Nüvə silahından daha dağıdıcı: Ağdamı xarabaya çevirən hansı qüvvədir

   Nüvə silahından daha dağıdıcı: Ağdamı xarabaya çevirən hansı qüvvədir
  14 Mart 2021    Oxunub:15143
İşğaldan azad edilmiş Ağdamı görənə qədər “xarabalıq” anlayışı mənə ancaq ədəbiyyatdan tanış idi; soruşsaydılar ki “xaraba” deyəndə ağlına nə gəlir”, Xaqaninin “Mədain xərabələri”ni, yaxud, bayquşların Nuşirəvanın dinlədiyi məşhur söhbətinin baş tutduğu məkanı yada salardım. Amma ermənilərdən azad edilmiş Ağdam həmin metaforaların müasir dünyada konkret və əyani təcəssümünün olduğunu sübut etdi.
Mədain xarabalığının haqqında Xaqaninin dediyi “Çox gülməlidir burda hər ağlamayan insan” misrasını Ağdama aid etmək də olur, etməmək də. Bir tərəfdən, şəhərin klassik xarabalığa dönmüş mənzərəsinə baxanda doğrudan da, qeyri-ixtiyari gözlərin dolur. Amma digər tərəfdən, onun azadlığının dərki insanda sevinc və qürur hissi yaradır. Beləcə, ziddiyyətli emosiyaların məngənəsində özün də vurnuxa-vurnuxa qalırsan.



İndiki halında Ağdam ingilis dilindəki “ghost town” (kabus şəhər) termininin məna əhatəsinə düşür. Burada heç bir dekorasiyaya ehtiyac duymadan postapokaliptik film çəkmək olar. Adətən kinoda nüvə müharibəsindən sonra qalan dağıntıları belə təsvir edirlər – Ağdamın ermənilərdən sonrakı mənzərəsi kimi. Fəqət bu şəhərin taleyi göstərir ki, dünyada nüvə silahından da dəhşətli dağıdıcı qüvvə var: Bu, özünü sivil və mədəni göstərən, imkan düşəndə isə yırtıcı naturası vulkan kimi püskürən qruplardır. Konkret bu halda ermənilər. Vulkan demişkən, Pompeyin kül altından qazılıb çıxrılan evləri Ağdamın yarıuçuq divarları ilə müqayisədə qat-qat yaxşı vəziyyətdə idi. Deməli, hətta ən dəhşətli təbii fəlakət belə, dağıdıcılıq əmsalına görə erməni barbarlığına uduzur.



Ağdamı müharibə dağıdıb, amma Ağdam müharibədən dağılmayıb. Torpaqdan çürümüş dişlər kimi boy verən yaruçuq divarlar bu hala mərmi partlayışından düşməyiblər. Barbarlar Romaya girəndə onun heykəllərini, fəvvarələrini, saraylarını görür və bütün bunlarla nə edəcəklərini bilməyərək, sadəcə, dağıdıb, yandırıb, çıxırdılar. Ermənilər də Ağdamla eynən belə ediblər: əllərinə keçən şəhərlə nə edəcəklərini bilmədikləri üçün Qarabağın ən inkişaf etmiş yaşayış məntəqələrindən birini sadəcə, xaraba qoyublar. Burada erməni naturasının nüvə partlayışı baş verib. Və erməni xasiyyətinin radiasiyası Ağdamı kabus-şəhərə çevirib.



Ətrafındakı təbiət ilə Ağdamın xarabalıqlarının arasında qəribə bir mənzərə ahəngsizliyi var. Sanki təbiət demək istəyir ki, belə bir yerdə salınmış şəhər bu halda olmamalıdır. Və adama elə gəlir, ermənilərin xaraba qoyduqları bu şəhərdən çıxıb getmələrini təbiətin özü də istəyib, hətta hansısa şəkildə kömək belə, edib. Belə bir mistik təəssürat yaranır ki, əgər Azərbaycan əsgəri gəlməsəydi, təbiətin özü gec-tez ya böyük bir daşqın, ya çovğun ilə ən gözəl yerində xarabalıq yaradan məxluqatı buradan təmizləyib, yarasını özü sağaldacaqdı...



Erməni xəbər mənbələri tez-tez Azərbaycan əsgərinin azad etdiyi torpaqlarda hansısa bir lövhəni çıxarmasını “vəhşilik, barbarlıq” kimi qələmə verirlər. Halbuki, özləri bütöv bir şəhəri başdan-başa xarabaya çeviriblər. Əgər saxtakarlığa xidmət edən bir lövhəni çıxarmaq "vəhşilik"dirsə, onda inkişaf etmiş böyük bir şəhəri “kabus şəhərə” çevirmək nədir, buna nə ad qoyaq?!



...Ağdamın xarabalıqlarına baxa-baxa qeyri-ixtiyari düşünürsən ki, bu qəribə uçqunları hansı əcaib silah yaradıb?! Nüvə partlayışı da təxminən buna bənzər mənzərə yaradardı, amma burada atom silahı tətbiq olunmayıb axı. Demək, onunla eyni effekti verən başqa bir dağıdıcı qüvvə də var. Və əgər bəşəriyyət nüvə silahından qorxaraq, onu yasaqlamağa çalışırsa, Ağdamı bu hala salan “silahı” da mütləq qadağan etmək vacibdir. Nüvə apokalipsisi bəlkə də, heç vaxt yetişməyəcək, amma faşizmlə möhkəmlənmiş barbarlığın qarşısı alınmazsa, o, hələ çox şəhərləri kabusa çevirə bilər.





Vüsal Məmmədov

Azvision.az


Teqlər: Ağdam   Qarabağ   Ermənivəhşiliyi  





Xəbər lenti