2 saylı İstintaq Təcridxanasına baş çəkilib
Təcridxanadakı qadın və yetkinlik yaşına çatmayanların saxlanıldığı yerlərə baş çəkilib, mövcud şərait monitorinq edilib.
Qadınların saxlanıldığı bina ilə tanışlıq zamanı saxlanma şəraitinin daxili intizam qaydalarına, sanitar-gigiyenik qaydalara uyğun olduğu müşahidə edilib. Başçəkmə zamanı təqsirləndirilən qadınlardan birinin himayəsində azyaşlı körpəsinin olduğu nəzərə alınaraq əlavə təminat və uyğun şəraitlə təchiz edildiyi müəyyən olunub.
Yetkinlik yaşına çatmayanların saxlanıldığı kameralar yoxlanılıb, həmin şəxslərin saxlanma şəraitinin təkmilləşdirilməsinə ehtiyac olduğu müəyyən edilib.
Görüşlər zamanı Ombudsmanın səlahiyyətləri, İşgəncələrə qarşı Milli Preventiv Mexanizm mandatı, Ombudsmana müraciət etmək qaydaları, təqsirləndirilən şəxsin cinayət-prosessual qanunvericilikdən irəli gələn hüquqları barədə ətraflı məlumatlar verilib.
Saxlanma şəraitinin daha da təkmilləşdirilməsi, yetkinlik yaşına çatmayan şəxslərinin saxlanma şəraitinin yaxşılaşdırılması, o cümlədən saxlanılan şəxslərin və müəssisədə çalışan əməkdaşların COVID-19 infeksiyasına yoluxmasının qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının təlimatlarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına uyğun tədbirlərin davam etdirilməsi tövsiyə edilib.
Azvision.az
Teqlər: Təcridxana