Ermənistanda oğlunu itirən əsgər anasından etiraz

  17 Aprel 2021    Oxunub : 2290
Ermənistanda oğlunu itirən əsgər anasından etiraz
İkinci Qarabağ müharibəsi zamanı məhv edilmiş erməni hərbçilərin yaxınları süründürməçiliklə üzləşirlər.
Azvision.az xəbər verir ki, erməni KİV-ləri hökumətin yarıtmaz fəaliyyətindən şikayət edən daha bir əsgər anasını üzə çıxarıb. Məlum olub ki, müharibədən 5 ay keçməsinə baxmayaraq, valideynlər ölən əsgərin döş nişanını və sənədlərini ala bilmirlər.

"Müharibədə ölən Muş Akobyanın anası Paytsar Akobyan bizimlə əlaqə saxlayaraq süründürməçilikdən əziyyət çəkdiyini söylədi. O deyir ki, hətta oğluna aid sənədləri götürmək üçün Muşun xidmət etdiyi hərbi hissədən olan bir hərbçi ilə əlaqə qurub. Paytsar bildirib ki, onları yalnız uşaqlarının hərbi sənədinin harada olması və müharibədən əvvəl oğlunun əlində olmuş döş nişanı maraqlandırır. Əsgər anasının sözlərinə görə, alaydan sənədləri götürmüş hərbçi ilə danışıblar və o, Muşdan qalan əşyaların hamısını Qarabağdakı "təhlükəsizlik xidməti"nə təhvil verdiyini deyib. "Niyə hələ də bizə hərbi bilet və uşağımızın döş nişanları verilmir?" sualına cavab axtaran əsgər anası aidiyyəti qurumların yarıtmaz fəaliyyətindən gileylənib. Muş Akobyan sentyabrın 30-də öldürülüb", - deyə erməni KİV-ləri yazıb.

Xatırladaq ki, bu, Ermənistanda müharibə sonrası hərbçilərin sənədləri ilə bağlı yaranmış ilk problem deyil. Bundan öncə yüzlərlə könüllünün hərbi biletinə qəsdən sürücü yazılmışdı ki, bu da narazılıq doğurur.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ermənistan   Əsgər