Daha bir qanun layihəsi plenar iclasa tövsiyə olundu

Daha bir qanun layihəsi plenar iclasa tövsiyə olundu
  26 Yanvar 2021    Oxunub:1944
Yanvarın 26-da Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin yaz sessiyasında videoformatda ilk iclasına toplaşıb.
Azvision.az xəbər verir ki, iclasda 2021-ci ilin yaz sessiyası ərzində komitənin qanunvericilik fəaliyyətini və digər tədbirləri əhatə edən iş planı təqdim olunub. Komitə sədri Ziyafət Əsgərov komitənin gündəliyində olan “Hərbi qulluqçuların statusu haqqında” və “Daxili qoşunlar haqqında” qanun layihələri barədə ətraflı məlumat verib.

Bildirib ki, həmin layihələr rəy alınması üçün hələ ötən sessiyalardan müvafiq nazirliklərə təqdim olunub. 2020-ci ildə Azərbaycanın hərb tarixində baş verən mühüm hadisə - Vətən müharibəsi xüsusilə “Hərbi qulluqçuların statusu haqqında” qanuna bir sıra yeniliklərin edilməsi zərurətini yaradıb.

Yekunda yaz sessiyasının iş planı təsdiqlənib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin ilk iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinə də baxılıb. Ziyafət Əsgərov bildirib ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olan bu layihə çox humanist sənəddir, qanuna 21.1.4-1-ci maddə əlavə edilməklə “doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara - 3 ay müddətinə” birdəfəlik möhlət hüququ verilir.

Müzakirə zamanı deputatlar Aydın Mirzəzadə və Arzu Nağıyev rəy və təkliflərini nəzərə çatdırıblar.

Sonra “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda deputatlar Bəxtiyar Sadıqov, Əminə Ağazadə və Elşad Mirbəşiroğlu da iştirak ediblər.

Azvision.az


Teqlər: MM   Komitə   İclas  





Xəbər lenti