“Ermənilərin heç vaxt dövlətçilik ənənələri olmayıb” - Tarixçi alim

  03 Mart 2021    Oxunub : 5575
 “Ermənilərin heç vaxt dövlətçilik ənənələri olmayıb” -  Tarixçi alim
Tarixi tədqiqatlar göstərir ki, ermənilər Cənubi Qafqaza gəlmədirlər. Onların kompakt yaşayışı, dövləti, dövlətçilik ənənələri heç vaxt olmayıb və bu ərazilərdə yazılı, mövcud olan əşyavi atributları bu günə qədər tapılmayıb. Ermənilərin bura gəlmə, yazdıqları tarixin isə saxta olduğunu açıq-aşkar tarixi faktlarla deyə bilirik.
Bunu Azvision.az -a AMEA-nın Qafqazşünaslıq İnstitunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev deyib. Onun sözlərinə görə, ermənilər Balkan yarımadasından Ön Asiyaya gəliblər, oradan isə bir qrup erməni Kilikiya ərazisində toplanıb.

“Sonradan Avropa dövlətlərinin, xüsusilə Rus İmperiyasının Şərq siyasətinə uyğun olaraq erməni məsələsi qaldırılıb. Ermənilər onların itaətində hər bir tapşırığı yerinə yetirirdilər. Ermənilərə borclu qalmamaq üçün isə erməni dövləti yaradıldı. Bu erməni dövləti ilk dəfə heç vaxt kompakt şəkildə olmadıqları, tarixi əlaqələri olmayan ərazidə - Azərbaycanın Naxçıvan və İrəvan xanlıqlarının ərazisində yaradıldı. Bu ərazilərin bir hissəsini bölərək ermənilərə verdilər və beləliklə, 1918-ci ildə erməni dövləti yaradıldı. Onun da adını Ararat qoydular”.

Tarixçi alim qeyd edib ki, ermənilər bura yerləşənə qədər İrəvan, Vedibasar, Dərələyəz, Göyçə, Zəngəzur vilayətləri Qərbi Azərbaycanın əraziləri olub:

“Bu bölgələrin əhalisinin 80-90 faizi Azərbaycan türklərindən ibarət idi. XIX əsrin əvvəllərində bağlanan Gülüstan və Türkmənçay müqavilələrindən sonra İrandan və Osmanlı imperiyasından köçürülən ermənilər burada yerləşdirildi. Bundan sonra azərbaycanlıların yaratdığı şəraitə baxmayaraq, onlar yerləşdirildikləri ərazini genişləndirmək planı ortaya qoydular. Bu plana uyğun olaraq azərbaycanlılara qarşı etnik təmizləmə işləri apardılar. İrəvan şəhəri verilməklə yaradılmış Ararat dövlətinə qane olmadılar və əlavə ərazi iddiaları irəli sürdülər. Ona görə imperiya Göyçə və Zəngəzuru da azərbaycanlılardan alıb ermənilərə verdi. Bu azmış kimi daha sonra Qarabağ iddiasını qaldırdılar, Dağlıq Qarabağı inzibati ərazi kimi qələmə verib, ermənilərə məxsus olduğunu sübut etməyə çalışırdılar. Lakin buna nail ola bilmədilər”.

Q.Hacıyevin sözlərinə görə, ermənilər Qərbi Azərbaycanda azərbaycanlılara aid bütün məscidləri, abidələri dağıdıblar.

“XX əsrin əvvəllərində azərbaycanlıları o ərazilərdən deportasiya etdilər, qırğınlar törətdilər. Boşaldılmış ərazilərdə toponimləri, Azərbaycan xalqına məxsus olan abidələri məhv etməyə çalışdılar. İkinci dəfə 1948-53-cü illər deportasiyasından sonra azərbaycanlıların izini itirmək hərəkatı daha geniş vüsət aldı. Bundan sonra planlı hərəkətə keçirilən bu siyasət Ermənistanın dövlət siyasətinə çevrildi. 1980-ci illərdə 250 minə yaxın azərbaycanlı deportasiya edildikdən sonra Qərbi Azərbaycan torpaqlarında Azərbaycan xalqına məxsus tarix və mədəniyyət izlərini yer üzündən silməyə başladılar. Bu siyasət nəticəsində azərbaycanlıların yaratdığı orta əsrlərə aid memarlıq incilərinin hamısı məhv edildi. Bu sırada Abbas Mirzə məscidi, Sərdar məscidi, Şah Abbas məscidi, Dəmirbulaq məscidlərini qeyd etmək olar”.

Tarixçi alim onu da diqqətə çatdırıb ki, ermənilər Qərbi Azərbaycan torpaqlarında 350-dən artıq tarixi abidənin hamısını dağıdıb.

“Yalnız 2 tarixi abidə saxlanılıb. Bunlardan biri Göy məsciddir. Onu da guya bərpa edərək İran-fars məscidi kimi qələmə verirlər. Ermənilər mənfur siyasət yeridərək İrana yaltaqlanırlar. Digər saxlanılan abidə isə Əmirsəd məqbərəsidir. Bu məqbərənin üstünə türkmən yazıblar və Türkmənistanın dövlət başçısını da ora dəvət etmişdilər, guya türkmənlərə aiddir. Türkmən və tatar orta əsrlərdə Azərbaycan türklərinə deyilən adlar olub.

Ermənilər Aşıq Ələsgərin qəbrini dağıdıblar, orta əsrlərin ən gözəl incilərindən olan Sərdar sarayını yer üzündən siliblər, Sərdərabad qalasını məhv ediblər. Minlərlə türk toponimlərinin adları dəyişilib. Ermənistan dövləti Qərbi Azərbaycan torpaqlarında Azərbaycan türklərinə aid olan hər şeyi dağıdıb”.

Aytən Zəhra
Azvision.az

Teqlər: İrəvan   Zəngəzur   Abidələr   Erməni-vandallığı