“Bizdə pensiya yaş həddi yüksək deyil” - Nazirlik rəsmisi

“Bizdə pensiya yaş həddi yüksək deyil” -  Nazirlik rəsmisi
  23 Fevral 2021    Oxunub:2354
Azərbaycanda əhalinin pensiya yaş həddi yüksək deyil. Nazirlik olaraq bununla bağlı araşdırma aparırıq. Sosial iqtisadi inkişaf baxımından Azərbaycana yaxın ölkələrlə müqayisələr edilir.
Azvision.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.

Onun sözlərinə görə, elm və texnologiyaların, səhiyyənin inkişafı insanların həyat səviyyəsinin yaxşılaşmasına şərait yaradır.

“Buna görə də dünya ölkələrində pensiya yaş həddi mərhələli şəkildə artır. Bu, mütəmadi prosesdir. Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda orta ömür uzunluğu 77 ildir, pensiyaya çıxma yaşı isə 65-dir. Sosial şəbəkələrdə Azərbaycanda pensiya yaş həddinin yüksək olması ilə bağlı səsləndirilən fikirlər yanlışdır”.

E.Abbasov qeyd edib ki, bu gün ölkədə 1 milyon 232 min pensiyaçı var, onların 54 faizi 12 ildən artıq pensiya alır.

“Bu pensiyaçıların kapitalı artıq bitib, biz onları Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesablarına qarşılayırıq. Pensiyalardan biri yaşa görədir. Bundan əlavə, ailə başçısını itirməyə və əlilliyə görə pensiyalar verilir. Yalnış təfəkkürü qırmalıyıq ki, insan yalnız 65 yaşda pensiya alır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Pensiya  





Xəbər lenti