Paşinyan yenə özünü ifşa etdi - “İsgəndər” açıqlaması təkzib olundu

Paşinyan yenə özünü ifşa etdi -  “İsgəndər” açıqlaması təkzib olundu
  01 Mart 2021    Oxunub:4162
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın “İsgəndər” raket sistemlərinin effektivliyi ilə bağlı yanılıb.
Azvision.az xəbər verir ki, bu barədə "Armenpress"ə Paşinyanın mətbuat katibi Mane Qevorkyan bildirib.

Onun sözlərinə görə, Paşinyanın açıqlamasına səhv məlumatlandırma səbəb olub, bu məsələ ötən gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı gündəmə gətirilib.

"Ermənistanın baş naziri ilə Rusiya Prezidenti arasındakı telefon danışığı zamanı digər məsələlərlə yanaşı, "İsgəndər" sistemlərinin Ermənistan tərəfindən istifadəsinə dair hökumət rəhbərinin açıqlaması da müzakirə edildi. Baş nazir faktları və məlumatları müqayisə edərək, bu vəziyyət barədə ona səhv məlumat verildiyi qənaətinə gəldi", - Qevorkyan əlavə edib.

O bildirib ki, Paşinyanın məlum açıqlamasının hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində Ermənistan-Rusiya müttəfiq münasibətlərinin məzmunu və keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur.

"Rus silahlarının dünyanın ən yaxşı silahlarından biri olduğuna şübhə yoxdur".

Mətbuat katibi, Ermənistanın Rusiya ilə hərbi sənaye və yüksək texnologiyalar sahəsində sıx əməkdaşlığı davam etdirdiyini və bu əməkdaşlığı daha da dərinləşdirmək üçün addımlar atmaq niyyətində olduğunu vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Paşinyan yerli KİV-ə müsahibəsində 44 günlük Qarabağ müharibəsi zamanı "İsgəndər" raketlərindən istifadə edildiyini, lakin partlamadığını, yaxud 10 faiz partladığını demişdi. Onun "İsgəndər"lə bağlı fikirləri Rusiyada etirazla qarşılanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti