DİN Şəmkir polisi ilə bağlı iddialara aydınlıq gətirdi

 DİN Şəmkir polisi ilə bağlı iddialara aydınlıq gətirdi
  24 Yanvar 2021    Oxunub:2688
Sosial şəbəkələrdə Şəmkir rayonunda polis əməkdaşlarının Vətən Müharibəsində dövlət bayrağını müsadirə etməsi, orduya yardım aparan şəxslərin cərimələnməsi və digər əsassız məlumatlar yayılıb.
Yayılan məlumatlarla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Azvision.az -a bildirib ki, iddialar əsassız olmaqla faktsızdır, həqiqəti əks etdirmir.

Qeyd olunub ki, Vətən Müharibəsində kimliyindən asılı olmayaraq, hər kəs kimi polis də üzərinə düşən vəzifələri ləyaqətlə, şərəflə yerinə yetirib. Kimlərsə polis haqqında əsassız iddialar irəli sürürsə, polisi bayrağa, vətəndaşa hörmətsizlikdə ittiham edirsə, həmin şəxsin xarakterində ziddiyyət var.

Şəmkir rayonunda karantin rejim qaydaları ilə bağlı, sanitar-epidemioloji normaların pozulması ilə bağlı tərtib olunan protokollara da toxunan E.Hacıyev əlavə edib ki, sosial şəbəkələrə informasiyanı ötürən şəxsin kimliyi məlumdur, o, öz qanunsuz əməllərini davam etdirmək üçün əsası olmayan məlumatlar yaymaqda maraqlıdır.

"Diqqətə çatdırırıq ki, iddiaların hər biri müvafiq olaraq yoxlanılıb, Hər hansı vətəndaşa qarşı qanunsuz inzibati tənbeh tədbiri tətbiq edilməyib", - deyə E.Hacıyev bildirib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti