Xocalı soyqırımı ilə bağlı Norveç hökumətinə müraciət

  24 Fevral 2021    Oxunub : 1294
Xocalı soyqırımı ilə bağlı Norveç hökumətinə müraciət
Norveçdə fəaliyyət göstərən "CAN" diaspor təşkilatı Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində bu ölkənin Xarici İşlər Nazirliyinə və parlamentinə müraciət edib.
Diasporla İş Üzrə Dövlət Komitəsindən Azvision.az -a bildirilib ki, təşkilatın rəhbəri Şervin Nəcəfpurun imzası ilə rəsmi qurumlara ünvanlanan müraciətdə bildirilib ki, bəşəriyyət tarixində müharibələr zamanı müdafiəsiz mülki insanlara qarşı törədilmiş faciələr çoxdur, lakin Xocalıda baş vermiş qırğın sivil dünyanın onurğasında titrətmə doğurub. "Azərbaycanın Xocalı şəhərindəki qanlı qırğın milli nifrətin və soyqırımın bu gün də mövcud olmasının bariz nümunəsidir".

Müraciətdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə müfəssəl məlumat verilib. BMT, Avropa Şurası, ATƏT və "Human Rights Watch" kimi beynəlxalq təşkilatların Xocalıda baş verən faciəni pislədikləri nəzərə çatdırılıb.

Qeyd edilib ki, ailə üzvlərinin və doğmalarınin qətlə yetirildiyinə şahid olanlar güclü sarsıntıya məruz qalıblar, hələ də həmin dəhşətləri qorxu içində xatırlayırlar, yalnız bu faciənin rəsmən tanınması, cinayətkarların cəzalandırılması Xocalı sakinlərinə mənəvi dəstək ola bilər.

Bir sıra dövlətlərin, eləcə də ABŞ-ın 22 ştatının Xocalı soyqırımını tanıdığını xatırladan müəllif Norveç hökumətini və siyasətçilərini bu qanlı qırğının tanınması təşəbbüsü ilə çıxış etməyə çağırıb: "Gəlin həqiqətə arxamızı çevirməyək! Bu barədə danışaq və elə edək ki, etnik təmizləmə və soyqırımı bir daha təkrarlanmasın!".

Azvision.az

Teqlər: Norveç   Xocalı