Erməni döyüşçülər Xocalı qatilinin verdiyi medallardan imtina etdilər

 Erməni döyüşçülər Xocalı qatilinin verdiyi medallardan imtina etdilər
  20 Aprel 2021    Oxunub:1854
Xocalı qatillərindən olan keçmiş erməni komandir Sasun Mikaelyan Ermənistanın Sünik bölgəsinə səfəri zamanı xoşagəlməz olayla üzləşib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yerli sakinlər Mikaelyana qarşı hörmətsizlik göstəriblər.

"O, bəzi Sünik sakinlərinə İkinci Qarabağ müharibəsində iştirak etdikləri üçün medallar təqdim etmək istəyib. Sünik valisi Melikset Poqosyan da ordenlə təltif olunub. Amma onun 44 günlük müharibədə iştirakına dair şübhələr var. Bizə daxil olan məlumata görə, döyüşlərə qatılmış, mükafata layiq görülən bəzi müharibə iştirakçısı Sasun Mikaelyanın əlindən medal almaqdan imtina edib. Onlar belə jestləri ilə “Artsax"ı (Qarabağ -red.) Azərbaycana verən səlahiyyətlilərə münasibətlərini bildiriblər. Bu məlumatı "Hraparak" nəşrinə danışan yerli sakinlərdən biri də təsdiqləyib. O, Sasunla görüşə gəlməyərək medallardan imtina edən bir neçə keçmiş döyüşçünün olduğunu söyləyib", - məlumatda qeyd olunub.

Xatırladaq ki, Sasun Mikaelyan 1992-ci ildə Xocalıda dinc azərbaycanlılara qarşı vəhşiliklər törədən keçmiş döyüşçülərdən biridir. 1958-ci ildə anadan olan Mikaelyan birinci Qarabağ müharibəsində "Sasun” adlı terrorçu qruplaşma yaradaraq Azərbaycana qarşı vuruşub. O, həmçinin Ermənistanda bələdiyyə sədri və deputat seçilib. 2008-ci ildə Koçaryan hakimiyyətinə qarşı çıxdığı üçün həbs olunub. Sonuncu dəfə 2018-ci ildə Nikol Paşinyanın partiyasından deputat seçilib. Hazırda Ermənistan parlamentinin üzvüdür.

Mikaelyan ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı ağır yaralanmışdı.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Xocalı-qatili   Orden  





Xəbər lenti