Hikmət Hacıyev: "Rasmussen hesabatına ödənişi əlavə etməyi unudub" |
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, münaqişənin silahlı fazasında Azərbaycan dəfələrlə hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirib, bu şərtlə ki, Ermənistan erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması qrafikini dərhal təqdim etsin. Lakin belə olmadı və nəhayət, noyabr ayında Şuşa şəhəri və Azərbaycanın digər əraziləri azad ediləndən sonra Ermənistan Bakının şərtlərini qəbul etməyə məcbur oldu.
Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan RF sülhməramlı kontingenti ilə “açıq dialoqu və kommunikasiyanı” dəstəkləyir, bu kontingentin nümayəndələri “öz işini peşəkar səviyyədə yerinə yetirir”. Azərbaycan Prezidentinin köməkçisi erməni hərbi əsirləri barədə sualın cavabında bəyan edib ki, noyabrın 9-da məlum bəyanat imzalanandan sonra Azərbaycanın dövlət sərhədini keçmiş 62 nəfər silahlı erməninin məqsədi Azərbaycan mövqelərinə hücum etmək idi, onlar hətta özləri ilə müəyyən texnika da götürmüşdülər. Bu şəxslər hərbi əsir deyil, onlar əsirlərin digər kateqoriyasına aiddir. Bəyanat imzalanandan sonra Azərbaycan təqribən 1200 erməni hərbi qulluqçusunun cəsədini erməni tərəfinə qaytarıb.
Prezidentin köməkçisi seminarın erməni iştirakçılarına xatırladıb ki, Birinci Qarabağ müharibəsindən sonra 4000-dən çox azərbaycanlı hələ də itkin düşmüş hesab edilir və Ermənistan bu şəxslər barədə məlumat təqdim etməlidir.
Onlayn-seminarın gedişində Hikmət Hacıyev auditoriyaya münaqişənin başlanması barədə, o cümlədən keçmiş SSRİ-nin müəyyən dairələri tərəfindən təşkil olunmuş və etnik erməni Eduard Qriqoryan kimi cinayətkarlar tərəfindən icra edilmiş Sumqayıt hadisələri barədə də məlumat təqdim edib. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və həmin ərazilərdə yenidənqurma, azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qaytarılması planı da müzakirə edilib.
Diqqətə çatdırılıb ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan ermənilər ölkəmizin tamhüquqlu vətəndaşlarıdır və Azərbaycan qanunlarının, onun Konstitusiyasının aliliyini qəbul etməyə borcludurlar.
Hikmət Hacıyev münaqişədən sonrakı dövrdə ATƏT-in Minsk qrupunun rolu barədə suala cavab verərək deyib ki, Minsk qrupu iki tərəf arasında etimadın möhkəmlənməsi tədbirlərinin müəyyən olunmasına kömək edə bilər.
Azərbaycan Prezidentinin köməkçisi sonda bəyan edib ki, Amerika şirkətləri Azərbaycanın Qarabağ regionunun infrastrukturunun bərpasına investisiyalar qoymaq və bu işlərdə iştirak etmək yolu ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və regional inteqrasiyaya öz töhfələrini verə bilər.
Azvision.az