Qənirə Paşayeva: “Xocalı qətliam deyil,...”

  27 Fevral 2014    Oxunub : 573
Qənirə Paşayeva: “Xocalı qətliam deyil,...”
Xocalı Soyqırımının 22-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təşkil etdiyi silsilə tədbirlər planı çərçivəsində Türkiyə Vəkillər Kollegiyasının (Türkiye Barolar Birliği) binasında sözügedən qurum ilə birgə “Xocalı qətliamı və Qarabağ problemi” mövzusunda konfrans keçirilib.

AzVision.az xəbər verir ki, tədbirdə Azərbaycandan olan millət vəkilləri Qənirə Paşayeva, Arif Rəhimzadə, Rüstəm Xəlilov, Səidə Ekmen başda olmaqla Türkiyə Vəkillər Kollegiyasının idarə heyətinin üzvləri və həmin qurumun çox sayda üzvü, Türkiyə Konstitusiya Məhkəməsinin sabiq sədri Yekta Güngör Özden, Türkiyənin çox sayda QHT-lərinin rəhbərləri və təmsilçiləri, elm xadimi və ekspertlər, müxtəlif siyasi partiyaların nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər və KİV nümayəndələri iştirak ediblər. Konfrans Xocalı Soyqırımı ilə bağlı türk dilində hazırlanmış sənədli filmin nümayişi ilə başlayıb. Daha sonra Türkiyə Vəkillər Kollegiyasının idarə heyətinin üzvü İzzet Varan, Səfir Faiq Bağırov və millət vəkili Arif Rəhimzadə tədbirdə açılış nitqləri ediblər.

Açılış nitqinin ardından konfransın “Beynəlxalq hüquq təməlində Qarabağ Problemi” mövzusunda olan birinci sessiyası öz işinə başlayıb. Qeyd olunan sessiyanı Türkiyə Vəkillər Kollegiyasının İnsan Hüquqları Mərkəzinin Elmi Şurasının üzvü Abullah Buksır aparıb. Sözügedən sessiyada millət vəkili Qənirə Paşayeva, tanınmış alim Prof. Dr. Ümit Özdağ, Qazi Universitetinin professoru Cəmaləddin Taşkıran və Giresun Universitetinin Rektoru Prof. Dr. Aygün Attar təqdimat ilə çıxış ediblər.

Xocalı Soyqırımı barədə danışan millət vəkili Qənirə Paşayeva Xocalı bir qətliam deyil, əsl soyqırım olduğunu deyib. Xocalı Soyqırımını müasir dünyanın utanc mənbəyi adlandıran Q.Paşayeva deyib ki, dünya Xocalıda azərbaycanlılara, türk insanına qarşı olmaqla bərabər, insanlığa qarşı edilən cinayət olan bu soyqırımı törədənlərin ədalət qarşısında cavab vermələri üçün ciddi bir addım atmayıb. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələri Ermənistan yerinə yetirmədiyi üçün, 1 milyon insan hələ də evinə dönə bilmir. “Bu soyqırımı törədənlər ədalət qarşısında hələ də cavab verməyiblər. Hamısı Ermənistandadırlar. O səbəbdən biz Xocalı Soyqırımının daha çox tanıdılması, onu törədənlərin ədalət qarşısında cavab vermələri üçün çalışmalarımızı Azərbaycan, Türkiyə və bütün türk dünyası olaraq daha da sürətləndirməliyik. Ermənistan bu soyqırımı törədərkən onu türk millətinə qarşı törədib. Ona görə də harada doğulmasından, harada böyüməsindən asılı olmayaraq hər bir türk insanı bu soyqırımın dünyaya tanıdılmasında daha fəal olmalıdır. Xocalıya ədalət kampaniyası barədə danışan millət vəkili Qənirə Paşayeva aparılan işlər nəticəsində Pakistan, Meksika, Kolumbiyadan sonra, Çexiya Respublikası Parlamentinin bu soyqırımı qınaması ilə bağlı qərarlar və açıqlamalarını misal gətirib. Xocalı Soyqırımı insanlığa qarşı edilmiş bir cinayətdir”. Millət vəkili dünya ölkələrinin Xocalı soyqırımı tanımalarını heç də təsadüfi olmadığını, bütün bunların geniş təbliğatın nəticəsi olduğunu, dövlət və millət olaraq tarixi gerçəkliklərin dünyaya çatdırılması baxımından aktivliyimizin artdığını dilə gətirib. Qənirə Paşayeva tarixi gerçəkliklərin dünyaya tanıdılması istiqamətində gənclərin üzərinə böyük vəzifə düşdüyünü dilə gətirərək gəncləri sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının vacibliyini qeyd edib. Millət vəkili həmçinin vurğulayıb ki, Və növbəti görüşləri birlik və bərabərlik içərisində erməni işğalından azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Laçında və digər o gözəl torpaqlarda keçirməyi diləyərək fikirlərini yekunlaşdırıb.

Daha sonra çıxış edən Giresun Universitetinin rektoru Prof. Dr. Aygün Attar doğulduğu torpaq olan Qarabağın erməni işğalı altında olmasının, həmin torpaqlarda neçə min günahsız insan qanı axıdılmasının qəbul edilməz olduğunu deyərək, məsələyə beynəlxalq hüquq çərçivəsində yanaşacağını dilə gətirib. Tarixi sənədləri əsas gətirərək etdiyi çıxışda Prof. Dr. Ayğün Attar, istər 1918-ci il 31 mart, istərsə də 1992-ci il 26 fevral tarixlərinə dair rəsmi tarixi faktların olduğunu bunların sadəcə bacarıqlı hüquqşünaslar tərəfindən dünya ölkələrinin önünə çıxarılmalı olduğunu dilə gətirib. O bildirib ki, həmin dövrdə Fətəli Xan Xoylunun səyi nəticəsində uğurlu düşünülmüş bir addım kimi sənədlər qeyri türk üzvlərinin rəyi nəticəsində hazırlanıb. Bu da həmin sənədlərin tamamilə qərəzsiz olduğunu göstərir deyən A. Attar əlimizdə bizə, türklərə soyqırım edən lakin özünü daim təcavüzə uğramış kimi göstərənlərə qarşı dəqiq faktların olduğunu bildirib. Bütün bu hadisələrin unudulmaması üçün lazım olan bütün addımların atılacağını deyən, Prof. Dr. Aygün Attar, bu hadisələri sanki yaşanmamış kimi davranılmasına imkan verilməyəcəyini dilə gətirib.

Prof. Dr. Aygün Attarın ardınca çıxış üçün söz, Qazi Universitetinin professoru Cemaleddin Taşkırana verilib. O, Dağlıq Qarabağı hətta Anadoludan öncəki türk torpaqları adlandırıb. Ermənilərin bu torpaqlarda heç bir haqqı yoxdur. ABŞ Azərbaycanın torpaq bütünlüyü uğrunda qəbul etdiyi qərarları əsas gətirərək, Ermənistanın bu qərarlara uymadığını dilə gətirib. Ermənistanın əsas güvənc mənbəyi olan ATƏT-in Minsk qrupu barədə də fikirlərini söyləyən Cəmaləddin Taşkıran, Qrupa Rusiya, Amerika və Fransanın həmsədrlik etdiyi müddətdə heç bir həll yolunun əldə olunmayacağını bildirib. Onun sözlərinə görə, Amerika ermənilərin Ermənistandan sonra ən çox əhalisinin məskunlaşdığı ərazidir. Daha sonra isə sırada Fransa gəlir. Rusiya isə Azərbaycana qarşı münasibətdə Dağlıq Qarabağ problemindən peşəkarca isifadə edir.

Çıxışı zamanı Cemaləddin Taşkıran 1977-ci ildə Cenevred qəbul edilən qanunlara əsasən Xocalıda baş verənləri gerçək soyqırım adlandırıb. O, bunu törədənlərin layiqli cəzalarını almaları üçün, türklərin birləşmələrini birlik içərisində mənim sənin demədən o torpaqlar uğrunda mübarizə aparmalarının gərək olduğunu vurğulayaraq fikirlərini yekunlaşdırıb. Çıxışların ardınca konfransın birinci hissəsi yekunlaşıb. Birinci hissənin sonunda oturuma qatılanlara xatirə hədiyyələri təqdim olunub.

Fasilənin ardından tədbirin “İnsan hüquqları təməlində Xocalı qətliamı” mövzusunda olan ikinci sessiyası öz işinə başlayıb. Sessiyanı Türkiyə Vəkillər Kollegiyasının İnsan Hüquqları Mərkəzinin Elmi Şurasının üzvü Əhməd Dəmirci aparıb. İkinci sessiyada isə Azərbaycan Vəkillər Kollegiyasının Sədri Azər Tağıyev, Xocalıya ədalət beynəlxalq kompaniyasının Türkiyə nümayəndəsi Doç. Dr. Gözge Kılıç Yaşın, millət vəkili Rüstəm Xəlilov və CHP-nin sabiq millət vəkili Onur Öymen öz təqdimatları ilə çıxış ediblər. Tədbir iştirakçılarına Xocalı Soyqırımı ilə bağlı təbliğat materialları təqdim olunub.

Teqlər: