“Dənizdən-dənizə dövlət” xülyası Ermənistanı uçuruma apardı - ŞƏRH

“Dənizdən-dənizə dövlət” xülyası Ermənistanı uçuruma apardı -   ŞƏRH
  01 Mart 2021    Oxunub:3287
Fevralın 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bir sıra mühüm açıqlamalar verdi ki, bunlardan biri də Ermənistanın hazırda düşdüyü ağır durumla bağlı idi.
Ölkə başçısı aşkar şəkildə bildirdi ki, İrəvanın indi uçurumda olmasının əsas səbəbləri uzun illər Koçaryan-Sarkisyan xuntasının, Paşinyan rejiminin işğalçılıq siyasətindən və əsassız iddialardan əl çəkməməsidir. Həmçinin bu siyasətə qarşılıq olaraq Azərbaycanın Ermənistanı bütün beynəlxalq və regional layihələrdən təcrid etməsi, onu iqtisadi cəhətdən sarsıtması, çökdürməsi də indiki situasiyanın məntiqi nəticəsidir.

Məsələni Azvision.az –a şərh edən politoloq Qabil Hüseynli deyir ki, əksər ölkə başçıları media üçün üstüörtülü danışsalar da, Azərbaycan Prezidentinin bütün reallıqları ortaya qoyması təqdir olunmalıdır. Onun sözlərinə görə, Prezidentin Ermənistanla bağlı mətbuat konfransında səsləndirdiyi fikirlər xüsusilə diqqəti çəkirdi:

“Əlbəttə, Prezidentin qonşu dövlətdə yaranmış faciəvi durumun səbəbləri ilə bağlı səsləndirdiyi fikirlər reallığı tam əks etdirir. Məsələni dərindən şərh etsək, ortaya belə bir qəribə mənzərə çıxır. Ermənistana göndərilən silahların demək olar ki, hamısı Rusiya tərəfindən kredit adı altında pulsuz çatdırılır. Hələ o kreditlərin heç biri qaytarılmayıb. Bu gəliri az olan ölkədə uzun illər orduya yersiz vəsaitlərin ayrılması, onun saxlanması, müdafiə xərclərinin digər istiqamətləri mövcud olub. Özü də ermənilər beynəlxalq aləmdə, beynəlxalq qanunlarla başqasının torpağı sayılan böyük bir əraziyə xeyli sayda ordu yığmışdılar. Perspektiv vəd etməyən bu proseslər sadə ermənilərin cibindən ayrıca vəsaitin dartıb çıxarılmasını tələb edirdi. Üstəlik uzun illər diqqəti dinc yaşamaqdan, inkişafdan, əhalinin maddi rifahının yüksəldilməsindən yayındırılıb, populist şüarlarla, “müharibə aparırıq”, “əsas cəbhədir”, “gənclərimiz iki il xidmət keçməyə məhkumdur” və s. tipli çürük ideya və çağırışları həyata keçirməklə vətəndaşların zəruri ehtiyaclarını diqqətdən kənarda saxlayırdılar”.



Politoloqun fikrincə, ermənilərə ünvanlanmış “hünərləri var, burunlarını Qarabağ torpaqlarına soxsunlar” mesajı boşuna verilmir. Eləcə də Qarabağ klanının, mafiyasının uzun illər İrəvanı məhv, talan etməsi də təsadüfdən xatırladılmadı:

“Erməni xalqı üçün ən təhlükəlisi Koçaryan-Sarkisyan xuntası idi ki, zamanında korrupsiya burada pik həddə çatmışdı. Korrupsiya və xalqın büdcəsini məhv edən neqativ iqtisadi amillər elə bir mərhələyə gəlmişdi ki, ölkədə insanlar ancaq xaricə qaçmaqla özlərinə nicat tapırdılar. Qarabağ klanı faktiki olaraq iqtisadiyyatın bütün sahələrini ələ keçirmişdi, bu ölkədə sadə erməninin rüşvətsiz iş başına keçməsi mümkün deyildi. İrəvanda özbaşınalıq, kriminal hadisələrin ört-basdır edilməsi klanın yürütdüyü digər mafioz siyasət ortaya qorxulu bir mənzərə çıxarmışdı. Hər bir şəhər və kənddə əhali qorxu, səksəkə, sosial problemlər məngənəsində sıxılırdı. Bütün bunların nəticəsi idi ki, 2008-ci ilin martında, Koçaryanın hakimiyyət müddəti bitib, Sarkisyan iqtidara gələn zaman küçələrdə toplanmış həmin minlərlə narazı əhalinin üzərinə atəş açıldı. Belə bir vəhşi tandemin yaratdığı idarəçilər, kiçik məmurlar, klanın sadiq qulları xalqı qırmağa da hazır idilər. Xatırladım ki, həmin vaxt 36 nəfər ölmüşdü, 100-dən çox yaralının olduğu deyilirdi. Bildirmək istəyirəm ki, bəli, Prezident fikirlərində haqlıdır, ermənilərin bugünkü uçurumda çabalamalarının yeganə günahkarı və səbəbkarı öz siyasi elitaları, xəstə təfəkkürləridir. Başqasının torpağında aparılmış müharibə, 30 illik münaqişə vəziyyəti, qonşularla normal münasibətin olmaması faşist və anormal siyasi ideologiyanın saxlanması ölkəni qaranlıq bir yola daşımalı idi”.

Qabil Hüseynli daha sonra ölkə başçısının ermənilərin Türkiyəyə də torpaq iddiası ilə çıxış etmələri barədə fikirlərini yada saldı. Bildirdi ki, söhbət yalnız Qarabağ torpaqları deyil, regionu ələ keçirməyə hesablanmış anormal siyasi iddiadan gedir:

“Ölkə başçısı çox gözəl vurğuladı ki, siz kimsiz axı, kiçik bir dövlət ola-ola Türkiyə kimi nəhəng ölkəyə, NATO-da əsas güclərdən sayılan dövlətə ərazi iddiası irəli sürürsünüz. Dənizdən-dənizə dövlət ideyasını hansı ağıllı adam qəbul edə bilərdi? Sənin sonuncu “dövlət” dediyin quruluşun bizim eranın 62-ci ilində olubdur. Tiqran adlı rəhbərin isə bir qəbilə başçısı olub. Roma imperatoru Xəzər sahillərinə qədər gələrkən onları, Tiqranın ordusunu cəmi 3 saat ərzində silib süpürüb, yer üzündən yox edib. Axırıncı “dövlət”iniz də bu sayılır. Əslində heç tarixçilər buna dövlət də demirlər. Sonradan oradan-buradan torpaq oğurlamaqla, dünya güclərinin əlində başqalarına təsir vasitəsi olmağa razılaşmaq, qılıqlara girməklə əzəli, qədim Azərbaycan torpaqları ərazisində indiki Ermənistanı qurdunuz. Hansı ki, yüzlərlə tarixi abidələrimizi qorxaraq sildilər ki, ortada sübut qalmasın. İndi isə Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq istəyirlər. Ölkə başçısı bununla bağlı dəfələrlə dünyaya mesaj verib ki, bu mümkün olmayacaq! Ermənilər artıq bir dəfə öz müqəddəratını təyin ediblər, beynəlxalq güclər onlara dövlət qurmağa şərait yaradıblar.

Dünyada minlərlə xalq var ki, öz dövlətini qura bilməyiblər. Tatarlar rusları bir zaman 300 il öz əsarətində saxlamış xalqdır. Amma indi onların özləri belə müqəddəratlarını təyin edə bilməyiblər. Muxtar quruma malikdirlər, Rusiya Federasiyası çərçivəsində elə bir hüquqları da yoxdur. Amma siz Qafqaza yerləşdirilən 2 milyondan bir qədər çox əhalisi olan faşist düşüncəli bir millətsiniz ki, tarixi boşluqlardan istifadə edib, özünüzə bir dəfə dövlət qura bilmisiniz. Belə olan halda, bir xalq üçün 2 dövlət qurmaq istəyirsiniz. Ümumiyyətlə, bu xalq başabəla xalq olduğunu 44 günlük müharibədə bir daha sübut etdi.

Ermənistanın indiki rəzil və ağır duruma düşməsinin əsas səbəblərindən biri də məhz Azərbaycanın yürütdüyü təcrid siyasəti idi. Müharibə, müharibənin yaratdığı xərclər, atəşkəs dövründə ölkə iqtisadiyyata lazımi diqqətin ayrılmaması ilə yanaşı ölkənin sağdan-soldan sıxılması, sərhədlərin bağlı qalması, regional layihələrdən təcrid edilməsi də öz sözünü dedi. Qonşularla düşmənçilik münasibətində olmasaydılar, əlbəttə ki, Bakı—Tbilisi-Ceyhan kəməri Ermənistandan keçəcəkdi. TANAP, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Supsa layihələri elə-belə layihələr deyildi. Regional layihələr Gürcüstan büdcəsinə xeyli miqdarda gəlir gətirir. Belə layihələr Ermənistan ərazisində reallaşdırılsaydı, indi situasiya fərqli olardı. Erməni iqtisadiyyatı çökmüş yox, yüksələn xətt üzrə inkişaf edərdi. Bunların hələ də tutduğu xətt isə uçuruma aparan xətdir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Qarabağ   İşğal  





Xəbər lenti