4, 4, 44 - Şəlalə Göytürkün yazısı

      4, 4, 44    - Şəlalə Göytürkün yazısı
  05 Aprel 2021    Oxunub:8217
Aprel döyüşlərindən – o möhtəşəm tarixdən beş il ötür. Aprel döyüşləri 44 günlük Vətən müharibəsinin uğurlu başlanğıcı oldu. Azərbaycan Silahlı Qüvvələri 2016-cı ilin 1-5 aprel günlərində təcavüzkar erməni ordusunun cəbhə xəttində törətdiyi təxribatlarına layiqli cavab verərək, onları ağır itkiyə məruz qoydu və geri çəkilməyə məcbur etdi.
4 gün davam edən müharibə zamanı qüdrətli Azərbaycan ordusu işğal altında olan minlərlə hektar ərazimizi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri və Seysulan kəndini, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyini və Cocuq Mərcanlı kəndini, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Qazaxlar kəndini, Tərtər rayonunun Suqovuşan (Madagiz) kəndi istiqamətində yolları düşməndən azad etdi.

Dörd gün çəkən savaş, həm də iki ölkənin real hərbi potensialını üzə çıxardı. Düşmən ordusunun qəhrəman ordumuzla müqayisədə yetənəksizliyi, texniki və mənəvi zəifliyi üzə çıxdı. Bütün savaşlarda olduğu kimi aprel döyüşləri zamanı da erməni ordusu öz namərd xislətini nümayiş etdirərək, beynəlxalq hüququn normalarına tüpürərək, dinc əhalini, körpə uşaqları atəşə tutdu.

2016-cı ilin 2 aprel tarixində səhər erkən saatlardan Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlara başlamışdı. 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb. Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəyib.
Ceyhun Bayramov Aprel döyüşlərinin ildönümü münasibətilə paylaşım edib

Bu faktlar bir daha necə xain bir düşməni məğlub etdiyimizi, varlığı şərdən ibarət bir qüvvəni yendiyimizi göstərir. Dünya tarixi müharibələr tarixidir. İbtidai İcma quruluşu dağılandan sonra dünyanın dinc gün yaşamadığını deyə bilərik. Avropada da, Asiyada da, Amerikada da etnik, milli zəmində, ərazi uğrunda didişmələr hər zaman olub və indi də var. Lakin heç bir dövlət Ermənistan qədər beynəlxalq hüquq normalarını, hərb qanunlarını ayaq altına almayıb, hətta alman faşistləri belə, erməni ordusu qədər antiinsani, ağlasığmaz cinayətlər törətməyib.

Azərbaycanın Ali Baş Komandanı, prezident İlham Əliyevin doğru olaraq, vurğuladığı kimi, biz məhz, bu cür xain, alçaq, antihumanist bir düşmənə qalib gəlmişik, biz, uşaq qatillərini rüsvayçı məğlubiyyətə uğratmışıq!

44 günlük Vətən müharibəsinin ilk müjdəçiləri olan, 4 il öncə şiddətli Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan polkovnik-leytenant Raquf Orucov, mayor Təbriz Musazadə, mayor Elnur Əliyev, mayor Rasim Məmmədov, mayor Urfan Vəlizadə, kapitan İnqilab Quliyev, baş leytenant Ziya Həsənov, baş leytenant Rəşid Mehdiyev, baş leytenant Elvin Namazov kimi yüksək rütbəli zabit və hərbi qulluqçularımız öz qəhrəmanlıqları ilə Azərbaycan zabitinin qorxmazlıq və cəsarət simvoluna çevrildilər. Azərbaycan zabitlərinin erməni komandirlərdən fərqli olaraq, əsgərin arxasında yox, önündə irəliləməsi, ölümə meydan oxuyaraq, düşmən üzərinə şığıması misilsiz fədakarlıq və igidlik nümunəsi kimi tarixə yazıldı.

Azərbaycanın qələbəsi ilə bitən dördgünlük müharibə, düz dörd ildən sonra, qırx dörd günlük müharibənin təməlini qoydu və bu savaş haqqın nahaq üzərində qələbəsi ilə bitdi. 2016-da baş verən 4 günlük müharibə, düz 4 illik fasilədən sonra başlanan və yekunlaşan 44 günlük müharibə sanki kodlaşdırılmış rəqəmlərdir. Zənnimcə, bu kodlaşdırma təsadüfi deyil. 4, 4, 44 – hərərəfli düşünülmüş, bütün taktiki gedişləri planlaşdırmış smart müharibə - əsrin savaşı adını haqq edir.

Azərbaycanın Vətən müharibəsi seyirçi dünyaya həm də bir şeyi öyrətdi: Öz pozulmuş haqqını bərpa etmək istəyən hər hansı dövlətin, xalqın, XXI əsrdə, nanotexnologiya erasında bütün maneələrə rəğmən, bu tezliklə, ildırımsürətli müharibə aparmaq və onu qazanmaq üçün illərlə hazırlanan smart strategiyası, inkişaf edən iqtisadiyyatı, hərbi qüdrəti və prezident İlham Əliyev kimi bütün bunları idarəetmə bacarığına malik güclü lideri olmalıdır.

Aprel döyüşlərinin qəhrəman şəhid və qazilərini dərin sevgi və ehtiramla anırıq. Şəhidlərimizin işıqlı xatirəsi daim qəlbimizdə yaşasın, qazilərimizin canı sağ olsun!

Şəlalə Göytürk
Azvision.az




Teqlər: Aprel-döyüşləri  





Xəbər lenti