3 medallı qəhrəman: Erməni güllələri onunla bacarmayıb – DÖYÜŞ TARİXÇƏSİ

 3 medallı qəhrəman: Erməni güllələri onunla bacarmayıb –  DÖYÜŞ TARİXÇƏSİ
  22 Yanvar 2021    Oxunub:3107
44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri də 2002-ci il təvəllüdlü Nurlan Məmmədlidir. O, 2020-ci ilin aprel ayında hərbi xidmətə yollanıb. Füzulidə N saylı hərbi hissədə xidmətdə olan Nurlan sentyabrın 27-də elə bu istiqamətdəndə döyüşlərə qatılıb.
Azvision.az -a danışan əsgər döyüşlərin ilk günlərində Füzulidə 4 erməni postunu ələ keçirdiklərini deyib:

"11 gün olardı döyüşlər davam edirdi. Orada 4 post götürmüşdük. Erməniləri məhv edirdik, onlar döyüş sursatlarını qoyub qaçırdılar. Oktyabrın 2-də atılan mərminin yaratdığı dalğanın təsirinə düşdüm. Yaralanmadım, lakin dalğa nəticəsində başım fırlandı, bir anlıq yaddaşım getdi, dilim tutuldu. Buna baxmayaraq döyüşlərə davam etdim. Çünki döyüşlər başlayanda biz demişdik ki, ölmək var, dönmək yoxdur. Məqsədimiz işğalda olan torpaqlarımızı azad etmək idi. Şəhid və yaralımız olanda çıxarırdıq, həm də irəli gedirdik. Məqsədimiz torpaqlarımızı düşmən tapdağından azad etmək idi. Mərminin dalğasından 10 gün danışa bilmədim, sözləri qırıq-qırıq deyirdim".



Daha sonra Nurlanın olduğu hərbi hissə Xocavəndin girişində 2 postu da azad edib. Lakin sonradan yenidən Füzuli istiqamətində döyüşlərə yönəldiliblər. Amma bu dəfə...

"Oktyabrın 13-ü Füzulidə “40 metrə” postunda gedən döyüşlərdə yaralımızın birini çıxardıb, döyüşlərə davam edirdim. O zaman mühasirəyə düşdük. Bölüyün şəxsi heyəti 3 qrupa bölünmüşdü, bizim qrupda 18 nəfər var idi. Orada 2 şəhidimiz oldu, mühasirədə olduğumuz üçün onları çıxarda bilmirdik. Məni də snyaperlə kürəyimdən vurdular. Güllə ürəyimə 2 mm qalmış kürəyimə daxil olmuşdu. Mənimlə yanaşı, digər əsgər yoldaşım da vurulmuşdu, lakin onun yarası mənim kimi ağır deyildi. Buna baxmayaraq, biz sürünə-sürünə qabağa gedirdik. Komandirim isə deyirdi ki, “bu halda gedə bilməzsiniz, ya əsir düşəcəksiniz, ya şəhid olacaqsınız”.



Dönmək istməsək də, komandirin əmrilə qrupun arxasına tərəf getdik. Gizir Məmmədli orada mənə ilkin tibbi yardım etdi, dəbilqəmi və qoruyucu jiletimi çıxartdı, gülləni çıxarmaq istəsə də, alınmadı. Çünki güllə dərində idi. Məni oradan kiminsə çıxardıb, şəhid olmasına isə razılıq verməzdim. Belimə sarğı qoydular və özüm tək sürünə-sürünə geri qayıtmağa çalışdım. 1 km-dən çox yolu, güllə yağışı altında sürünə-sürünə geri qayıtdım. Ərazi kolluq, dağıdılmış vəziyyətdə idi. Bir müddətdən sonra durub qaçmaq istədim, ermənilər məni görüb, yenidən atəş açdılar. Daha sonra yanıma mərmi atdılar. Bu dəfə dalğası məni zəif tutdu, 4 metr qırağa tulladı. Həmin vaxt kürəyimə qəlpə girib. Lakin birinci güllə yarası elə idi ki, qəlpəni hiss etməmişəm. Ancaq xəstəxanada mənə deyəndə bildim. Bir müddət yerdə qalandan sonra yenidən durub getdim. Səngərə çatırdım ki, bu dəfə pulemyotdan atəş açdılar. Orada yeşiklərin arxasına keçdim, başımı tutdum. Artıq sağ çıxacağıma inanmırdım. Nə qədər atsalar da, güllə tutmadı. Durub sürətlə qaçıb səngərə çatdım. Səngərin dərinliyinə düşdüm, posta çatdım. Polkovnik Sanayevin yanında artıq dizlərimdə taqət qalmamışdı və çox qan itirmişdim deyə, özümü saxlaya bilmədim, yerə yıxıldım. O, sinəmə əl atıb saxlayanda dedim ki, polkovnik sona qədər gedə bilmədiyim üçün məni bağışlayın. Dedi, “əsgər, biz səninlə fəxr edirik, sən sona qədər döyüşdün”. Su istəyirdim, lakin qanaxma sürətlənməsin deyə, vermirdilər. Əlinə su töküb, üzümə vurdu. Sonra huşumu itirdim, ayılanda artıq Füzuli rayon xəstəxanasında idim, orada əməliyyat olunmuşdum, güllə çıxarılmışdı".



Nurlanı oradan Beyləqan xəstəxanasına köçürdülər. Orada qəlpəni çıxardıblar. Daha sonra Hərbi Hospitala göndərdilər. Orada 4 gün qalandan sonra Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyə Klinikasına aparıblar. Orada tikişləri sökülüb, yenidən əməliyyat olunub. Bir müddətdən sonra komissiya göndərilib, məzuniyyət yazılıb, evə buraxılıb.

18 gün döyüşlərdə olan Nurlan 3 medalla təltif edilib: “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü”.

Hazırda Nurlanın səhhətində müəyyən problemlər qalır: “Sol qolum başıma çatmır. Bir işi görəndə sol əlimlə heç nə edə bilmirəm. Adicə öz yatdığım yeri yığa, gödəkçəmi özüm geyinə bilmirəm. Yaralandığım gündən bu günə qədər ancaq sağ qolum üstə yatıram. Bir az artıq gəzəndə başım ağrayır, gözüm qaralır. Başım səs götürmür, televizorun və ya insanların səsi gələndə dayana bilmirəm, hər kəslə dalaşmaq istəyirəm”.

Ümdi edirik ki, qəhrəman əsgərimizin sağlamlığının tam bərpası üçün lazım olan bütün addımlar yaxın vaxtlarda atılacaq.



Aytən Zəhra
Azvision.az


Teqlər: Vətən-müharibəsi   Əsgər  





Xəbər lenti