COVID-19-la effektiv mübarizədə Azərbaycan nümunəsi

COVID-19-la effektiv mübarizədə Azərbaycan nümunəsi
  01 Mart 2021    Oxunub:3366
Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı önəmli məqamlarla yadda qaldı. 4 saatdan artıq müddətdə 35 ölkəni təmsil edən jurnalistlərin 50-dən çox sualını 4 dildə cavablandıran ölkə başçısının toxunduğu hər məsələ dünya mətbuatının maneştlərində geniş işıqlandırdı.
Konfransda rusiyalı jurnalistin ölkədə vaksinasiya ilə bağlı verdiyi suala cavabda Prezident İlham Əliyevin geniş izahı və vaksinin əldə olunmasına dair dünyanın kasıb ölkələrində yaşanan problemlərin ön plana çıxarılması diqqətçəkən məqamlardan oldu.

Ölkə başçısının qeyd etdiyi kimi Azərbaycan COVID-19 pandemiyası başlayan gündən tətbiq etdiyi qabaqlayıcı tədbirlərlə bir sıra ölkələr üçün nümunəvi olub. COVID-19-la effektiv mübarizədə Azərbaycan nümunəsi vaksinasiya tədbirlərində də davam etdirilir.

Ölkəmizdə yanvarın 18-dən koronavirus infeksiyasına qarşı vaksinasiyaya başlanılıb. Prezidentin mətbuat konfransında qeyd etdiyi kimi Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir. “Biz peyvəndləməyə yanvarın 18-də başlamışıq, yəni Avropada peyvəndləmə başlanandan cəmi bir ay sonra”.

Azərbaycanda Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronoVAC" vaksinindən istifadə edilir. Hazırkı dövrədək koronavirus infeksiyasına qarşı peyvəndlənmə prosesində 273 min 198 vətəndaş iştirak edib.

Vaksinin əldə olunması üçün danışıqlar hələ ötən ilin yayından, peyvənd üzərində ilk sınaqlar başlayan andan aparılırdı. Prezident İlham Əliyev vətəndaşların sağlamlığını hər şeydən üstün tutaraq vaksinin tezliklə ölkəyə gətirilməsini təmin etdi. Bu məqsədlə Azərbaycan dövləti hələ üçüncü faza sınaqları tamamlanan peyvəndlərin əldə olunması üçün bir sıra iki tərəfli və çoxtərəfli müqavilələr imzaladı. Çin istehsalı 4 milyon doz inaktiv vaksinin ölkəyə gətirilməsi üçün “Sinovac” şirkəti ilə müqavilə bağlandı. Bundan əlavə, ölkəmiz COVAX platformasına qoşulan ilk ölkələrdən oldu. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, ÜST tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq. Sazişə görə, ÜST-ün prekvalifikasiya mərhələsindən keçmiş COVID-19 əleyhinə peyvənd istehsal olunduqda Azərbaycan peyvəndi ilk əldə edən ölkələrdən biri olacaq.

Vaksinin əldə olunması ilə yanaşı, onu kimlərə vurulması da vacib idi. Əhali arasında planlı vaksinasiyanın aparılması üçün “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olundu. Strategiyaya əsasən, ölkəmizdə ilk növbədə yüksək risk qrupunda olan şəxslər vaksinasiya olunur. Belə ki, yanvarın 18-dən səhiyyə işçilərinin, fevralın 8-dən 65 yaşdan yuxarı şəxslərin, fevralın 17-dən isə 50 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanıldı.

Ümumiyyətlə, Azərbaycan ilk günlərdən koronavirus infeksiyasına qarşı ən adekvat addım atan və qabaqlayıcı tədbir görən ölkələrdən biridir. Ölkədə koronavirusa yoluxan ilk şəxsin müəyyən edilməsindən sonra COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi, ölkəmizdə insanların həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. İlk dövrlərdən virusa yoluxanlarla yanaşı, onun əlaqədə olduğu şəxslər də cəmiyyətdən təcrid olunub, 14 günlük karantində saxlanılırdı.

Koronavirusa yoluxan şəxslərin hər birininin xəstəxanalara yerləşdirilməsi üçün tez bir zamanda 13 modul tipli xəstəxanalar açıldı. Müasir standartlarla tikilən və Prezidentin açılışında iştirak etdiyi “Yeni klinika” ilk gündən koronaviruslu xəstələrin müalicəsi üçün istifadəyə verildi. Həmçinin karantin dövründə özəl xəstəxanalar da viruslu xəstələrin müalicəsi üçün ayrıldı. Yoluxan şəxslərdən testlərin götürülməsi və xəstəxanalarda müalicəsi tam dövlət hesabına həyata keçirilir. Həmçinin bu xəstələrin müalicəsində aktiv iştirak edən həkimlərin əmək haqları artırıldı. Xəstələrin tez bir zamanda aşkarlanması üçün keçirilən testlərin sayı artırıldı, 42 müasir laboratoriya istifadəyə verildi. Məhz bunun nəticəsində ölkədə bir gündə 20 minə yaxın test keçirmək mümkün oldu.

Yoluxma sayının daha da artmaması və insan ölümlərinin qarşısını almaq məqsədilə müxtəlif vaxtlarda sərt karantin rejimi tətbiq edildi, qapanmalar oldu. Əksepidemik tədbirlərin dövlət tərəfindən idarə olunması nəticəsində mövcud vəziyyətin ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısı alındı. Bu dövrdə Prezidentin müvafiq sərəncamına uyğun olaraq, iqtisadiyyata, həmçinin sahibkarlıq subyektlərinə genişmiqyaslı dövlət dəstəyi göstərildi. Dəstək tədbirlərinə pandemiyanın zərərlərini azaltmaq, iş yerlərini qorumaq üçün maliyyə dəstəyinin göstərilməsi, müddətli vergi güzəştləri və tətillərinin tətbiq edilməsi, güzəştli kreditlərin verilməsi və digər mexanizmlər daxildir.

Məlumat üçün bildirək ki, 2020-ci il ərzində sahibkarlara 358 milyon manatdan çox maliyyə dəstəyi göstərilib, 115 milyon manat həcmində vergi güzəştləri paketi təqdim edilib, 169 milyon manat həcmində dövlət zəmanətli kreditlər ayrılıb, mövcud kreditlər üzrə 33 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul olunub.

Beləliklə, Azərbaycan pandemiya ilə mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görərək istədiyinə nail ola bilib. Pandemiya şəraitində əhali arasında xəstələnmə hallarının digər ölkələrlə müqayisədə az olması, ölüm səviyyəsinin yüksək olmaması aparılmış əksepidemik tədbirlərin səmərəliliyini əks etdirir.

Prezident İlham Əliyev yerli və xarici media nümayəndələrinin suallarını cavablandırarkən karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması üzrə görülmüş tədbirlərin kifayət qədər səmərəli olduğunu diqqətə çatdırdı:

“Bizdə yoluxmanın səviyyəsi kifayət qədər aşağıdır. Koronavirusa yoluxmuş insanların sayı hazırda 200 mindən bir qədər çoxdur. Bugünkü vəziyyətə görə, aktiv xəstələrin sayı 2 mindən bir qədər artıqdır. Bizim xəstəxanalarda boş yerlər çoxdur. Ona görə ki, əvvələn pandemiyanın ilk aylarında biz 10-dan çox modul tipli yeni xəstəxana yaratmışıq, həmçinin son iki ayda yoluxanların və sağalanların sayı arasında sağalanların xeyrinə müsbət dinamika müşahidə olunur”.

Azərbaycan Prezident İlham Əliyevin uzun illər apardığı iqtisadi-siyasət nəticəsində əldə edilən uğurlar sayəsində dünyanı cənginə alan bəladan tez zamanda qurtulmağa çalışır. Dünyanın varlı və nəhəng ölkələri ilə eyni vaxtda Azərbaycan da vaksini ilk əldə edənlər sırasında yer aldı. Lakin buna heç də bütün ölkələr nail ola bilmir. Təsadüfi deyil ki, Azərbaycanın koronavirusa qarşı mübarizə təcrübəsi pandemiyanın ilk günündən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən digər ölkələrə nümunə göstərilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Pandemiya   Koronavirus  





Xəbər lenti