Ceyhun Bayramov TÜRKSOY-un baş katibi ilə görüşdü
Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü bərpa etdiyi və BMT TŞ qətnamələrinin icrasının təmin olunduğu, 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanması ilə bölgədə yeni reallığın meydana gəldiyi, eləcə də Azərbaycanın imzalanmış bəyanatlarla üzərinə götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşdığı qarşı tərəfin diqqətinə çatdırılıb.
Ermənistan tərəfinin isə 10 noyabr birgə bəyanatına zidd olan əməllərinə diqqət yönəldilərək, bu xüsusda Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərlərin həyata keçirilməsi, eləcə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində erməni terrorçu-diversiya qrupunun üzvləri tərəfindən Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı terror aktlarının törədilməsi qeyd olunub. Saxlanılan diversiya qrupunun 62 üzvünün atəşkəsin əldə edilməsindən sonrakı dövrdə diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün bu şəxslər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir hesab edilmədiyi və Azərbaycan cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı qarşı tərəfin diqqətinə çatdırılıb.
İşğaldan azad edilmiş ərazilərdə hazırda Azərbaycan tərəfindən həyata keçirilən bərpa və yenidənqurma işlərindən bəhs edən nazir bu layihələrin bölgənin gələcək rifahına xidmət etdiyini vurğulayıb.
Baş katib Bağdad Amreyev Azərbaycana edilən səfər çərçivəsində işğalda azad edilmiş torpaqlara baş çəkdiklərini və oradakı vəziyyətlə tanış olduqlarını qeyd edərək, bu ərazilərin bərpasına türk əməkdaşlıq təşkilatlarının cəlb olunması marağını ifadə edib. Azərbaycanın haqq mövqeyinə bir daha dəstəyini bildirən Baş katib Azərbaycanın qələbəsinin bütün türk dünyasını birləşdirən qələbə olduğunu qeyd edib.
Türk Şurası, TÜRKSOY və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirakı, o cümlədən Şuşa şəhəri ilə bağlı gələcək planları ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı, həmçinin Tük Şurası çərçivəsində gələcək əməkdaşlıq perspektivləri, qarşıdan gələn görüşlər ətrafında müzakirələr edilib.
Azvision.az
Teqlər: CeyhunBayramov