“Həmsədrlərin son bəyanatı təxribatdır” - Politoloq

 “Həmsədrlərin son bəyanatı təxribatdır” -  Politoloq
  16 Aprel 2021    Oxunub:4242
30 il ərzində heç bir iş görməyən ATƏT-in Minsk Qrupu həmsədrlərinin növbəti bəyanatı bir sıra məqamlardan xəbər verir. İndiyədək yalnız turistik səfərlərlə məşğul olan həmsədrlər Azərbaycanın Qarabağ problemini həll etməsinə baxmayaraq, öz amplualarında qalırlar.
Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, həmsədrlərin bəyanatının əksər hissəsi yeni post-münaqişə dövrü üçün ən mühüm məsələlərə deyil, daha çox bir sıra digər fikir və elementlərə həsr olunub.

Maraqlıdır ki, bəyanatda həmsədrlər bölgəyə yenidən səfər etməyə hazır olduqlarını ifadə ediblər.

Başa çatmış münaqişə ilə bağlı Minsk Qrupunun bəyanatlar yayması diqqət çəkir. Siyasi ekspertlər həmsədrlərin aktivləşməsini təsadüfi hal saymırlar. Təmas xətti məsələsinin yenidən səsləndirilməsi isə bir sıra suallar doğurur.

Məsələni Azvision.az –a şərh edən politoloq Qabil Hüseynli deyib ki, Minsk Qrupunun bundan sonra Qarabağ məsələsi adıyla yayacağı bəyanatların əksəriyyəti təxribat xarakterli olacaq:

“Əslində son bəyanatın özü də müəyyən mənada təxribat idi. Minsk Qrupu guya bundan sonra sülhyaratma prosesində iştirak etmək üçün fikirlər irəli sürür. Ağızlarını açan kimi Dağlıq Qarabağın statusu, yaxud da təmas xətti məsələlərini ortaya atırlar. Bütün bunlar həmsədrlərin siyasi naşılığından xəbər verir. Onlar həm də problemə beynəlxalq hüququn tələbləri nöqteyi-nəzərindən yox, sadəcə olaraq öz ölkələrinin yanaşmalarından baxırlar. Bu torpaqlar tarixi və hüquqi baxımdan mübahisəli sayılmır. Azərbaycanın ərazi bütövlüyünü bütün dünya qəbul edir. Təmas xəttini Azərbaycan ordusu çoxdan dağıdaraq yox edib. Tez-tez status məsələsini də gündəmə gətirirlər. Hansı gələcək statusdan danışırlar? Uzun illərdir haqqında danışdığınız anormal status təklifləri Azərbaycan Prezidentinin dediyi kimi cəhənəmmə gedib. Onların yenidən regiona aktiv səfərləri lazım da deyil. Bundan sonra Azərbaycanla Ermənistan arasında yalnız sülh sazişinin imzalanması haqqında söhbət gedə bilər”.

Politoloq deyir ki, Dağlıq Qarabağın hansısa formada status alması, Azərbaycan daxilində yeni bir quruluş formasında davam etməsi mümkün deyil. Onun sözlərinə görə, status məsələsi süni formada ortaya atılmış təxribat idi.

“Qarabağa dair idarəçilik formaları ideyası ermənilərin işğaldan sonra yaratdığı süni məsələdir. Düşünməyin ki, həmsədrlərin, yaxud da onların təmsil etdikləri ölkələrin Ermənistanın hansı torpaqlarda yaradılmasından xəbərləri yoxdur. Ermənilərə bir dəfə Qərbi Azərbaycan ərazisində- tarixi torpaqlarımızda öz müqəddaratlarını təyin edib dövlət yaratmaq şansı vermişdilər. Bu da təəssüf ki, keçmişdə reallaşdı. İndi əlli min nəfər erməni üçün Azərbaycanın daxilində yeni statusdan söhbət gedə bilməz. Beynəlxalq hüquq bir millətin iki dəfə öz müqəddaratını təyin etməsini qəti surətdə qadağan edir. İkinci bir tərəfdən, dünyada öz müqəddaratını təyin etmək istəyən xeyli sayda xalqları qoyub niyə bu məsələdən yapışmısınız? Sayı 15 milyondan çox olan xalqların, böyük dövlətlərin ərazisində muxtar qurumdan da aşağı səviyyəli statusda yaşamasından danışın.
Ümumiyyətlə, bu xalqların məqsədli şəkildə assimiliyasiyaya uğradılmasından söz açılmır. Götürək elə həmsədrlərdən biri olan Rusiyanı. İlk mərkəzləşdirilmiş rus dövlətini yaradan tatarlar olublar. Bu gün də rus xalqının damarlarında axan qanın 60 faizindən çoxu tatar qanı sayılır. İndi Rusiya ərazisinə səpələniblər. Sual yaranır, 50 minə yüksək statuslar istəyənlər niyə bu xalqa müstəqillik vermirlər? Yaxud da müstəqilliyə yaxın status təklif etmirlər. İlk dövrlərdə onlar müəyyən iqtisadi müstəqilliyə yaxın üstünlük əldə etmişdilər ki, onu da sonradan əllərindən aldılar. Ortada Fransa nümunəsi var. Korsika adasının fransız xalqı ilə nə əlaqəsi var? Dilləri başqa, əraziləri isə sizin torpaqlarla ümumi deyil. Böyük də xalq sayılırlar. Nə üçün onların öz müqəddaratının təyin etməsinə etiraz edib başlarından vurursunuz? Bunu İspaniya, ABŞ və digər böyük dövlətlər haqqında da demək olar. Amma mövzu Azərbaycana gələndə ciddi-ciddi bəyanatlar verirlər”.

Qabil Hüseynli Dağlıq Qarabağa daxil olan ərazilərin kiçik torpaq olmasına, burada barmaqla sayılacaq qədər erməninin yaşamasına rəğmən Azərbaycanın daxilində yeni statuslu bir quruluşun yaradılması ideyalarının anormal olduğunu vurğulayıb:

“Bu cür absurd ideyalar, yanaşmalar heç yerdə görülməyib. Status yalnız və yalnız siyasi oyunların alətidir. Kimsə istəmirsə, buyursun, qapımız açıqdır, gedib başqa ölkədə yaşaya bilər. Qısası nə bəyanat vermək lazımdır, nə də gələcək status məsələsinin qurdalanmasına hesablanmış aktiv səfərləri bərpa etmək. Ümumiyytələt bu qrupun özünü ləğv etmək lazımdır. Düşünürəm ki, Minsk Qupu bundan sonra da inad göstərməkdə davam edəcək, zaman-zaman arzuolunmaz bəyanatların da şahidi ola bilərik. Çünki bu işləri körükləyən maraqlı qüvvələr var. Regionda sönmüş közü üfüləyib alovlandıran elə xristian dövlətləridir. Xristian maraqlarını əsas tutan müəyyən qüvvələrdən biri də ciddi beynəlxalq təşkilat saydığımız BMT-dir. Bu qüvvələr uzun illər problemə çevrilmiş keçmiş münaqişənin həllini axtarmırdılar. Onlar bu işin daha da mürəkkəbləşməsini istəyirdilər. Ona görə də həmsədrlərin yenidən aktivlik göstərməyə çalışması sadaladığım məqsədlərə xidmət edir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Təxribat   Politoloq  





Xəbər lenti