“Azərbaycan regionda geri dönülməsi mümkün olmayan strateji reallıq yaradıb”

 “Azərbaycan regionda geri dönülməsi mümkün olmayan strateji reallıq yaradıb”
  14 Aprel 2021    Oxunub:3158
“Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfrans Azərbaycanın regionumuzda yaratdığı yeni şərtlərdə baş tutan ilk geniş formatlı beynəlxalq tədbir idi.
Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Konfransın ADA Universitetinin yüksək səviyyəli təşkilatçılığı ilə baş tutduğunu deyən deputat Azərbaycan Prezidentinin bu tədbir vasitəsilə dünyaya iki mühüm ismarıc verdiyini bildirib:

“Bunlardan biri artıq müharibənin və münaqişənin bitməsi, digəri isə Azərbaycanın yeni mərhələni inkişaf və əməkdaşlıq mərhələsi kim görməsinin bəyanı idi. Ancaq şübhəsiz ki, bunlar konfransda ifadə edilən edilən çoxsaylı və mühüm fikirlərdən yalnız ikisi idi. Prezident İlham Əliyev dünyanın ən müxtəlif beyin mərkəzləri təmsilçilərinin suallarını cavablandırarkən keçmiş münaqişənin tarixindən, onun həlli ilə bağlı aparılan uzunmüddətli və səmərəsiz danışıqlardan tutmuş, erməni vandadliziminin ifşasına, Azərbaycan Ordusunun qəhrəmanlığına qədər, dost ölkələrin heynəlxalq hüququn və ədalətin yanında olunmasında başlamış Ermənistanın təcavüzkarlıq siyasətini və faşist əməllərini dəstəkləyənlərə qədər çox geniş məsələlərə toxundu və bunu beynəlxalq ictimaiyyətin və qlobal informasiya məkanının diqqətinə təqdim etdi.

Bu xüsusda Azərbaycan xalqının tarixi keçmişi, ermənilərin necə Cənubi Qafqazda dövlət olmaları ilə bağlı da obyektiv tarixi bilgiləri arqumentləşdirilmiş bir şəkildə, açıqca dünyanın diqqətinə təqdim etdi. Lakin bununla belə Azərbaycanın hazırki mövqeyinin yeni reallıqda əməkdaşlığın və inkişafın bərqərar olmasına, regionun kommunikasiya və iqtisadi bütövlüyünün təmin edilməsinə və bu prosesdə səmərəli əməkdaşlıq platformasının yaradılmasının vacibliyinə yönədiyini bildirdi. Bunun üçün ilk növbədə Ermənistanın prosesə qoşulması və azərbaycanfobiyadan, türkofobiyadan qurtula bilməsi və yaranmış yeni reallığı obyektiv əsaslarda dərk edə, qiymətləndirə bilməsinin lazım olduğunu qeyd etdi”.

Hikmət Babaoğlunun sözlərinə görə, artıq hər kəsə aydındır ki, Qafqaz kimi çətin bir regionda yaradılmış ən mürəkkəb münaqişə ocaqlarından birini Azərbaycan öz güclü ordusu vasitəsilə söndürə bilib. Bu isə ölkəmizə yeni qalib ölkə statusu qazandırıb:

“Bütün dünya bu yeni reallığı düzgün qiymətləndirməli, Azərbaycanın əməkdaşlıq və tərəfdaşlıqla bağlı təşəbbüslərini tarixi fürsət kimi dəyərləndirməlidir. Ancaq hər şeydən öncə Ermənistan öz mövcudluğu üçün tarixi fürsəti əldən verməməlidir. Çünki Azərbaycan bütövlükdə regionumuzun tarixində geri dönülməsi mümkün olmayan mühüm strateji reallıq yaradıb və gec- tez hamı bununla hesablaşmalı olacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Deputat   Konfrans   Hikmət-Babaoğlu  





Xəbər lenti