“Ən müasir silahların alınması üçün yeni müqavilələr imzalanıb” - Prezident

 “Ən müasir silahların alınması üçün yeni müqavilələr imzalanıb” -  Prezident
  26 Fevral 2021    Oxunub:1856
"Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, bizə üstünlük verib".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

"Müharibədən sonra da danışıqlarımız davam edir. Yeni müqavilələr imzalanıb. Türkiyə tərəfi ilə orada istehsal edilən ən müasir silah növlərinin ölkəyə gətirilməsi üçün razılaşma əldə edilir. Yeni müqavilələr imzalanıb və bu, bizim hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək. Bildiyiniz kimi Türkiyə-Azərbaycan birgə hərbi təlimləri də müntəzəm olaraq keçirilir.

Ötən il pandemiyaya görə bir az az keçirildi. Halbuki 2019-cu ildə 10-dan çox keçirilib. Bu dəfə Qarsda keçirilib. Bu sahədə də işlər aparılacaq. Azad ediləcək torpaqlarda türk şirkətlərini görmək istəyirik və əminəm ki, görəcəyik. Görüləcək işlər çoxdur və əminəm ki, bundan sonra da birlikdə addımlayacağıq", - Prezident əlavə edib.

Dövlət başçısı vurğulayıb ki, Türkiyə şirkətləri Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı artıq fəaliyyətdədirlər. Bundan başqa, Göygöldən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri işləyir:

"Paralel olaraq Türkiyə şirkətləri bundan əvvəl də Azərbaycanda fəal idi. Dövlət xətti ilə icra olunan layihələrdə ən çox yer alan Türkiyə şirkətləridir. Dəqiq rəqəmləri xatırlamıram, ancaq haradasa 10 milyard dollardan çox dəyəri olan layihələrdə türk şirkətləri müxtəlif inşaat layihələrində Bakı və bir çox yerlərdə iştirak ediblər. Görüləcək işlərin həcmi çox böyükdür və bu barədə Rəcəb Tayyib Ərdoğanla dəfələrlə danışmışıq. Bütün bu işləri birgə edəcəyik. Türkiyə şirkətlərinin buradakı fəaliyyəti üçün yeni imkanlar yaranacaq".

Azvision.az


Teqlər: İlham-Əliyev   Türkiyə  





Xəbər lenti