Ermənistanın Azərbaycana qarşı mina təxribatı

Ermənistanın Azərbaycana qarşı mina təxribatı
  01 Mart 2021    Oxunub:8271
Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bir çox məsələlərdən danışdı, o cümlədən Ermənistanın 30 ilə yaxın işğalda saxladığı Azərbaycan torpaqlarını minalamasından söz açdı. Dövlət başçısı çıxışında qeyd etdi ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməməsi cinayətdir.
Prezident jurnalistlərin sualına cavab olaraq deyib: "Erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib. Bu gün bizdə mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil. Yəni, əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözdə bir cür danışır, əməldə isə başqa cür hərəkət edirlər. Biz onların hərbi əsirlərini, həlak olanların cəsədlərini verdik. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə erməni tərəfin nümayəndələri, sülhməramlı missiya və bizim nümayəndələr birlikdə mindən çox həlak olmuş erməni hərbi qulluqçusunun cəsədlərini tapdılar və erməni tərəfə verdilər. Biz özümüzü əxlaq normalarına və ümumbəşəri davranış normalarına müvafiq şəkildə aparırıq. Lakin minalanmış sahələrin xəritələrini bizə verməmək dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək deməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər? Belə olan təqdirdə birtərəfli əməkdaşlıq ola bilməz".



Hərbi ekspert Ədalət Verdiyev Azvision.az -a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında minalanmış sahələrlə bağlı məsələyə toxunması, Ermənistan tərəfinin minalanmış sahələrin xəritəsini Azərbaycana təqdim etməməsi barədə məlumat verməsi heç də təsadüfi deyil.

Onun sözlərinə görə, istənilən müharibə və münaqişə başa çatdıqdan sonra həmin ərazilərin ən böyük problemi insanların həyatı üçün real təhlükə törədən minalar, partlamamış hərbi sursatlar və əldə hazırlanmış xüsusi partlayıcı qurğulardan ibarət olur.

"Azərbaycan Ordusunun azad etdiyi 100 kvadrat kilometrdən artıq ərazidə təmizlənmə işləri çox böyük vəsait və müddət tələb edir. Lakin bu ərazilərin xəritələrinin Ermənistan tərəfindən Azərbaycana verilməsi axtarış prosesində iştirak edən qüvvələrimizin daha qısa müddətdə öz funksiyalarını başa çatdırması ilə nəticələnə bilər. Ermənistan tərəfi isə bu günə qədər Azərbaycana bir dənə də olsun xəritə, sxem və s. təqdim etməyib. İddia etmirəm ki, Ermənistan tərəfində bütün ərazilərin dəqiq və səlis halda hazırlanmış xəritələri mövcuddur. Amma, Ermənistan tərəfində bu xəritələrin müəyyən bir hissəsinin olması şübhəsizdir. Əfsuslar olsun ki, Ermənistan tərəfi daim özünün maraqlarını təmin edəcək tələblərlə çıxış edir. Onların Azərbaycan əhalisinin təhlükəsizliyinin tez bir zamanda təmin olunması üçün addımlar atmaması onu göstərir ki, Ermənistan tərəfi heç də gələcəkdə mehriban qonşuluq şəraitində yaşamaq niyyətində deyil. Ən azından bu xəritələrin bir hissəsinin Azərbaycana verilməsi Ermənistanın minaların törətdiyi təhlükələrin qarşısının alınmasında xoş niyyət istiqamətində atılan bir addımı kimi dəyərləndirilə bilərdi. Göründüyü kimi, bu prosesləri müşahidə etmirik".



Hərbi ekspertin fikrincə, Ermənistanın bu xəritələri verməməsi o demək deyil ki, Azərbaycan bu proseslərdə hansısa çətinliklərlə qarşılaşacaq.

"Bunun üçün Azərbaycan əlavə qüvvə və vasitələr ayırıb. Mühəndis istehkam qoşunlarımızın tərkibində yeni mühəndis-istehkam taborları yaradılıb. Azərbaycan Minatəmizləmə Agentliyinin tərkibi genişləndirilib. Xarici şirkətlər və tərəfdaş ölkələr minatəmizləməyə cəlb edilib. Mühəndis bölmələrimiz qardaş Türkiyədən və digər Avropa ölkələrindən alınan müasir minatəmizləmə vasitələri ilə fəaliyyətlərinə davam edirlər. Yeni vasitə və avadanlıqların alınması davam edir. Lakin bu xəritələrin olmaması proseslərin başa çatdırılma müddətini uzadır. Bunun nəticəsində isə təbii ki, mülki əhali və hərbçilər tərəfindən ehtiyatsızlıq ucbatından xəsarət alanlar və ya həyatını itirənlər olacaq. Ermənistan tərəfi xəritələri Azərbaycana verməməklə, insan həyatına bir parça kağız qədər önəm vermədiyini nümayiş etdirir".

Qeyd edək ki, müharibələr tarixinin ən acınacaqlı statistikalarından biri mülki şəxslərin minalardan əziyyət çəkməsidir. Yaxın keçmişə nəzər salsaq, Birinci Qarabağ müharibəsindən tutmuş, Balkan savaşı, Əfqanıstan və İraq, Suriya müharibələrində minlərlə dinc sakinin hərbi məqsədlər üçün basdırılmış minaların qurbanı olduğunu görə bilərik.

Beynəlxalq təcrübəyə əsasən, münaqişələr bitdikdən sonra əksər hallarda minalı sahələrin xəritələri qarşı tərəfə təqdim edilir ki, gələcəkdə mülki əhali bundan zərər görməsin. Ermənistan isə 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının minalanmış xəritələrini nəinki təhvil vermir, hətta bu ərazilərdə hər yeri, hərbi təyinatı olmayan torpaqları belə minalayıb. Təbii ki, burada məqsəd mümkün qədər çoxlu sayda mülki şəxslərin həlak olmasıdır. Əslində isə postmüharibə dövründə əldə olan minalı sahələrin xəritəsinin təqdim edilməməsi bu ərazilərə sakinlərin qayıdışını çətinləşdirməyə, uzatmağa, onların ölüm təhlükəsinin artmasına yönəlmiş hərbi cinayət sayıla bilər.



Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov hesab edir ki, mina xəritələrinin verilməməsi Ermənistanın Azərbaycana qarşı növbəti təxribatııdır:

“Onlar həmişə istəyiblər ki, azərbaycanlılardan çoxlu sayda itki olsun. İstər işğal zamanı, istərsə də 44 günlük Vətən müharibəsindən sonra işğalçılar bizə qarşı kin-küdurətindən geri qalmadılar. Elə bilirsiniz ki, İrəvanda rəsmi Bakının dağılmış infrastrukturu tez bir zamanda bərpa etməsini istəyirlər? Təbii ki, ermənilər yüz minlərlə yerli azərbaycanlının dədə-baba yurduna asan şəkildə qayıtmasında maraqlı deyillər. Onlar əvvəlki 30 ildə necə qatı düşmənçilik mövqeyi sərgiləyirdilərsə, indi də o mövqelərini davam etdirirlər. Ona görə də faşist düşüncəsində olan düşməndən nəyisə gözləmək sadəlövhlük olar. Digər tərəfdən, məsələyə professionalcasına yanaşsaq, qarşı tərəfdən hansısa xəritə bizə təqdim edilsə belə, buna inanmaq olmaz. Çünki 90-cı illərdə xeyli minalanmış sahələr oldu, atəşkəs dövründə isə bu işlər daha da genişləndirildi. İndi o xəritələrin nə qədər real olması, onların işlənməsi zamanı bu sənədləri hazırlayanların nə qədər professional olması da şübhə altındadır. Yəni belə məsələlər də sual doğurur. Nəhayət, onlar hazır sənədlər versələr belə, bizdən buna kimsə etibar edərmi? Heç kim. Çünki belə bir xəritə tapılıb verilsə də, orada göstəriləcək ki, filan yerlər minalanmış sahələrdir, digər yerlər isə yox. Biz deyilən əraziləri təmizləyəcəyik. Başqa minalı sahə kimi göstərilməyən istiqamətlərdə isə təhlükənin olub-olmamasına heç kim zəmanət verə bilməyəcək.

Hesab edirəm ki, əhalimizin təhlükəsizliyi məsələləri, o cümlədən minalı ərazilərin təmizlənməsi bizim öz işimiz olmalıdır, kimsənin verdiyi xəritəyə etibar etməməliyik. Erməni hələ də bizim dostumuz sayılmır. Bizə düşmən kimi baxan yaralı, ordusunun 90 faizi məhv edilmiş bir dövlət Azərbaycanın qələbəsini hələ də həzm edə bilmir”, - deyə Ş.Ramaldanov vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Ermənistan   Mina   Xəritə  





Xəbər lenti