“Reuters” Prezidentin mətbuat konfransından yazdı

 “Reuters” Prezidentin mətbuat konfransından yazdı
  02 Mart 2021    Oxunub:1886
Azərbaycan Dağlıq Qarabağda biri payızda hazır olacaq üç hava limanı tikməyi planlaşdırır.

Azvision.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinin Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransından hazırladığı materialda deyilir.
Məqalədə vurğulanıb ki, bu il Azərbaycan bölgəyə 2,2 milyard manat (1,3 milyard dollar) sərmayə qoymaq niyyətindədir.

Qeyd edilib ki, ötən il Qarabağda müharibəyə son qoyan sülh müqaviləsi çərçivəsində Bakı 1990-cı illərin əvvəllərində müharibə zamanı itirdiyi bir sıra bölgələrdə nəzarəti ələ aldı.

"Biz artıq Füzulidə hava limanının tikintisinə başlamışıq. Laçın və Zəngilanda daha iki hava limanı tikməyi planlaşdırırıq. Hamısı beynəlxalq hava limanları olacaq və həm əcnəbilərin, həm də yerli sakinlərin Şuşa şəhərinə sərbəst səyahət etmələrini təmin edəcək", - Prezidentin çıxışından sitat gətirilib.

Prezident tikintinin nə vaxt başa çatacağını öncədən söyləməyin çətin olduğunu əlavə edib.

"Minatəmizləmə işləri müəyyən çətinliklər yaradır, lakin Füzuli hava limanının bu il payızın əvvəlində hazır olacağını gözləyirik”.

Keçmiş məcburi köçkünlərin bölgəyə qayıtmasına toxunan Prezident İlham Əliyev Azərbaycanın bunu mümkün qədər tez etmək niyyətində olduğunu söyləyib:

"Mən hansısa bir tarix vermək istəməzdim. Halbuki mənim fikrimdə tarix var. Maksimum qısa müddət ərzində mərhələli yollarla biz insanlarımızı o bölgələrə qaytaracağıq.
Azərbaycan əhalisi də hazırda sülhməramlı qüvvələrin nəzarəti altında olan ərazilərə qayıdacaq".

Məlumatda qeyd olunub ki, Azərbaycan, Ermənistan və Rusiya Dağlıq Qarabağdakı müharibəni 10 noyabrda dayandırmaq üçün ortaq bəyanat imzalayıblar. Razılaşmalara əsasən, Qarabağı Ermənistanla birləşdirən dəhliz boyunca yerləşdirilən rus sülhməramlıları bölgədə ən azı beş il qalacaqlar.

Bakının yaxın müttəfiqi Türkiyə Rusiya ilə birlikdə Qarabağda atəşkəsə əməl olunmasını izləmək üçün Azərbaycanda monitorinq mərkəzi açıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti