Yəhudi qadının ölmüş ərinin gözünü bağışladığı qazi: “Bunu eşidəndə çox sevindim”

 Yəhudi qadının ölmüş ərinin gözünü bağışladığı qazi:  “Bunu eşidəndə çox sevindim”
  15 Aprel 2021    Oxunub:8570
“YAŞAT fonduna minnətdarlığımı bildirirəm ki, onların sayəsində görmə qabiliyyətim bərpa olunub”

Bunu Azvision.az -a Vətən Müharibəsi iştirakçısı, "YAŞAT" Fondunun təşəbbüsü əsasında israilli qadının vəfat etmiş həyat yoldaşının gözünün buynuz qişasını bağışladığı qazi Arif Hacıyev deyib.
- Arif bəy, bir müddət əvvəl sağ gözünüzdən əməliyyat olunmuşdunuz. İndi vəziyyətiniz necədir? Özünüzü necə hiss edirsiniz?

- Hazırda hospitaldayam. Müayinələrə gedib-gəlirəm. Tikişlərim qalıb, israilli həkim Azərbaycana gələndə gözümü yoxlatdırıram. Çünki mənə aid bir şey deyil, donordur.

4 həftədən sonra Travmatologiya İnstitutunda qolumdakı dəmirlər dirsəkdən aşağı sökülməlidir. Ondan sonra əməliyyatın Türkiyədə, yaxud Bakıda olması ilə bağlı qərar veriləcək. Qolumda yumşaq toxuma defekti var. Yəni əzələ, sümük problemi yaşayıram, qolumda qopma aşkarlanıb. Taleh həkim də daxil olmaqla cərrahlar bunun üzərində işləyir, ora sümük qoyulacaq, sinir əməliyyatı həyata keçiriləcək.



- Gözləyərdinizmi ki, İsraildən olan xanım sizə belə bir jest edər, yoxsa sizin üçün sürpriz oldu?

- Yox, bilirdim ki, əvvəl-axır donordan istifadə ediləcək. Pulla alınacaq və s. Türkiyədə əməliyyat olunacağımı gözləyirdim. Sonra israilli həkimlər dedi ki, özləri ilə donor gətiriblər. Hər ölkənin özünün donor bankı var. Mən də çox sevindim, əməliyyat uğurlu alındı. Əvvəldən hər iki gözüm 100 faiz görürdü. Döyüş zamanı partlayış olmuşdu və sağ gözüm sıradan çıxmışdı. Ancaq hansısa bir işığı görürdüm.



- Hansı istiqamətdə döyüşlərdə iştirak etmisiniz?

- Füzuli və Cəbrayıl istiqamətində vuruşmuşam. Hərbi səfərbərliklə çağırılmışdım.

- Buna qədər nə işlə məşğul olmusunuz?

- Qrafik dizayner işləyirdim. Bundan sonra da işimlə məşğul olacağam.

- Bu gün İsrail xalqı müstəqilliyin 73 ilini qeyd edir. Saytımız vasitəsi ilə onları təbrik etmək istərdinizmi?

- İsarilli həkimlər hər dəfə gələndə mən onlara minnətdarlığımı bildirirəm. İsrail səfiri də mənimlə görüşmüşdü. Biz onlara təşəkkürümüzü bildirdik. Mən onların bayramını təbrik edirəm, nə yaxşı ki, İsrail dövləti bizim yanımızdadır. Həmin qadına minnətdaram.





Qeyd edək ki, Arif Hacıyevin göz əməliyyatı "YAŞAT" Fondunun təşəbbüsü ilə baş tutub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qazi  





Xəbər lenti