Məcburi köçkünlər arasında sorğunun keçirilməsinə başlanılır

  25 Yanvar 2021    Oxunub : 30109
Məcburi köçkünlər arasında sorğunun keçirilməsinə başlanılır
Keçmiş məcburi köçkünlər arasında qayıdışla bağlı sorğunun keçirilməsi üçün hazırlıq işləri demək olar ki, yekunlaşıb.
Bunu Azvision.az -a eksklüziv açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib. O bildirib ki, sorğu anketi artıq təsdiqlənib.

“Məcburi köçkünlər arasında artıq sorğuların keçirilməsinə başlanılmaq üzrədir. Anket sorğular keçirilməyə başlanılanda bununla bağlı mətbuata açıqlama veriləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı məcburi köçkünlər arasında qayıdışla bağlı sorğuların keçirilməsini tapşırıb.

"Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir. Həm evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək. Özümüz-özümüzü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər - öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik. Mən tam əminəm ki, keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaqlar. Buna nail olmaq üçün dövlət əlindən gələni əsirgəməyəcək. Ancaq eyni zamanda, bizdə rəsmi məlumat olmalıdır. Ona görə bu sorğunun keçirilməsi hesab edirəm ki, bir çox suallara cavab verəcək”, - deyə dövlət başçısı çıxışında bildirmişdi.

Aytən Zəhra
Azvision.az

Teqlər: Məcburi-köçkün   Sorğu   Qayıdış