Azərbaycan diasporu ermənipərəst konqresmeni ədalətli mövqe tutmağa çağırdı
Müraciətdə 30 il ərzində Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin işğal altında saxlanıldığı, Dağlıq Qarabağ bölgəsində və ona bitişik 7 rayonda azərbaycanlılara qarşı etnik təmizlənmənin aparıldığı, Xocalı şəhərində mülki azərbaycanlılara qarşı hərbi cinayət və soyqırımı törədildiyi barədə ətraflı məlumat verilib.
Ermənistanın dəfələrlə Azərbaycan torpaqlarında hərbi təxribatlara əl atdığı, 44 günlük müharibəyə səbəb olduğu, döyüş meydanından uzaq olan Azərbaycan şəhərlərindəki yaşayış məntəqələrinə kasset və raket bombaları atması nəticəsində 104 dinc sakinin həlak olduğu və 416 nəfərin yaralandığı, işğaldan azad edilmiş Azərbaycan rayonlarının ermənilər tərəfindən xarabalığa çevrildiyi barədə dünyanın aparıcı kütləvi informasiya vasitələrinin reportajlar yayımladığı, beynəlxalq hüquq-müdafiə təşkilatlarının Ermənistanın mülki əhaliyə qarşı hücumlarını sərt şəkildə pislədiyi nəzərə çatdırılıb.
"Ümidvarıq ki, müharibənin ziyan vurduğu bölgədə etnik nifrət, haqsızlıq və işğal sona çatacaq və siz mövqeyinizdən yararlanaraq ABŞ konqresmeni və erməni məsələləri üzrə konqres qrupunun həmsədri kimi bölgədə sabitliyin inkişafı üçün sülhün təşviq olunmasına çalışacaqsınız", - deyə soydaşlarımız vurğulayıblar.
Azvision.az