Paşinyanın 3 variantı var – Ekspert

  26 Fevral 2021    Oxunub : 2011
Paşinyanın 3 variantı var –    Ekspert
Hazırda Ermənistandakı siyasi böhran, müxalifətin aksiyaları və iki tərəfin arasında yaşanan toqquşmaların nə ilə yekunlaşacağı böyük maraq doğuran suallardandır. Strateji Kommunikasiyalar Mərkəzinin sədr müavini Əli Abdullayevin fikrincə, məsələyə bir neçə tərəfdən baxmaq lazımdır.
- Bir tərəfdən, mitinqlərdə iştirakçı sayının 20-30 min nəfərdən artıq olmaması xalqın müxalif qüvvələrə tam dəstək vermədiyini göstərir. Müxalifətin etiraz aksiyalarına qatılan şəxslərin yaş kateqoriyasına nəzər yetirdikdə, öncəki illərlə müqayisədə bu dəfə gənclər və tələbələrdən çox, orta yaşlı təbəqənin aksiyalara çıxdığını görmək olar. Aksiyaların təşkilatçıları arasında köhnə hakimiyyət nümayəndələrinin olması da əhalinin mitinqlərə marağının zəif olmasına təsir edən əsas amillərdəndir.

Əli Abdullayev deyir ki, baş nazir Nikol Paşinyanın ilk dəfə öz tərəfdarlarını yürüşə çağırması və şəxsən həmin tədbirdə iştirak etməsi Ermənistan üçün bir yenilikdir. Paşinyana dəstək yürüşündə iştirakçıların sayının daha az olmasına baxmayaraq, onun bu addımı hakimiyyət uğrunda gedən mübarizədə tək qalmadığını ortaya qoyur.

- Hazırda Paşinyanın arxasında dayanan əsas qüvvənin hüquq-mühafizə orqanları olduğunu nəzərə alsaq, hər şey onların mövqeyinin dəyişib-dəyişməyəcəyindən asılıdır. MTX-nin sabiq yüksək rütbəli vəzifəliləri qurumun hazırkı rəhbərliyinə müraciət edərək, proseslərə müdaxilə etməməyə çağırıb. Eyni çağırış sabiq polis rəisi tərəfindən polis qüvvələrinə də edilib. Bununla belə, ordunun Paşinyana qarşı addım atması artıq onun sonunun yaxınlaşmasına bir işarədir.



Ekspertin fikrincə, hazırkı etiraz aksiyalarını öncəki hakimiyyətə qarşı baş verən mitinqlərlə müqayisə etdikdə, eyni ssenarinin təkrarlandığını görmək olar. Paşinyanın 25 fevral yürüşü zamanı evlərinin pəncərələrindən baxan vətəndaşların “satqın” deyə qışqırmaları ölkədə narazılığın ən yüksək həddə çatdığını göstərir. Sosial şəbəkələrdə Nikol Paşinyan artıq sadəcə satqınlıqda deyil, korrupsiyada da ittiham edilir. Belə ki, ötən gün yayılan sənədə görə, hakimiyyət nümayəndələri “Ayastan” fonduna ordu üçün diaspora tərəfindən yığılan vəsaitin təxminən 11 milyon dollarından öz məqsədləri üçün istifadə ediblər. Bunlardan əlavə, xarici ölkələrdən gələn reaksiyalar da Ermənistanda artıq dəyişikliyin baş verəcəyinə işarə edir.

Əli Abdullayev deyir ki, qarşıdakı günlərdə hadisələrin bu ssenarilərdən biri üzrə inkişaf edəcəyini gözləmək olar: Ya Paşinyan öz istəyi ilə istefa verəcək, ya istefa vermədən növbədənkənar parlament seçkilərini təyin edəcək, ya da ölkədən gedərək, legitimliyini qorumağa çalışmaqla, müxalifəti hakimiyyəti qeyri-qanuni şəkildə ələ keçirməkdə ittiham edəcək.

Azvision.az

Teqlər: Ermənistan   Paşinyan