Azad olunan ərazilərin bərpası 4 mərhələdə həyata keçiriləcək

  01 Mart 2021    Oxunub : 2043
 Azad olunan ərazilərin bərpası 4 mərhələdə həyata keçiriləcək
İşğaldan azad edilən ərazilərin bərpası dörd mərhələdə həyata keçiriləcək. Birinci mərhələ həmin ərazilərə işğal müddətində dəymiş ziyanın hesablanmasıdır. Bu zaman ərazilərin minadan təmizlənməsi prosesi də həyata keçiriləcək.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Füzulidən seçilən deputatı Vüqar Bayramov deyib. O bildirib ki, işğaldan azad edilən ərazilərə qayıdış üçün təhlükəsizliyin təmin edilməsi əsas priotetlərdəndir.

“İkinci mərhələ infrastrukturun formalaşdırılmasıdır. Bura nəqliyyat, loqistik xidmətlərin yaradılması, kommunal xətlərin çəkilməsi aiddir. Bir sözlə, həmin ərazilərdə infrastruktur formalaşdırılmalıdır. Üçüncü mərhələdə sosial obyektlərin və eləcə də inzibati binaların inşa edilməsi nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmaq üçün sosial obyektlərə, xəstəxanalara, məktəblərə, habelə dövlət qurumlarının fəaliyyəti üçün inzibatı binalara ehtiyac var. Dördüncü mərhələ isə məskunlaşmanın başa çatmasıdır. Bu, həm də məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtması mərhələsədir”.



Deputat qeyd edib ki, işğaldan azad edilən ərazilərin kifayət qədər böyük turizm, kənd təsərrüfatı və sənaye potensialı var. Onun sözlərinə görə, bu istiqamətlərin inkişafı prioritet kimi müəyyənləşib: "Kənd təsərrüfatı baxımından rayonların əksəriyyətinin torpaq fondu məhsuldar torpaqlardan ibarətdir. Məsələn, Füzuli və Ağdam rayonlarının ümumi torpaq fondunun 94 faizi məhsuldardır. Cəbrayılda əkinçilik imkanları var. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə heyvandarlığın və bütövlükdə kənd təsərrüfatının imkanları genişdir. Turizm işğaldan azad edilən bütün ərazilərdə priotet sektordur. Hətta Kəlbəcər rayonu, Şuşa şəhəri kimi ərazilərimizin fasiləsiz turizm təklif etmək imkanları var. Bu ərazilərdə qış-yay, tarixi, dini, mədəni, müalicəvi turizm imkanları mövcuddur. Qarabağın qızıl daxil olmaqla təbii ehtiyatları çoxdur və bu da sənaye müəssisələrinin qurulması üçün imkan yaradır”.

V.Bayramov onu da bildirib ki, bərpa və yenidənqurma mərhələsindən sonra işğaldan azad olunan ərazilərin iqtisadiyyatının ümumi iqtisadiyyata inteqrasiyası reallaşacaq.

“Bütün bunlar yeni iş yerlərinin yaradılmasına imkan verəcək. Bu, həmin ərazilərdə məskunlaşan əhalinin məşğulluğunun təmin edilməsi baxımından çox vacibdir. İxtisaslı kadrlara olan tələbin ödənilməsinə də xüsusi dəstək veriləcək. Çünki yaradılan iş yerlərinin bir qismi ixtisaslı kadrlar üçün nəzərdə tutulan iş yerləri olacaq”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Qarabağ   Qayıdış   Nəqliyyat