Məişət zorakılığı nəticəsində ölən qadınların sayı artıb

Məişət zorakılığı nəticəsində ölən qadınların sayı artıb
  13 Aprel 2021    Oxunub:2288
Azərbaycanda məişət zorakılığı zəminində öldürülən qadınların sayı artıb. Belə ki, 2020-ci ildə məişət zorakılığı zəminində 59 nəfər ölüb. Bunlardan 41 nəfəri qadındır.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 34,1 faiz artıb.

2020-ci ildə məişət zorakılığı ilə bağlı 1260 cinayət hadisəsi qeydə alınıb. Bu da 2019-cu ilin göstəricisindən 3,7 faiz azdır. Məişət zorakılığı ilə bağlı cinayətlərin 179-u əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 77-si isə sərxoş vəziyyətdə törədilib ki, bu da əvvəlki ilin göstəricisindən müvafiq olaraq 17 faiz və 1,6 dəfə çoxdur.

Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 87,9 faizi qəsdən sağlamlığa az ağır və ya yüngül zərər vurma, 6 faizi qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 3,5 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 0,5 faizi əzab vermə, 2,1 faizi isə digər cinayətlərə aiddir.

Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 4,3 faiz azalaraq 1300 nəfər olub. Onların da 75,9 faizini qadınlar, 1,2 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məişət-zorakılığı   Cinayət  





Xəbər lenti