankəndi, Ağdərə və Xocalıda yaşayan erməni mənşəli sakinlərə müraciətlə deyib: “Sizi öz vətəndaşlarımız hesab edirik. Reinteqrasiya zaman məsələsidir və qaçılmazdır. Buna nail olunacaq. Əminəm ki, qonşuları ilə yaxşı münasibət qurmağın bəhrəsini görəcəklər”.

K.Cəfərov bildirib ki, hazırda Qarabağda böyük yenidənqurma işlərinin birinci mərhələsi başlayıb. Gələcək üçün böyük potensial var. Riskləri minimuma endirmək, bölgədə maksimum sabitliyə nail olmaq üçün yeni əməkdaşlıq formatları yaradılır. Hazırda xarici müəssisələr azad edilmiş ərazilərdə fəaliyyət göstərməyə başlayıblar.

Azvision.az


Teqlər: AŞPA   Azərbaycan  





Xəbər lenti