Azərbaycanla Türkiyə arasında tibbi sığorta sahəsində əməkdaşlıq müzakirə olundu
Türkiyə Respublikasının Sosial Müdafiə Qurumunun Strateji inkişaf idarəsinin rəhbəri Muhiddin Şahin bildirib ki, aparılmış səhiyyə islahatlarının nəticəsi olaraq bu gün Türkiyənin universal tibbi sığorta sistemi dünyanın ən ön sıralarında qərarlaşıb: “Hazırda əhalinin 99.5%-i universal tibbi sığorta ilə əhatə olunur.”
Sosial Müdafiə Qurumunun əməkdaşı Amine Yücedal Qurumun fəaliyyəti, strukturu, ölkəsində universal tibbi sığorta ilə əhatə olunan şəxslər, sığorta haqlarının məbləği və səhiyyə sistemi haqqında digər məlumatları iştirakçıların diqqətinə çatdırıb: “Məqsədimiz maliyyələşən tibbi xidmətlərin həcmini artırmaq, onların bərabər, ədalətli və əlçatan olmasına nəzarət etmək, həmçinin resurslardan səmərəli və effektiv istifadə edilməsini təmin etməkdir”.
Agentliyin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov Azərbaycanda icbari tibbi sığortanın tətbiqi haqqında ətraflı məlumat verib: “Hazırda ölkə əhalisinin özündə 2550-i tibbi xidməti birləşdirən Xidmətlər Zərfindən yararlanması üçün bərabər imkanların yaradılması istiqamətində müvafiq tədbirlər görülür. Məqsədimiz əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etməkdir. Əminik ki, bu sahədə böyük uğurlar əldə etmiş dost-qardaş ölkənin təcrübəsindən faydalana biləcəyik”.
Agentliyin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov bildirib ki, icbari tibbi sığorta sisteminin məqsədi səhiyyənin maliyyələşməsini yeni iqtisadi əsaslarla qurmaq, tibbi xidmətlərin əlçatanlığını təmin etmək, əhalini sağlamlığı ilə bağlı üzləşə biləcəyi maliyyə risklərindən qorumaqdır. A.Nəsirov, icbari tibbi sığorta sahəsində əməkdaşlığın prioritet istiqamətləri haqqında məlumat verib: “Agentlik ilkin səhiyyə xidmətinin gücləndirilməsi məqsədi ilə ailə həkimi institutunun təkmilləşdirilməsi, tibb işçilərinin tibbi avadanlıqlardan istifadəyə dair bilik və bacarıqlarının artırılması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün milli keyfiyyət standartlarının hazırlanması istiqamətində Türkiyə təcrübəsinin öyrənilməsində və tətbiqində maraqlıdır”.
Görüş əməkdaşlığın genişləndirilməsi üçün hər iki qurum arasında işçi qaydada məsləhətləşmələrin davam etdirilməsi razılığı ilə yekunlaşıb.
Azvision.az
Teqlər: Azərbaycan Türkiyə İcbari-sığorta