Rusiya səfiri Paşinyanın rəqibi ilə danışıqlar apardı

  27 Yanvar 2021    Oxunub : 1105
Rusiya səfiri Paşinyanın rəqibi ilə danışıqlar apardı
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri Gagik Tsarukyanla görüşüb.
Azvision.az xəbər verir ki, bununla bağlı erməni KİV-ləri məlumat yayıblar.

Qeyd edilir ki, görüş zamanı bölgədə baş vermiş müharibədən sonrakı vəziyyət, Azərbaycan ərazisində saxlanılan erməni diversantların geri qaytarılması və daxili siyasi gündəmlə bağlı məsələlər müzakirə edilib.

Səfir Kopirkin Ermənistan-Rusiya münasibətlərinin inkişafı istiqamətində ikitərəfli işlərin davam etdirilməsinin, iki ölkə arasında davam edən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə yönəlmiş addımların atılmasının vacibliyini vurğulayıb. Bildirilib ki, Rusiya Federasiyası bölgədə təhlükəsizliyin əsas qarantı, Ermənistanın əvəzolunmaz strateji tərəfdaşıdır.

“Səfir Kopırkindən Qarabağdakı müharibənin dayandırılması üçün göstərdiyi fəal səylərə və çətin vəziyyətdə olan erməni xalqına verdiyi dəstəyə görə Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığımı çatdırmasını xahiş etdim”,- deyə Tsarukyan bildirib.

Xatırladaq ki, dünən ölkənin birinci prezidenti Levon Ter-Petrosyan da Rusiya səfiri ilə görüşmüşdü.

Tural Tağıyev
Azvision.az

Teqlər: Səfir   Müxalif   Qarabağ   Putin