Komissiya üzvü: “Əfvlə bağlı müraciətlər çoxdur”

  Komissiya üzvü:  “Əfvlə bağlı müraciətlər çoxdur”
  24 Fevral 2021    Oxunub:2298
“Mart ayında yeni əfvin olacağı barədə məlumatlı deyiləm. Biz ancaq əfv məsələləri ilə bağlı müraciətlərə baxırıq, konkret vaxta dair nə isə deyə bilmərəm".
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Fazil Mustafa bildirib. O, müraciətlərin çox olduğunu söyləyib:

"Əfvetmə Azərbaycan Prezidentinin müstəsna səlahiyyətində olduğu üçün əfvin vaxtı bizdən asılı məsələ deyil. Yəni hazır sənədlər yığılır, müraciətlər araşdırılır və baxıldıqdan sonra ölkə başçısının istədiyi vaxtda əfv verilə bilər. Hökm deyil ki, martda baş tutsun. Əfv başqa ayda, apreldə də ola bilər. Hər halda müraciətlər çoxdur”.

Deputat bu gün Komissiyanın növbəti iclasının keçiriləcəyini deyib:

“Bəzən seçicilərdən də müraciətlər gəlir və ümumilikdə vətəndaşların bu istiqamətdə müraciətlərini əfv komissiyasına yönəldirik. Onlar sənədləri müvafiq yerlərə göndərməklə məlumatlar toplanır və sonda əfv məsələləri müzakirəyə çıxarılır. Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək və iclasda əfvlə bağlı müraciətlərə baxılacaq”.

Qeyd edək ki, indiyədək komissiyanın iki iclası keçirilib. Ümumilikdə 200-dən çox müraciətə baxılıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Əfv   Deputat   Müraciət  





Xəbər lenti