Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti toplandı

  18 Aprel 2021    Oxunub : 2011
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti toplandı
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin XIX toplantısı keçirilib.
Mərkəzdən Azvision.az -a bildirilib ki, qurumun həmsədrləri xanım Vaira Vike-Freiberga və İsmail Serageldinin rəhbərliyi ilə onlayn formatda keçirilən toplantıda Xorvatiyanın sabiq Prezidenti İvo Josipovic, Bolqarıstanın sabiq prezidentləri Rosen Plevneliyev və Petar Stoyanov, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç, Belçikanın sabiq Baş naziri İv Löterm, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Lagumdzija, Ərəb Liqasının sabiq rəhbəri Amre Moussa, Gürcüstanın sabiq Baş nazirinin müavini xanım Eka Tkeşelaşvili, Robert F.Kennedi İnsan Hüquqları təşkilatının prezidenti xanım Kerri Kennedi, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko, UNESCO-nun xoşməramlı səfiri xanım Marianna V.Vardinoyannis, BMT Baş katibinin sabiq müavini xanım Noeleen Heyzer, “Exxon Mobile” şirkətinin sabiq vitse-prezidenti xanım Jan Baderşneyder, Çinin Tsinxua Universiteti Şvarzman kollecinin baş dekanı David Pan iştirak ediblər.

Həmsədrlər Vaira Vike-Freiberga və İsmail Seragəldin Azərbaycan Prezidentinin Mərkəzin işinə diqqət və dəstəyini, qurumun fəaliyyətinin daim inkişaf etməsini yüksək qiymətləndiriblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov və Baş katibin müavini İlahə İbrahimli tərəfindən COVID-19, Davamlı İnkişaf Proqramı, Qarabağ müharibəsindən sonrakı inkişaf mərhələsi, qadın hüquqları, Balkan ölkələrinin Avropaya inteqrasiyası, Əfqanıstanda sülh prosesi və onun regiona təsiri, Şanxay Əməkdaşlıq Təşkilatı, Avroatlantika münasibətləri, “PeoplesVaccine” Alyansı müzakirə edilib.

Həmsədrlər 2021-ci ilin Azərbaycan Prezidenti tərəfindən “Nizami Gəncəvi İli” elan olunduğunu və bu sahədə Mərkəzin aparıcı rol oynadığını, dünyanın nüfuzlu təşkilatları, o cümlədən Dünya Elmlər və Mədəniyyət Akademiyası, Metropolitan Muzeyi ilə əməkdaşlığın qurulduğunu, Beynəlxalq Türk Akademiyası ilə Nizami Gəncəviyə həsr olunmuş elmi konfransın keçirildiyini vurğulayıblar.

İdarə Heyətinin üzvləri, eyni zamanda, 2021-ci ildə keçirilməsi nəzərdə tutulan Qlobal Bakı Forumuna hazırlığa dair müzakirələr aparıblar.

Azvision.az

Teqlər: NizamiGəncəviBeynəlxalqMərkəzi