20 Yanvar faciəsi haqda məqalə ABŞ mediasında

  20 Yanvar 2021    Oxunub : 1460
20 Yanvar faciəsi haqda məqalə ABŞ mediasında
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Qara Yanvar faciəsi haqda yazdığı məqalə yanvarın 19-da ABŞ-ın “Medium” onlayn media platformasında dərc edilib.
Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş Konsulluğundan Azvision.az -a bildirilib ki, məqalədə baş konsul 31 il əvvəl - 1990-cı il yanvarın 20-də 26 minlik sovet ordusunun Bakı şəhərinə hücum etdiyini, qadın, uşaq və qocalar da daxil olmaqla, dinc əhaliyə qarşı qırğınlar törətdiyini qeyd edib. O, Qanlı Yanvar faciəsindən öncə regionda baş verən proseslərə işıq salır.

N.Ağayev 1987-ci ildə Ermənistanda azərbaycanlılara qarşı poqromların başlandığını, Yerevan rəsmi dairələrinin dəstəyi ilə erməni quldurlarının azərbaycanlılar məskunlaşan kəndlərə hücum edərək yüzlərlə azərbaycanlını qətlə yetirdiyini diqqətə çatdırır. O, bunun ardınca azərbaycanlıların kütləvi şəkildə Ermənistandan köçürülməsi prosesinin başlandığını və nəticədə 250 mindən çox azərbaycanlının Ermənistandakı öz doğma yurdlarından qovulduğunu yazır. Həmçinin, eyni vaxtda, Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları qaldırdığını bildirir.

Baş konsul bütün bu ədalətsizliklərin və SSRİ rəhbərliyinin ermənipərəstliyinin Azərbaycanda ciddi ümumxalq etirazlarına səbəb olduğunu və kütləvi nümayişlərə gətirib çıxardığını, bu nümayişlərin də tezliklə milli azadlıq hərəkatına çevrildiyini vurğulayır.

Müəllif bu hərəkatdan ciddi narahatlıq keçirən SSRİ rəhbəri Qorbaçovun Bakıya qoşun yeridərək mülki insanları öldürməklə Azərbaycan xalqını qorxutmaq məqsədi güddüyünü, ancaq bu məqsədinə nail ola bilmədiyini yazır. Faciədən dərhal sonra, komendant saatı tətbiq olunmasına baxmayaraq, milyondan artıq azərbaycanlının Bakı küçələrinə axışaraq faciə qurbanlarını yad etdiklərini və bu vəhşi cinayəti qətiyyətlə pislədiklərini bildirir.

Baş konsul Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin faciədən sonra Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinə gələrək hadisəni kəskin şəkildə qınadığını və Heydər Əliyevin nümayiş etdirdiyi bu qətiyyətli mövqeyin Azərbaycan xalqını daha da ruhlandırdığını və faciədən qısa müddət sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğunu bildirir.

N.Ağayev məqalədə, həmçinin Azərbaycanın müstəqillik tarixi, ölkəmizdə mövcud olan dinlərarası harmoniya və multikulturalizm ənənələri haqda yazır.

Baş konsul bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi dinamiklik və siyasi sabitliyin hökm sürdüyü önəmli geosiyasi gücə çevrildiyini bildirir. O, iqtisadi gücünə görə Azərbaycanın Cənubi Qafqazda və keçmiş Sovet İttifaqı ölkələri içərisində ən güclü dövlətlərdən biri olduğunu, yüksək strateji önəm daşıyan qitələrarası enerji və nəqliyyat layihələri həyata keçirdiyini vurğulayır.

N.Ağayev, həmçinin ötən il Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edildiyini qeyd edərək, gündən-günə qüdrətlənən Azərbaycanın gələcəyə böyük əminliklə baxdığını bildirir.

Azvision.az

Teqlər: ABŞ