Ağdamlı ailənin faciəsi: “İki oğlum minaya düşüb öldü, digəri ayağını itirdi” - FOTO

  Ağdamlı ailənin faciəsi:  “İki oğlum minaya düşüb öldü, digəri ayağını itirdi” -  FOTO
  20 Aprel 2021    Oxunub:9743
“Hadisə yerinə çatanda hər iki oğlum qan içində idi. Onları xilas etmək üçün yaxınlaşan kimi daha bir mina partladı”.
Bu barədə Azvision.az -a Ağdam rayonunun Əfətli kənd sakini Akif Hüseynov ailə üzvlərinin azad olunmuş ərazilərdə minaya düşməsindən danışarkən deyib.

Bu ilin mart ayında Ağdamda baş vermiş mina partlaması nəticəsində onun iki oğul övladı dünyasını dəyişib. Əslən Ağdamın Yusifcanlı kəndindən olan A.Hüseynov 1994-cü ildə erməni işğalı zamanı ailəsi ilə birgə Əfətli kəndinə köçüb və burada təsərrüfatla məşğul olub. Hadisənin baş verdiyi gün - 2021-ci ilin martın 16-da Akif Hüseynov övladları Razi və Bayramın minalı ərazilərə getməsindən xəbərsiz olub.

“Hacıməmmədli kəndində soğan və taxıl sahələrimiz var. Hər iki oğlum taxıl sahələrinə nəzarət etmək məqsədilə ora gedəcəkdilər. Həmin yerlə işğaldan azad olunan kəndimiz Yusifcanlı arasında çox böyük məsafə yoxdur. Uşaqlar düşünüb ki, bayramdır, gedək illər sonra kəndimizdə ocaq qalayaq. Bu məqsədlə heç kimə xəbər etmədən qadağan olunmuş əraziyə giriblər. Yanlarında birinci sinif şağirdi olan nəvəm Hüseyn də olub. Onlar özləri də bilmədən minalı sahəyə daxil olublar. Qəfildən minalar partlamağa başlayıb, hər iki oğlum çox ağır yaralanıb, ayaqları parçalanıb. Uşağa isə heç nə olmayıb. Hadisə saat 17:00 radələrində baş verib.


(Minaya düşən Bayram Hüseynov)

Oğlanlarımın yaralanması barədə xəbər çatanda işin nə yerdə olduğunu anladım və yolun ortasında başıma-gözümə döydüm ki, uşaqlarım minaya düşdü. Kəndçilərimizlə birgə maşına oturub, hadisə yerinə getdik. Nəvəmi çətinliklə də olsa minalı ərazidən çıxardıq. Uşaq qorxudan ağlayırdı. Oğlanlarım qan içində idilər.

Mən atayam, onları elə görüb dözə bilmədim, səngərin üstündən adlayıb uşaqlarıma tərəf hərəkət etdim. Qışqırdım ki, siz bura niyə gəlmisiniz? Bura minalı ərazidir, sizə kim icazə verib. Dedilər, ata, bizi həkimə çatdır. Anar adlı digər oğlumu köməyə çağırdım. Başqa bir kənd sakini də yanımıza gəldi. Yaralanan oğlumu yerdən qaldıranda növbəti mina partladı. Hamımız torpağa batdıq. Hər iki oğlum dünyasını dəyişdi, mənim ayaqlarım zədələndi, oğlum Anar ayağının birini itirdi, yanımızdakı kənd sakini gözündən xəsarət aldı. Qışqırdılar ki, tərpənməyin ANAMA əməkdaşları gəlir. Onlar bizə yaxınlaşanda gördülər ki, hər yer minadır. Dedilər, bura minalı ərazidir, girmək çətindir. Özlərinə məxsus avadanlıqla ayağının birini itirən oğlumu və məni ərazidən çıxara bildilər. Bizi xəstəxanaya apardılar. Ardınca dünyasını dəyişən iki oğlumu da oradan çıxardılar”.


(Minaya düşən Ağdam sakini Razi Hüseynov)

A.Hüseynov oğlanlarının ailələrinin başsız qaldığını və maddi vəziyyətlərinin yaxşı olmadığını dilə gətirib:

“Hər iki oğlumun ailəsi başsız qalıb. Heç yerdən gəlirləri yoxdur. Nəvələrimi necə böyüdəcəyimi bilmirəm. Mənim 65 yaşım var, xəstəxanada yatıram, ayaqlarım işləmir. Maddi durumumuz pisdir. Ailəmizin iki övladı öldü, bir oğlumun ayağı amputasiya olundu, mən isə yeriyə bilmirəm.

Mən vətəndaşlarımıza səslənirəm. Övladlarımın yol verdiyi səhvi təkrarlamasınlar. Qadağan olunmuş ərazilərə keçməyin. Bizim ailə bunu canı ilə ödədi. Mənə təsir edən odur ki, uşaqlarım ərazilərin minalı olduğunu bildikləri halda ora gediblər. Başımıza belə bir faciə gəldi”.



Qeyd edək ki, rəsmi məlumata əsasən, martın 16-da 6 mülki şəxs Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində minaya düşüb. Hadisə zamanı Hüseynov Akif Muxtar oğlu, Hüseynov Anar Akif oğlu və Abdulov Bəhruz Nadir oğlu ağır xəsarətlər alıb, Hüseynov Razi Akif oğlu və Hüseynov Bayram Akif oğlu isə həyatını itirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ağdam   Mina  





Xəbər lenti