"Təəssüf ki, həmsədrlər 30 illik zərərli təcrübəsini bərpa etmək istəyir" - Azay Quliyev

   "Təəssüf ki, həmsədrlər 30 illik zərərli təcrübəsini bərpa etmək istəyir" -    Azay Quliyev
  14 Aprel 2021    Oxunub:2345
"Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri 13 aprel 2021-ci ildə ötən ilin noyabr ayında üçtərəfli bəyanatın imzalanmasından sonrakı vəziyyət barədə yeni açıqlama yayıblar. Həmsədrlərin bəyanatında humanitar və təhlükəsizlik məsələləri, o cümlədən kommunikasiyaların açılması ilə bağlı müəyyən pozitiv məqamlar olsa da, onlar yenə də ənənəvi və zərərli təcrübələrinə istinad edərək köhnəlmiş və heç bir aktuallıq kəsb etməyən tezislərini bərpa etməyə çalışıblar".
Azvision.az xəbər verir ki, bunu deputat, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib.

Deputat bu bəyanatda ciddi narahatçılıq doğuran və erməni tərəfinin tezislərini açıq şəkildə büruzə verən bir neçə məqamı qeyd edib:

"Birinci, həmsədrlər bütün hərbi əsirlərin və saxlanılan şəxslərin qaytarılmasını istəyirlər. Hamıya bəllidir ki, Azərbaycan tərəfi müharibə dövründə əsir düşən və saxlanılan ermənilərin hamısını Ermənistana qaytarıb. Lakin anlaşılan odur ki, həmsədrlər müharibə başa çatandan sonra Ermənistanın Şirak rayonundan Azərbaycana terror məqsədilə göndərilən və 4 nəfər hərbiçimizi şəhid edən diversant qrupunun üzvlərini nəzərdə tuturlar. Yəni, bizim dəfələrlə açıqlama verib onların hərbi əsir olmadığını deməyimizə rəğmən, Minsk üçlüyü heç nə olmamış kimi davranaraq bu məsələdə Ermənistanın sözçüsü qismində çıxış edir. İkinci, həmsədrlər bəyanatda Dağlıq Qarabağa gediş-gəlişə, o cümlədən beynəlxalq humanitar təşkilatların nümayəndələrinə qoyulmuş məhdudiyyətlərdən bəhs edirlər. Bu absurd fikri səsləndirməklə onlar həm özlərini gülməli vəziyyətə qoyurlar, həm də “10 noyabr üçtərəfli bəyanatı dəstəkləyirik” kimi mövqelərinin ziddinə çıxmış olurlar.

Digər tərəfdən cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan Respublikasında “Dağlıq Qarabağ” adlı inzibati vahid mövcud deyil və kim ölkəmizə, xüsusilə münaqişənin təsirinə məruz qalmış ərazilərə gəlmək istəyirsə, buyursun, lazım olan hüquqi prosedurlara əməl edərək istədiyi yerə getsin. Hətta beynəlxalq təşkilatlar Xankəndinə humanitar yardım etmək istəyirsə, yenə də problem yoxdu, məsələni rəsmi Bakı ilə müzakirə edib razılaşdırsın. Yox, əgər həmsədrlər yenə də müharibədən əvvəlki qaydanı tətbiq edib, Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə istədikləri vaxt və Bakıdan icazə almadan gedib-gəlmək, özfəaliyyətlə məşğul olmaq istyirlərsə, bu məcara artıq tarixdə qaldı və bundan sonra belə özbaşınalığa heç vaxt imkan verilməyəcək.
Üçüncü, həmsədrlər bəyanatlarında məsuliyyətsizcəsinə uzun müddətli sülhün əldə olunması üçün tərəflərə yaxşı tanış olan köhnə prinsiplərin dirçəldilməsinin vacibliyini qeyd edirlər. Bu fikir bir daha sübut edir ki, Minsk üçlüyü heç vaxt Cənubi Qafqazda sülhün və əminamanlığın olmasını istəməyib və indi də istəmir. Onlar heç bir aktuallığı qalmayan əvvəlki ritorikanı bərpa etməklə hələ uzun müddət heç bir faydası olmayan mandatlarını qorumağa və özlərinin uğursuz varlığını sürdürməyə çalışırlar. Bu fikirlər həm də Ermənistanda olan revanşist qüvvələr üçün əlavə bir situmul deməkdir. Bu, bəyanat həm də Ermənistan və Azərbaycan arasında gərginliyin daha da körüklənməsinə hesablanmış bir addımdır. Bütün hallarda mən bu bəyanatı yersiz və reallıqdan uzaq bəyanat hesab edir və onun Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə rədd edildiyini bildirirəm.

Sonda isə səmimi etiraf edim ki, mən də az da olsa ümid vardı ki, Minsk Qrupunun həmsdərləri özlərinin 30 illik yarıtmaz fəaliyyətlərinin nəyə bais olduğundan və 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni reallıqlardan düzgün nəticə çıxararaq tamamlilə bu reallığa uyğun mövqe sərgiləmək üçün özlərində güc tapa biləcəklər. Ancaq görsənən odur ki, bu qrup özünü tamamilə tükədib və həmsədrlik institutunun Azərbaycan üçün heç bir maraqlı və cəzbedici tərəfi qalmayıb".

Azvision.az


Teqlər: Deputat   Azay-Quliyev  





Xəbər lenti