Səfirliklərdə `Xocalı` tədbirləri

Səfirliklərdə `Xocalı` tədbirləri
  28 Fevral 2014    Oxunub:1361
Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi və ASN-in bu ölkədəki nümayəndəliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü qeyd etdi.

AzVision.az xarici işlər nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki,Cari ilin 25 fevral tarixində Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin dəstəyi və Azərbaycan Tələbə Şəbəkəsinin (ASN) bu ölkədəki nümayəndəliyinin təşkilatçılığı ilə Praqada yerləşən Lixtenşteyn Sarayında Xocalı soyqırımının 22-ci ildönümü münasibəti ilə Uzeyir Hacıbəyov adına Musiqi Akademiyasının professoru Rasimə Babayevanın ifasında orqan musiqi konserti keçirilib.
Konsertdə İoqan Sebastyan Bax, Frantişek Xaver Brixi, Qara Qarayev, Nazim Əliverdibəyov, Aqşin Əlizadə, Ceyhun Allahverdiyev və Xəyyam Mirzəzadənin musiqi əsərləri ifa edilib.

Tədbirdə diplomatik korpus nümayəndələri, Çexiyanın siyasi və incəsənət xadimləri, burada yaşayan həmvətənlərimiz, təhsil alan azərbaycanlı və xarici tələbələr iştirak ediblər.

Fevralın 26-da səfirliyin dəstəyi və ASN nümayəndəliyinin təşkilatçılığı ilə Praqanın mərkəzində, “Respublika” meydanında (Namesti Respubliky) Xocalı soyqırımının 22-ci ildönümü anılıb.

Bu münasibətlə quraşdırılmış çadırda tədbir boyu Xocalı soyqırımına dair sənədli film, eləcə də “Xocalıya ədalət” kampaniyası çərçivəsində çəkilmiş klip nümayiş etdirilmiş, Heydər Əliyev Fondu tərəfindən təqdim edilmiş Xocalı soyqırımına dair fotoşəkillərdən ibarət sərgi təşkil olunub.

Tədbirdə çıxış edən səfir Tahir Tağızadə Xocalı soyqırımı barədə qısa məlumat vermişdir. ASN-in Çexiyadakı nümayəndəsi Eldar Vəliyev öz çıxışında Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən Xocalıda baş vermiş hadisələrə hüquqi qiymət verildiyini qeyd etdi.

Tədbir boyu Xocalı faciəsi haqqında çex dilində çap olunan vərəqlər paylanmış, maraqlananlara faciə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verildi.

***

Azərbaycanın Bolqarıstandakı səfiriyi tərəfindən Xocalı soyqırımının 22-ci ildönümü qeyd edildi.

AzVision.az xarici işlər nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Emil Kərimov Bolqarıstanın aparıcı KİV-i olan “Trud”, “24 Çasa”, “Teleqraf’, “Darik”, “Novinar”, “BTA”, “Standart” və “BNR” rəhbərləri və məsul əməkdaşları ilə görüşüb.
Görüşdə səfir Emil Kərimov qonaqlara Ermənistan-Azərbaycan münaqişəsi, onun ağır nəticələri, münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr və onların indiyədək Ermənistan tərəfindən əməl edilməməsi, o cümlədən işğal nəticəsində 1 milyondan çox həmyerlilərimizin qaçqın və məcburi köçkünə çevrildiyini bildirib.

Səfir Emil Kərimov Xocalı soyqırımını 20-ci yüzilliyin ən dəhşətli hadisələrindən biri adlandırmış və soyqırım nəticəsində 613 nəfər mülki şəxsin amansızcasına qətlə yetirildiyini, onlardan 106 nəfərin qadın, 63 uşaq, 70 nəfər yaşlı insan olduğunu, 487 nəfər insanın ağır yaralandığını, 1275 nəfər şəxsin əsir götürüldüyünü, 155 nəfər şəxsin itkin düşdüyünü, 76 nəfər (1 yaşında olan) körpənin əlilə çevrildiyini, 6 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyini qeyd etdi.

Dövlətimiz tərəfindən ilk dəfə siyasi-hüquqi qiymətin ümummilli liderimiz Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra verildiyi və onun təşəbbüsü ilə Azərbaycan Parlamenti tərəfindən 26 fevralın “Xocalı Soyqırımı günü və milli matəm günü” elan edildiyi vurğulandı.

Həmçinin Emil Kərimov Xocalı faciəsinə beynəlxalq aləmdə siyasi-mənəvi və hüquqi qiymətin verilməsi və beynəlxalq aləmdə tanınması məqsədilə İslam Konfransı Təşkilatının Gənclər Forumunun Mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya Ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyasının uğurla davam etdirildiyini bildirib.

Tədbirdə ”Məhv edilmiş şəhər” adlı sənədli film və”Xocalıya Ədalət” adlı videoklip nümayiş etdirilmişdir. Qonaqlara Dağlıq Qarabağ həqiqətlərini, Xocalı soyqırımını, Xocalıya Ədalət kampaniyasını əks etdirən kitablar, jurnallar, broşürlar, press- relizlər və disklər paylanıldı.

Həmçinin Xocalı faciəsi ilə bağlı səfirlikdə anım mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən səfir tədbir iştirakçılarına Xocalı faciəsi barədə ətraflı məlumat vermiş və faciəyə yalnız ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə hüquqi-siyasi qiymət verildiyini bildirdi.

***

Azərbaycanın Polşadakı səfirliyi Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirir.


AzVision.az xarici işlər nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, 26 fevral 2014-cü il tarixində səfirliyin və Polşada fəaliyyət göstərən “Azərbaycan Mədəniyyət Mərkəzi” diaspor təşkilatının təşkilatçılığı ilə Varşava Universitetində və Varşava şəhərinin Ziqmund Yan Rumla kitabxanasında “Azərbaycan Müstəqillik yolunda” adlı tədbirlər keçirilib.
Səfirliyin müşaviri Ülvi Baxşəliyev və “Azərbaycan Mədəniyyət Mərkəzi” diaspor təşkilatının rəhbəri Şəhla Kazımova çıxışları zamanı iştirakçılara Xocalı faciəsi haqqında məlumat verərək bildirmişlər ki, iyirmi iki il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər.
Xüsusi olaraq vurğulanmışdır ki, Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş, əksəriyyəti ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə Xocalı şəhəri yerlə-yeksan edilmiş, əhalisi isə soyqırımına məruz qalmışdır. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada həyata keçirildiyi əlavə olunub.
Tədbirlər zamanı Xocalı soyqırımını əks etdirən foto və video materiallardan ibarət təqdimat çarxı nümayiş etdirilmiş, səfirlik tərəfindən nəşr edilmiş faciəni əks etdirən kitab və broşürlar tədbir iştirakçılarına paylanıb.


Teqlər:





Xəbər lenti