“Fransa Azərbaycanla əlaqələrin dərinləşməsində maraqlıdır” - Səfir

“Fransa Azərbaycanla əlaqələrin dərinləşməsində maraqlıdır” -    Səfir
  16 Aprel 2021    Oxunub:3276
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova aprelin 16-da Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, komitə sədri ölkəmizin Fransa ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. Hələ 1918-ci ildə Azərbaycanın Şərqdə qadınlara seçki hüququ verən ilk ölkələr sırasında olduğunu qeyd edən Hicran Hüseynova bu gün ölkədə qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı mövcud olan təkmil qanunvericilik bazasından söhbət açıb. Qadın hüquqlarının, qadın iştirakçılığının dövlət siyasətinin prioritet istiqamətləri olduğunu deyən komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə xüsusi diqqət yetirdiklərini vurğulayıb.

Hicran Hüseynova Azərbaycanın Ermənistanın işğalına məruz qalan torpaqlarını 44 günlük Vətən müharibəsində qazandığı Zəfər nəticəsində azad edərək ərazi bütövlüyünü bərpa etməsindən söhbət açıb. Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrinin aradan qaldırılması, xüsusən də qadın və uşaqların reabilitasiyası istiqamətində görülən işlər barədə danışan komitə sədri beynəlxalq təşkilatların və dünya dövlətlərinin əksəriyyətinin bütün bunların fonunda işğalçı Ermənistanı qınamamasının anlaşılmaz olduğunu deyib.

Görüşə görə minnətdarlığını bildirən Fransanın ölkəmizdəki səfiri Zakari Qros ölkəsinin Azərbaycanla əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu deyib. O, Fransanın ölkəmizin ərazi bütövlüyünü həmişə tanıdığını, müharibənin başa çatmasından, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmaq imkanı qazanmasından məmnunluğunu ifadə edib. Fransa-Azərbaycan əlaqələrində müsbət ənənələrin olduğunu vurğulayan diplomat ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə inamını bildirib.

Görüşdə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması, məişət zorakılığı ilə mübarizə, qadınların səhiyyədə iştirakı kimi istiqamətlərdə birgə əməkdaşlıq platformaları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Fransa   Səfir  





Xəbər lenti