Ermənilərin qanunlarımıza tabe olmaqdan başqa yolu yoxdur - ŞƏRH

  02 Mart 2021    Oxunub : 9371
 Ermənilərin qanunlarımıza tabe olmaqdan başqa yolu yoxdur -   ŞƏRH
Fevralın 26-da Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında verdiyi mühüm mesajlardan biri Qarabağda hazırda azsaylı ermənilərin yaşadığı ərazilərin Azərbaycana inteqrasiyası ilə bağlı idi.
Ölkə başçısı aşkar şəkildə bildirdi ki, Qarabağ ermənilərinin gələcək rifahı ən qısa müddətdə Azərbaycanın digər hissəsi ilə sürətli inteqrasiyadan asılıdır.

"Hazırda Xankəndi və digər rayonlarda yaşayan ermənilər anlamalıdırlar ki, inteqrasiya prosesi qaçılmazdır. "Artsax" adlı bir dövlət mövcud deyil və olmayacaq. Onlar Azərbaycan vətəndaşları kimi yaşayacaqlar", - deyən Prezident yalnız Ermənistana və Qarabağda yaşayan ermənilərə deyil, ümumilikdə bütün dünyaya qəti bir mesaj vermiş oldu.

İnteqrasiya məsələsini Azvision.az –a şərh edən politoloq Tofiq Abbasov deyir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etməmişdən əvvəl də qarşı tərəfə, Qarabağ ermənilərinə bu barədə açıq mesajlar göndərirdi. Yəni başqa xalqlar kimi ermənilər də Azərbaycanın Qarabağ bölgəsində dinc şəraitdə yaşayacaqlar və o ərazilərin ölkəmizin digər hissəsi ilə inteqrasiyası labüddür. Postmüharibə dövründə isə Bakının inteqrasiyaya hazır olması barədə bir neçə mesajlar səsləndirildi:

“Hazırda ermənilərin yaşadığı Dağlıq Qarabağ adlanan ərazilərin Azərbaycana inteqrasiyası qaçılmaz prosesdir. Başqa bir variant real görünmür. Düzdür, indi faktiki olaraq bu proseslər bir qədər ləngiyir. Süni şəkildə ləngitmə cəhdləri görünür. Biz o hadisələri də gözəl anlayır və görürük ki, məlum proseslərin reallaşdırılmaması üçün müəyyən sabotaj işləri aparılır. Məsələn, təxribatçı qrupların Xankəndinə keçməyə cəhd etmələri kimi arzuolunmaz siyasi gedişlər olur ki, əslində bu da anlaşılandır. Yəni bunlar postməğlubiyyət sindromundan irəli gələn məqamlardır. Ermənistan məğlub oldu, onların siyasi elitasının 30 il “qidalandırdığı” uğursuz Qarabağ layihəsi qəti surətdə iflasa uğradı. Artıq burada ikinci bir fikir ola bilməz ki, layihə davam edir, hansısa müstəqillik kimi sərsəm ümidlər qalıb. Bu baxımdan da, reinteqrasiya prosesinin müqəddəratı onsuz da Azərbaycanda olacaq. Bunu biz həll edəcəyik”.



Politoloqun sözlərinə görə, inteqrasiya məsələlərində vacib bir amil ortaya çıxır. Əgər ermənilər, yaxud da Qarabağda yaşayan ermənilərin böyük hissəsi doğrudan da Azərbaycana pənah gətirmək fikrindədirlərsə, onlar gərək qeyd-şərtsiz qanunvericiliyimizi qəbul edib, Azərbaycanın yurisdisiyası ilə barışsınlar:

“Bu, yeganə çıxış yoludur. Qanunlarımıza tabe olmağa məcburdurlar. Vəssalam. Yeganə problemsiz gələcək bundan keçir. Sən hazırda beynəlxalq qanunlarla təsbit edilmiş Azərbaycan ərazilərində yaşayırsan və qanunlarımıza da tabe olub, hər kəs kimi normal həyat sürməlisən. Sadəcə, biz indi müvəqqəti olaraq Balasanyanlar, Arutyunyanlar, Sarkisyanlar və digər qeyri-ciddi, küçə əxlaqsızlarının yerli ermənilərin beyinlərini zəhərləməsi proseslərini müşahidə edirik. Bu adamların xüsusi missiyası var. Həmin siyasi oyunbazlar guya Azərbaycanın qələbəsini təftiş edirlər. Onlara qida verən, fitnə-fəsadla ortaya atanlar isə İrəvanda və bir çox xarici ölkələrdə oturublar. Diaspor təşkilatlarından tutmuş müəyyən anti-Azərbaycan siyasi qüvvələrə qədər bir neçə misal göstərmək olar. Elə erməni kilsəsinin də burada çox mənfi rolu var. Ona görə də düşünürəm ki, belə təhlükəli qüvvələr üçün Azərbaycanda yaşayan erməni azlığının taleyi, müqəddəratı vacib deyil. Bu şəxslər üçün Azərbaycanda, xüsusən də ermənilər yaşayan ərazilərdə qaynar vəziyyətin qalması önəmlidir. Hazırda qeyd etdiyim səbəbdən həmin qüvvələr ciddi-cəhdlə çalışırlar ki, postmüharibə dövründə də sabitlik bərqərar olmasın. İddiaları isə belədir ki, guya qondarma "DQR" onsuz da fiziki cəhətdən təşəkkül tapıb. Onlar Bakıdan kənar bir qurumdur, azaddırlar və s. Bax, bütün bunlarla artıq ikinci və daha çox acı dadacaq ağır məğlubiyyəti yaxınlaşdırırlar. Məncə, may ayına qədər bəzi bizi narahat edən proseslər müəyyən həllini tapacaq. Hələ də müharibə təbliğatı aparıb, anormal düşüncədə olanlar deyil, sadə ermənilər həqiqətən də özlərində cəsarət, qətiyyət tapıb bu qarışdırıcı qüvvələri ərazidən rədd eləsələr, sübut etsələr ki, Azərbaycana sadiqdirlər, vətəndaşlığımızı qəbul etməyə hazırdırlar, qazanan tərəf olacaqlar. Yox, əgər elə millətçi ideyalarla, indiki mafioz rəhbər və anormal şəxslərlə qalıb xəyallar quracaqlarsa, bu çox uzun çəkməyəcək. Hətta ola bilər ki, kütləvi şəkildə Dağlıq Qarabağ ərazilərindən rədd olub gedələr də... Bəlkə mən subyektiv görünürəm. Amma əminəm ki, bu proseslərdə Azərbaycan çoxdan gözlənilən nida işarəsini qoyacaq. Başqa yol mümkün deyil”.



Tofiq Abbasov xatırlatma edərək deyir ki, hətta Azərbaycanda yaşayan bəzi ermənilər müharibə vaxtı bizim dildə “öz evinizə xoş gəlmisiniz” plakatları ilə yadda qalmışdılar. Yəni belə normal düşünən ermənilər də az deyil. Sadəcə Xankəndidəki siyasi “adamyeyənlər”in, separatçıların yaratdığı iyrənc mühit nəticəsində bu cür sakitlik, sabitlik tərəfdarı olan, loyal düşünən ermənilər səslərini çıxarmağa qorxurlar:

“Düşünürəm ki, Azərbaycanda qalıb, dinc şəraitdə yaşamaq istəyən ermənilər az deyil. Hansılar ki, bunlar sadə insanlardılar və heç vaxt azərbaycanlılardan məkr, nifrət və ya təhlükə görməyiblər. Heç 44 gün ərzində də görmədilər ki, Ermənistandan Gəncəni gecə saatlarında vuranlardan fərqli olaraq biz sadə, mülki əhaliyə qarşı hansısa hərbi əməliyyatlar həyata keçirək. Regionu qaynar qazana çevirən millətçi, radikal, separatçı ermənilər idi ki, onlara da Amerika, Fransa, Livan təşkilatları, terrorist qruplar ciddi dəstək göstərirdilər. Artıq ölkə başçısının da bəyan etdiyi kimi, münaqişə bitib, hansısa terrorçu təşkilatın Azərbaycan ərazisində yenidən fəaliyyət göstərməsi real görünmür. Əks-təqdirdə bunun daha ağır nəticələri ola bilər. İndiki vəziyyətdə bir daha qeyd edirəm ki, yalnız bir seçim var, sadə erməni vətəndaşlarımız təzyiqsiz şəkildə imkan tapıb cinayətkar dəstə başçılarını rədd edib, bizimlə bərabər dinc şəraitdə yaşaya bilərlər. Bu reallaşmasa, necə ki, mikroblar baş qaldırmasın deyə dezinfeksiya işləri həyata keçirilir, biz də regionda bu cür müəyyən sərt tədbirlər görməyə məcbur qalacağıq. Bundan sonra isə ərazilərimizdə nə separatçılığın, nə də başqa risk törədən halların əlaməti qalacaq!”

Tural Tağıyev
Azvision.az

Teqlər: İnteqrasiya   Qarabağ   Politoloq