Energetika Nazirliyində kollegiya iclası keçirilib

  25 Fevral 2021    Oxunub : 1112
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Energetika Nazirliyində 2020-ci ilin yekunlarına və 2021-ci ildə qarşıda duran vəzifələrə dair video-konfrans formatında kollegiya iclası keçirilib.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə xalqımızın qan yaddaşına çevrilən Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı Xocalı qurbanlarının xatirəsi yad edilib. Bildirilib ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində qazanılmış şanlı qələbə ilə beynəlxalq ədalətin bərpasına nail olunub.

Azərbaycan-ABŞ energetika əməkdaşlığı müzakirə edildi
Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Vətən naminə canından keçmiş şəhidlərimiz dərin hörmət və hüznlə anılıb və Xocalı faciəsindən bəhs edən video-çarx nümayiş etdirilib.

Kollegiya iclası 2020-ci ildə görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrə dair müzakirələrlə davam edib. İclasda neft-qaz, elektronergetika, enerji səmərəliliyi, energetika sahəsində hüquqi-normativ bazanın təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq, tənzimləyici mühitin inkişaf etdirilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə 2020-ci ildə görülmüş işlərə dair nazirliyin aparatının müvafiq struktur bölmələrinin, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin hesabatları dinlənilib.

Daha sonra iclasda icra intizamı, vətəndaş müraciətlərinə baxılması məsələləri müzakirə edilib.

Yekunda kollegiyanın sədri, energetika naziri Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin, o cümlədən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq yaşıl enerji məkanının yaradılması, həmçinin işğaldan azad olunmuş ərazilərin yaşıl enerji zonasına çevrilməsi, bərpa olunan enerji mənbələrindən istifadə və enerji səmərəliliyi, dövlət proqramlarının icrası, beynəlxalq əməkdaşlıq, icra intizamının daha da gücləndirilməsi, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması və digər məsələlərlə bağlı nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verib.

Azvision.az

Teqlər: EnergetikaNazirliyi