“Fərman İsmayılovun nəşi Qabona gətirilib” - Çavuşoğlu

“Fərman İsmayılovun nəşi Qabona gətirilib” -  Çavuşoğlu
  25 Yanvar 2021    Oxunub:2696
Nigeriyalı dəniz quldurları tərəfindən hücuma məruz qalmış “Mozart” gəmisindən 15 nəfər qaçırılıb. Gəmi dünən axşamdan Qabon limanına yaxınlaşıb, baxış keçirilib, təhlkəsizliklə bağlı narahatlıq yoxdur.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

XİN rəhbəri bildirib ki, bir vətəndaşımız yaralanıb, ona tibbi müdaxilə edilib.

“Vəfat edən azərbaycanlı qardaşımızın cənazəsini Qabona gətirdik, İslam qaydalarına uyğun cənazə mərasimi oldu. Qabon rəhbərliyinə təşəkkür edirik. Sabah Türk Hava Yolları cənazəni gətirəcək və Türkiyə üzərindən Azərbaycana çatdırılacaq. Prezident Rəcəb Tayyib Ərdoğan məsələni yaxından izləyir”.

Çavuşoğlu əlavə edib ki, indiyə kimi vətəndaşları qaçıran quldurlardan heç bir xəbər gəlməyib: “Nə ailələri, nə biz, nə şirkətlə hər hansı əlaqə qurmayıblar. Prosesi izləməkdə davam edirik”.

Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur. Dəniz quldurları tərəfindən qarət edilən gəmi Qabonun Gentil limanında lövbər salıb.

F.İsmayılovun nəşi yanvarın 26-da Türk Hava Yollarının uçuş reysi ilə Azərbaycana göndəriləcək. Gəmidə qalan 3 nəfər isə müalicə üçün nəzarətə alınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MövludÇavuşoğlu  





Xəbər lenti