Şəhidin tabutundakı bayraq 2 yaşlı oğluna verildi - FOTOLAR

   Şəhidin tabutundakı bayraq 2 yaşlı oğluna verildi -    FOTOLAR
  16 Aprel 2021    Oxunub:5367
Vətən müharibəsində yararlanaraq, 6 ay komada qalan 23 yaşlı Səbuhi Hüseynli şəhidlik zirvəsinə ucalıb.
Azvision.az xəbər verir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Səbuhi Babək oğlu Hüseynli bu gün doğulduğu Xaçmaz rayonunun Maqsudkənd qəbristanlığında dəfn edilib.

Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, yerli hüquq mühafizə orqanlarının əməkdaşları, şəhidin hərbiçi yoldaşları və sakinlər iştirak edib.



Səbuhi Hüseynlinin nəşi yaylım atəşi altında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub. Dəfn mərasimində “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları səsləndirilib. Şəhid Səbuhi Hüseynlinin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı 2 yaşlı oğlu Babəkə təqdim edilib.



Dəfn mərasimində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhidlərimizin qanının yerdə qalmadığını, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənin layiqli cavabını aldığını bildirib.

Şəhidin anası Samirə Hüseynli oğlu ilə fəxr etdiyini söyləyib, Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizə allahdan rəhmət diləyib.



















Azvision.az


Teqlər: Xaçmaz   Şəhid   SəbuhiHüseynli  





Xəbər lenti