COVAX çərçivəsində verilən vədə əməl edilməyib - Agentlik

 COVAX çərçivəsində verilən vədə əməl edilməyib -   Agentlik
  03 Mart 2021    Oxunub:2645
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev koronavirus pandemiyasına qarşı dünya dövlətlərinin birgə mübarizəsinın və bu sahədə sıx əməkdaşlığın vacibliyini dəfələrlə vurğulayıb. Bu mənada vaksinlərin dünya dövlətləri arasında ədalətli bölgüsünün pandemiya ilə mübarizə sahəsində səmərəli əməkdaşlıq üçün vacib komponent olduğu bildirilib. COVAX platformasının bütün ölkələr üçün effektli peyvənd axtarışını sürətləndirən, dünyada COVID-19-a qarşı hazırlanmış peyvəndlərə ədalətli əlçatanlığı təmin etmək məqsədilə yaradılmış mexanizm olduğununu nəzərə alaraq, Azərbaycan ötən il COVAX platformasına ilk qoşulan 50 ölkədən biri olub.
Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova deyib.

Onun sözlərinə görə, lakin COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə hazırkı dövrədək əməl olunmayıb.

"Bu günlərdə COVAX tətəfindən daxil olmuş məktubda Azərbaycanı yaxın zamanda müvafiq vaksinlə təmin edə bilməyəcəkləri bir daha qeyd olunub. Azərbaycan Respublikasının vaksin istehsal edən müxtəlif şirkətlərlə uğurlu əməkdaşlığı nəticəsində ölkəmizə Çin dövlətinin istehsalı olan "Coronavac" vaksinlərinin gətirilməsi təmin edilib.

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizə sahəsində Azərbaycanı örnək dövlətlərdən biri kimi göstərmişdir. Bu gün Azərbaycanda vaksinasiya prosesi ilə əlaqədar tələb olunan bütün infrastruktur yaradıldığı halda, ölkəmizə qarşı bu münasibəti yanlış hesab edir, təsisatın məram və məqsədinə zidd olduğunu bildiririk.

COVAX-ın bütün üzv ölkələrlə əməkdaşlığının ədalətli şəkildə davam edəcəyinə, növbəti mərhələdə təxirə salınmadan başqa üzv ölkələrlə bərabər Azərbaycanın da peyvəndlə təmin olunacağına inanırıq", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: COVAX  





Xəbər lenti