Əsrin bəlası: Xilasımız vaksinasiyadan keçir

  31 Yanvar 2021    Oxunub : 11453
  Əsrin bəlası:  Xilasımız vaksinasiyadan keçir
Mütəxəssislərin fikrincə, dünyada pandemiyaların bitməsinin üç yolu var: ya virus özü-özünü öldürəcək qədər mutasiyaya uğramalı, ya kollektiv immunitet formalaşmalı, ya da ən effektiv yol hesab olunan vaksinasiya tətbiq olunmalıdır.
Virusun özünü məhv edəcək dərəcədə mutasiyası hələlik mümkün deyil. Araşdırmalara əsasən, bəzi mutasiyalar yoluxmanın daha sürətlə artmasına və şaxələnməsinə səbəb olur. Nəticədə infeksiyanın yayılmasının qarşısını almaq çətinləşir, səhiyyə sistemi dərin böhranla üz-üzə qalır.

İndiki durumda ən perspektivli variant vaksinasiya hesab olunur. Vaksinasiya süni yolla immunitetin yaranmasını sürətləndirir. Bununla koronavirusa yoluxma zənciri qırılır, infeksiyanın kütləvi yayılma prosesi səngiyir.

Uzunmüddətli araşdırma aparan tibb alimləri hesab edirlər ki, COVID-19 virusuna qarşı vaksiyasiya yeganə xilas yoludur. Vaksinasiyanın əhəmiyyəti infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

Artıq bir çox ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesinə başlanılıb. Ölkəmizdə yanvarın 18-dən etibarən koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsinə start verilib. Peyvəndləmə dövlət hesabına könüllü aparılır. İndiyədək 50 mindən çox vətəndaşa vaksin vurulub.

Birinci mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətin peyvəndlənməsi həyata keçirilir.

Fevralın 1-dən başlanılması planlaşdırılan ikinci mərhələdə tibbi cəhətdən yüksək risk qrupuna (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar) daxil olan şəxslər, 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olanlar, yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) vətəndaşların vaksinasiyası nəzərdə tutulur.

Peyvəndin tətbiqinə başlayan ilk ölkələr arasında yer alan Azərbaycanda Çinin “Sinovac” şirkətinin istehsalı olan “CoronaVac” vaksinindən istifadə olunur. Türkiyə daxil olmaqla bir çox dövlətlərin üstünlük verdiyi “CoronaVac” vaksini 91.25 faiz effektivdir.

"CoronaVac” peyvəndi tələb olunan standartlara uyğun bütün sınaq mərhələlərindən uğurla keçib. İndiyədək bu vaksinin ciddi fəsadlara səbəb ola biləcək yan təsirlərinə rast gəlinməyib. Sözügedən vaksin ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb.

Peyvəndlərin tətbiqi zamanı insanlarda müəyyən narahatlığın olması təbii haldır. Mütəxəssislər qeyd edirlər ki, hərarətin artması, baş və əzələ ağrıları kimi hallara rast gəlinə bilər. Lakin bunlar tamamilə təbii reaksiyalardır və ciddi narahatlığa qətiyyən əsas vermir.

Hazırda ölkəmizdə epidemioloji vəziyyəti qənaətbəxş hesab etmək olar. Növbəti mərhələdə tətbiq olunan bir aydan çox sərt karantin rejimi yoluxma hallarının kifayət qədər azalmasına, koronavirusdan ölüm faktlarının minimallaşmasına səbəb oldu. Əldə edilən müsbət tendensiya sərt karantin rejiminin yumlaşdılmasına, bəzi məhdudiyyətlərin aradan qaldırılmasına zəmin yaratdı. Dövlət bunu nəzərə alaraq vətəndaşların normal həyata qayıtmasını təmin etmək məqsədilə açılmalara qərar verdi.

İndiki nailiyyətlər yumşalmalar fonunda bizi arxayın etməməlidir və hamılıqla razılaşmalıyıq ki, yoluxmaların nisbətən azalması ölkəmizdə pandemiyanın başa çatması demək deyil. Təəssüflər olsun ki, virus ölməyib, gözlənilməz anda infeksiyaya yoluxa, öz yaxınlarımızı da pandemiyanın qurbanına çevirə bilərik. Əlbəttə, bu, hər birimiz üçün arzuolunmaz mənzərədir. Nəzərə alsaq ki, pademiyanın ilk aylarında "virus yoxdur", "boş şeydir" deyənlər arasında öz doğmalarını, yaxınlarını itirənlər də az olmadı. Gözəgörünməz düşmən dünyada indiyədək 2 milyondan çox insanın həyatına son qoyub. İnfeksiyanın qarşısı alınmasa, ölüm sayının daha çox olacağı istisna edilmir. Hətta pandemiya qurbanlarının 5 milyona yaxınlaşacağı barədə qonxunc iddialara da rast gəlmək olar. Son vaxtlar bir çox ölkələrdə koronavirusun yeni ştammlarının sürətlə yayılması həkimləri həyəcan təbili çalmağa vadar edir. Vəziyyət getdikcə pisləşməyə doğru dəyişir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ilk dəfə Böyük Britaniyada aşkarlanan mutasiyaya uğramış yeni variant artıq dünyanın 70-dən çox ölkəsində yayılıb.

Bundan əlavə, ilk dəfə Cənubi Afrika Respublikasında (CAR) aşkar edilən ştammın da yayılma arealı kifayət qədər genişdir. Bir həftə ərzində bu ştammın aşkarlandığı ölkələrin siyahısına daha səkkiz ölkə əlavə olunub və ümumi say 31-ə çatıb. Braziliyada rast gəlinən ştamm isə indiyədək 10-a yaxın ölkədə təsdiqlənib.

Yeni ştammların daha yoluxucu olması və ölüm hallarının çoxluğu pandemiyanın yeni mərhələsinə yol aça, koronavirus əleyhinə peyvəndlərin təsir gücünü azalda bilər.

70 faiz yoluxucu olduğu müəyyənləşən "Britaniya ştammı"nın qonşu Türkiyəyə ayaq açıb yayılması təhlükənin bir addımlığımızda olmasından xəbər verir. Artıq mövcud reallığı qəbul edib, COVID bəlasından xilas olmaq barədə ciddi düşünməyin zamanıdır.

Azərbaycan dövləti pandemiyanın ilk günündən indiyədək infeksiyanın təsirlərinin aradan qaldırılması, vətəndaşların sağlamlığının qorunması istiqamətində bütün lazımi addımları atıb, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələri təxirəsalınmadan yerinə yetirilib, zəruri qabaqlayıcı tədbirlər bu gün də davam etdirilməkdədir. Vətəndaşların həyatını bütün maraqlardan üstün tutan dövlətimizin bir çox inkişaf etmiş ölkələrin arzusunda olduğu vaksinasiya prosesinə ilklər sırasında başlaması dünyanı cənginə alan bəladan qurtulmağımız üçün böyük şansdır.

Peyvəndləmənin könüllü olmasına baxmayaraq, vətəndaşların prosesdə aktiv iştirakı ən qısa zamanda, hətta cəmi bir neçə ay ərzində normal həyata qayıtmağımızın təminatı ola bilər. Əks təqdirdə faciəvi aqibət qaçılmaz olacaq. Lakin hələ gec deyil. Seçim öz əlimizdədir. Bizim üçün yaradılan bu unikal şansdan maksimum faydalanıb, əvvəlki günlərimizə qaldığımız yerdən davam edə bilərik.

Unutmamalıyıq ki, əsrin bəlasından xilasımız vaksinasiyadan keçir. İkinci qurtuluş yolu yoxdur!

A.Rüstəmov
Azvision.az

Teqlər: Koronavirus   Vaksinasiya